Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Oktyabr 2016

Konstitusiya maşınında səyahət

Ruslarda bir təzə təhsil naziri var, təklif edib ki, məktəbləri uşaqların yığışdırması, silib-süpürməsi qanuna salınsın. Şimalda kimsə asqıranda bizim yapistlər adətən burda qrip olurlar, bu baxımdan ümid edirəm həmin təklifin bənzəri tezliklə Azərbaycanda da ortalığa atılacaqdır. Uşaqlar əmək təliminə, zəhmətə alışmalıdır. Hələ yaxşı olar məktəbin təmiri, suvaq, hörgü, qum qarışdırmaq, dam qayırmaq kimi işlər də məktəblilərə həvalə edilsin, onsuz böyüyüb lap 700 bal yığsalar da axırda qul bazarında dayanırlar.

Təzəlikcə referendumda səslər sayılanda Məzahir müəllim bir göstəricidə 100 faizdən çox nəticə əldə eləmişdi, uca millətimiz o vaxtdan bəri başını qaşıyırdı ki, görəsən əhvalat necə olubdur. Oxuculardan Əlisgəndər Salamov məncə sirri çözübdür, məktub yazıb: “Ola bilsin həmin artıq faiz seçkini müşahidə eləməyə gələn xaricilərin səsləridir”. Doğrudan da bu referendumda Amerikadan, Fransadan, Tacikistandan xeyli müşahidəçi gəlmişdi, onlar bizim konstitusiya reformamıza baxıb ağızlarının suyunu axıtdılar. Görünür bəzilər dözə bilməyib, deyib, mənə bülleten verin, o mənsiz qalıb! Misal üçün, ABŞ Dövlət Departamentinin referendum haqda bəyanatını oxuyanda hiss edilirdi ki, Barak Obama özü şəxsən gəlib bu dəyişikliklərə səs vermək arzusundaymış, imkan olmayıb, çünki bu saat orda prezident seçkisi eləmək istəyirlər, bizim uyğun təcrübəmizi öyrənirlər.

Şənbə günü Ədəbiyyat Muzeyimizə getmişdim, orda müasir ədəbiyyat zalında şair Qabilə hədiyyə edilmiş arağın butulkasını görəndə mədəniyyətimizin inkişafına sevindim. Bu da referendum nəticəsində olubdur. Başqa cür mümkün deyildi. Soruşa bilərsiniz axı Qabil bəy çoxdan ölüb, o araq butulkası da referendumdan neçə il qabaq boşaldılıbdır, bu necə olur? Demək, sizin dünyagörüşünüz zəifdir. Bizim ölkədə zamanı qabaqlamaq adi haldır. Hətta universitet müəllimləri zamanı qabaqlayır, gəl gör xalq şairi olsun. Misal üçün, bu günlərdə aşkara çıxdı, BDU konstitusiya hüququ kafedrasında dərs deyən Sübhan adlı müəllim bir dərslik yazıbmış, orda referendumun nəticələri göstərilibdir. Kitab isə referendumdan qabaq çap olunubmuş! Bəlkə də BDU-da Abel müəllimin nanotexnologiya kafedrasında zaman maşını kəşf edilib, gələcəyə uçurlar. Elə müəllimin adındakı “sübh” hissəsi onun sabahı görməsinə dəlalət edir.

Sonda bizim korrupsiya ilə mübarizəmiz üçün çox uyğun gələn bir pritçanı yazım.
“Bir gün hansısa məmurun 130 milyon manat rüşvət alması ortaya çıxır. General yığır işçiləri soruşur:

- Hə, yoldaş zabitlər, o 130 milyonun işi gedirmi? Vəziyyət necədir?
Zabitlər xorla deyirlər:
- Yoldaş general, tamamilə doğrudur, 115 milyon manat tapılıb, əşyayi-dəlil olaraq qeydiyyatdan keçirilib, şahidlər var.
General:
- Yaxşı, aydındır. Bəs prokuror bu 95 milyon haqda nə deyir?
Prokuror üzünü hakimə tutub deyir:
- Yoldaş hakim, 73 milyon manat külli miqdarda rüşvət sayılır, elə deyilmi?
Hakim deyir:
- Sən niyə düşünürsən ki, 61 milyon manat külli miqdardır? Hətta vəkil təkid edir müttəhimi ev dustaqlığına buraxaq.
Vəkil:
- Tamamilə düzdür! Ortada 50 milyon iddiası varsa bizim qanunvericiliyə görə adamı pul girovu ilə buraxmaq mümkündür. Ancaq bunu gərək müstəntiqlər müəyyən eləsin.
Müstəntiqlər:
- İndi biz 5-6 milyona görə hələ cinayət işi açıb araşdırma aparmalıyıq? Qoy o, şahid kimi qeydə alınsın.
Şahid:
- A kişilər, mən bu 100 min manatı ilk dəfədir görürəm!
General:
- Lap yaxşı. Başqa sözü olan yoxdursa iclası bağlayaq".

Z.Hacı/musavat


943 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
08.07.19, 11:01
Braziliya çempion oldu
07.07.19, 10:23
Trampı lağa qoydular
Go to TOP