Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Sentyabr 2016

Rus diplomatından ABŞ-a “həya”lı təklif: “Anlamaq üçün Suriyaya get!”

“ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Samanta Pover “həya” sözünün mənasını dərk etmək üçün Suriyaya getməlidir”.

Bu sözlərlə ABŞ diplomatına əxlaq dərsi verməyə çalışan şəxs Rusiya Xarici İşlər Nazirliyi sözçüsü Mariya Zaxarovadır.

Zaxarovanı əxlaq dərsi keçməyə vadar edən isə Samanta Poverin onu utanmağa çağırması olub. Belə ki, rus diplomat bir müddət öncə ABŞ təyyarələrinin Əsəd ordusuna məxsus hərbi bazanı bombardıman etməsini İŞİD-ə verilən dəstək kimi qiymətləndirmişdi. Samanta Pover isə bu ittihama sərt cavab verərək bildirmişdi ki, ABŞ-ın İŞİD-i dəstəklədiyini söyləyənlər utanmalıdırlar: "Çünki İŞİD-in kökünü qurutmaq üçün 67 ölkədən ibarət koalisiyaya biz rəhbərlik edirik. Bizim sayəmizdə İŞİD öz nəzarəti altında olan bölgələrin 40%-ni itirib”.

ABŞ diplomatının bu özündənrazı tövrünə Zaxarovanın cavabı özünü çox gözlətməyib. O, özünün facebook səhifəsində paylaşdığı statusla yazıb: "Hörmətli Samanta Pover, “utanmaq” sözünün nə anlama gəldiyini anlamanız üçün Suriyaya gedib insanlarla danışmanızı tövsiyə edirəm. Yalnız əl- Nusralılarla, "mötədil müxaliflər"lə deyil… Gedib Vaşinqtonu narahat edən “humanitar yardımlarla” əlaqədar suriyalıların fikrini soruşun. Vaşinqtonun aktiv şəkildə rol aldığı, 6 illik qanlı təcrübəyə baxmayaraq, orada yaşayan insanlarla danışın… "

Statusunda daha sonra Suriyadan Rusiyaya reabilitasiya üçün gələn yetim uşaqlar, müxalifət nümayəndələri və jurnalistlərlə mütəmadi görüşdüyünü ifadə edən Zaxarova ABŞ-lı həmkarını reallığı öyrənmək üçün bu ölkəyə edəcəyi səfərin yol pulunu ödəməyi də öz boynuna götürüb:"Tövsiyəmizi yerinə yetirməkdən qorxmayın. Mənimlə birlikdə getsəniz, sizə heç kim toxunmaz. Sizinkilər yenə "səhvən" bizim olduğumuz yeri bombalamazsa, təbii… Bu səfər həm siz üçün hər zaman xatırlayacağınız bir təcrübə olar, həm də şəxsən “həya"nın nə demək olduğunu anlayarsınız".

Zaxarovanın ABŞ-ın “səhvən” haranısa bombalamasından danışması da səbəbsiz deyil. Xatırladaq ki, 2 gün öncə ABŞ təyyarələri Suriyanın Deyr üz-Zor hərbi bazasını bombalamış və 62 Suriya əsgərinin ölümünə, yüzdən artıq hərbi qulluqçunun yaralanmasına səbəb olmuşdu. Daha sonra rəsmi Vaşinqton açıqlama verərək bunun bir qəza və səhvən hədəfdən yayınma olduğunu bildirmişdi./strateg/


331 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
14.09.19, 13:22
Ruhani Türkiyəyə gedir
Go to TOP