Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Oktyabr 2016

“Nardaran işi”nə görə həbsdə olan keçmiş hicab məhbusu Əliyevə nə yazıb?

“Bizdən tələb olunurdu ki, Taleh Bağırovun üzünə duraq, onun silahlı qrup yaradıb dövlət çevrilişi təşkil etdiyini deyək”

“Xalq arasında Sizi hörmətdən salan polisin qanunsuz əməlinə və prokurorluğun nəzarətsizliyinə son qoyulmasını təmin edin”

Keçmiş hicab məhbusu, Nardaran hadisələrindən sonra yenidən həbs olunan Nahid Qəhrəmanov dövlət başçısı İlham Əliyevə müraciət edib. O, müraciətində günahsız həbs olunduğunu vurğulamaqla yanaşı, Müsəlman Birliyi Hərəkatının sədri, ilahiyyatçı Taleh Bağırzadənin əleyhinə ifadə vermələri üçün məruz qaldıqları işgəncələrdən, Nardaran hadisələri barədə cəmiyyətə həqiqəti əks etdirən məlumatların çatdırılmamasından da bəhs edir.

Nahid Qəhrəmanov yazır: “5 oktyabr 2012-ci ildə hicabla bağlı qadağalara görə Təhsil Nazirliyi qarşısında keçirilən etiraz aksiyasında iştirak etdiyim üçün 4 il azadlıqdan məhrum edilmişəm. 30 dekabr 2014-cü il tarixli əfv fərmanı ilə cəzanın qalan hissəsindən azad edilmişəm. Cəmiyyətdə olan nüfuzlu dindarlarla bir araya gələrək, 14 yanvar 2015-ci ildə “Müsəlman Birliyi Hərəkatı” adlı ictimai birlik təsis etdik. Bu ictimai birliyi yaratmaqda məqsədimiz dini radikalizmin, gənclərimizin başqa ölkələrə gedərək silahlı birləşmələrə qoşulmasının qarşısının alınması, insanların düzgün şəkildə İslam dini haqda maarifləndirilməsini təmin etmək idi. Bu niyyətlə mən Ədliyyə Nazirliyinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinə fevral ayında müraciət edib, birliyi qeydiyyatdan keçirmək istədim. Lakin sənədlərdə hansısa çatışmazlıqları bəhanə edərək, müraciətimi təmin etmədilər. Bir müddət sonra KİV-dən Nardaran qəsəbəsində silahlı qarşıdurma haqda məlumat aldım. Bunun nəticəsində hər iki tərəfdən qardaş qanı tökülmüşdü. Həmin hadisələrdə həlak olan Rəfaeli şəxsən tanıyırdım. Hadisədən bir həftə sonra onun ailəsinə başsağlığı vermək üçün Nardarana getdim, yas mərasimində iştirak etdim. Təqribən günorta saatlarında polis əməkdaşları məni getdiyim ünvanda saxlayıb Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə apardılar. Orada işgəncələrə məruz qaldım, odlu silahın mənə məxsus olması barədə sənədlərə qol çəkməyəcəyim təqdirdə yas sahiblərinin evindən çıxdığım üçün onları da cinayət məsuliyyətinə cəlb edəcəklərini mənə bildirməklə şantaj etdilər. Teyyub adlı polis əməkdaşı qardaşımın tutulduğunu və sənədlərə qol çəkməyəcəyim halda, onu da cinayət məsuliyyətinə cəlb etməklə məni hədələyirdi. Bundan sonra yanımdakı dindarlara mənəviyyatımıza zidd şəkildə təzyiq etdiklərinin şahidi oldum. Məndən və həmin şəxslərdən tələb olunurdu ki, Taleh Bağırovun üzünə duraq, onun silahlı qrup yaradıb dövlət çevrilişi təşkil etdiyini deyək. Heç vaxt odlu silahım olmayıb və dövlət çevrilişinə cəhd etməmişəm. Heç bir silahlı qrupa daxil olmamışam. Polislərin qanuni tələblərinə tabe olmuşam. Buna görə də mənimlə bağlı qondarma ittihamlara etiraz etmişəm və edəcəm də. Hesab edirəm ki, Nardaran hadisələri ilə bağlı tragikomediyanın nəticəsi olan əsassız ittihamların icraatına xitam verilməlidir. Cəmiyyətə bununla bağlı həqiqəti əks etdirən məlumatlar çatdırılmalıdır. Qeyd olunanları nəzərə alaraq, xahiş edirəm, xalq arasında Sizi hörmətdən salan polisin qanunsuz əməlinə və prokurorluğun nəzarətsizliyinə son qoyulmasını təmin edəsiniz”.


441 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
18.08.19, 12:22
Şoyqu ABŞ-ı təhdid etdi
Go to TOP