Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Sentyabr 2016

Bildiyimiz ən pis şey…

Yalçın İmanovu daha yaxından “Nardaran işi” məhkəməsində tanımışam. Vəkillik və ümumən işinə duyğularını qatan birinin bunu necə idarə etməsini hər zaman mənə maraqlı gəlib. Məsələn, mən praktik siyasəti seçmədim, çünki belə olarsa, duyğularımdan taviz verəcəkdim. Çünki siyasətə duyğu qatanda hər şey çıxmaza girir.

Qorxdum!

Bəlkə ona görə ki, yaşadığım ölkə siyasətə duyğular qatıldığından çox böyük bəlalar yaşayıb?!

Ya vəkillik,bu işə duyğu qatmaq necə olurmuş?

Öyrəndim. Yalçın İmanovun “Nardaran işi” məhkəməsində hər dəfə qarşılaşdığı haqsızlıq və işgəncə faktlarından sonra çəkdiyi siqaretin tüstüsünü dərindən sinəsinə çəkdiyini müşahidə edəndə öyrəndim…

Və bildim ki, vəkilin əslində, həmin anda çəkdiyi siqaret deyil. Heç onun tüstüsü də… Həmin tüstüdəki tütün qoxusunu da yəqin hiss etmirdi. Hiss etdiyi əzab və bəlkə də bir az carəsizliyin, melanxoliyanın qoxusu, dumanı və ya özü idi?!…

Taleh Bağırzadə əqidədaşı Fərahimini döyülərək öldürüldüyündən, dünyasını dəyişən adamın son anda onun adını pıçıldamasından danışanda kövrəlmişdi. Sarsılmışdım. Tək mənmi? Çox adam…

Amma hər kəs öz duyğularını fərqli çalarlarda yaşayır əlbət… Birini əldən salan kədər bir başqasını daha da mübariz edir. Yalçın bəyə gəldikdə isə o, öz sarsıntısını bir başqa yaşadı yəqin. Və o bu sarsıntını kiçik bir yazıya tökməyi başara bildi. Mənsə bacara bilmədim. Əslində, iki yazı yazdım o pıçıltıya… Taleh Bağırzadənin ruhundan qopub qəhərə çevrilən o pıçıltının dəmir barmaqlıqlar arasından sivişib hamımızın ruhuna hopan KƏDƏRinin və Böyük HÜZNünün melodiyasını yazmaq istədim, amma alınmadı. Ya da bəlkə nə yazdımsa, o qəhərin melodiyasından qanıma qarışan kədərdən əskik gəldi mənə…

Mən bir not qəzəb, bir not kədər, bir not hüzün və bir not da acizliyin sinfoniyasını yaza bilmədim.

Yalçın bəysə qəlbinin notlarını o əzgiyə kökləyə bildi. Mənim barmaqlarımsa klavyaturanın üzərində nə qədər gəzişib kədər notlarına toxunsa da, yaratdığı həmin anda yaşayıb hiss etdiklərimdən əskik, kiçikdir.

Ruhumdakı göynərtini damarlarımdakı yanğısını hiss etdim uzun müddət…

Və o göynərtini bu səhər yenə hiss etdim. Yalçın bəyin “Ən pis şey” yazısını oxuyanda….

Bu dəfə sanki kədər segah üstə köklənmişdi.

Uzun-uzun və həzin…

Yalçın bəy yazmışdı, kimsə demiş ki, ən pis şey həqiqəti bilməkdir.

Ən pis şey həqiqəti bilmək deyil.

Əsla! Kim demiş bunu Yalçın bəy!?

Ən pis şey bildiyin həqiqəti özündən gizlətməkdir.

Ən pis şey həqiqəti bilmək deyil.

Ən pis şey cavabını bildiyin suallara cavab aramaqdır.

Ən pis şey həqiqəti bilmək deyil.

Ən pis şey “niyə?” sualına cavab axtarıb aldığın cavabı eşitməmək üçün qulaqlarını tıxamaqdır.

Ən pis şey həqiqət deyil!

Ən pis şey mücərrədlikdir.

Həqiqət öldürmür. Yıxır…

Mücərədklik öldürür.

Çünki “niyə?”lər insanın ruhunu, beynini, qəlbini gəmirir, ən yaxşı halda onu həbs edir.

Həqəqətsə hər zaman üzləşdiyin anda yıxır, amma bu yıxımın qüdrətli qalxışı da var.

Bu qaçınılmazdır. Həqiqəti bildiyin anda sənin ruhunda elə bir əzm marşı çalınır ki, yalana meydan oxuyursan.

Amma bildiyin həqiqətdən qaçışda acizlik var…

Qaça, amma qurtula bilmədiyin bir acizlik…

Və acizliyin qüdrətli marşı olmur. O insan qəlbində sinsicə yuva qurub Böyük əməllərin yerini kiçiklər üçün tərk edir.

Həmişəlik!

Və bu elə bir acizlik ki, ölüm belə onun qarşısında acizdir.

Bir heçdir.

Kim demiş axı ən pis şey həqiqəti bilməkdir.

Bizim bildiyimiz ən böyük həqiqət nədir?

Ölüm…

Amma bizi öldürən ölümmü?

Bizim bildiyimiz ən pis şey Ölümmü?

İnsanlığımızı öldürən ölümmü!Yox!

Bizi öldürən ölüm deyil.

Biz ölənə qədər ölürük!

Bəzənsə ölü doğuluruq.

Çünki biz bir yalanıq!

Bizi yalan öldürüb…

Və bəlkə də…, bəlkə də elə bizim ən böyük həqiqətimiz yalandır.


Zümrüd Yağmur/azadlıq


1130 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
14.09.19, 13:22
Ruhani Türkiyəyə gedir
Go to TOP