Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Oktyabr 2016

Qəddar rejimlər Kərbəla müsibətinin mahiyyətini niyə gizlədir?

Müsəlman Birliyi Hərəkatının üzvü, Nardaran işi üzrə həbsdə olanlardan Abbas Hüseyn 1400 il əvvəl baş vermiş Kərbəla müsibətinin səbəbləri, bu haqda gerçəklərin cəmiyyətə çatdırılmasının qarşısının alınması, hazırda ölkəmizdə baş verən haqsızlıqlar barədə yazır:

***

Müsəlmanlar keçmiş acı və xoş xatirələri xatırlamaq və xatırlatmaqla dinimizin insan həyatındakı rolunu önəmsəyirlər. Bizim üçün çox acı günlərdən biri də əziz İslam Peyğəmbərinin sevimli nəvəsi Həzrəti Hüseynin (ə) şəhadətə yetişdiyi gündür. Uzun illər bu hadisənin başvermə səbəbləri barədə söhbətlərin qarşısı alınıb. Çar Rusiyası və Sovet hakimiyyəti dövründə bu barədə söhbətlər qadağan idi. O dövrün hakimiyyəti insanlara bu hadisənin nağıl və ya iki qohumun hakimiyyət uğrunda döyüşü kimi təqdim etməyə çalışırdı. Və bununla da hadisənin həqiqi mahiyyətini gizlədirdilər.

Tarixi hadisələrin təhlili göstərir ki, o zaman mövcud olan Bəni Üməyyə hakimiyyəti insanlara zülm edir, onlarla amansız davranırdı. Həmçinin, cəmiyyətin, insanların haqqını qoruyub, ədalət tələb edənlərə qarşı güc göstərib, zorakılıq edirdilər. O zaman Bəni Üməyyə hakimiyyəti İslamın gerçək mahiyyətini təhrif edərək, onun zülm və haqsızlıqlarıyla barışmayan, Allah, ədalət, mərhəmət uğrunda mübarizə aparan Əhli-Beyt aşiqlərini təzyiqlərə, sürgünlərə məruz qoyurdu.

Çox təəssüf ki, bu gün də ölkəmizdə bənzər olaylar yaşanmaqdadır. İnsanların hüquq və azadlıqları kobud şəkildə pozulur. Bu gün də insanların haqqını yeyən, onları özünün soyğunçuluq ehtirasının qurbanına çevirən, İlahi Ədaləti heçə sayıb, ölkə qanunlarını tapdalayan iqtidar məqsədli şəkildə Aşura hadisəsilə bağlı gerşəkləri gizlətməyə, təhrif etməyə çalışır. Mövcud hakimiyyət Aşuranın əsl mahiyyətinin aşkara çıxmasını istəmir. Məhərrəm ayında məscidlərdə Aşura gününün mahiyyəti və gerçək səbəblərinin təbliği, Hz.Hüseyn (ə) hərəkatı-mübarizəsi barədə həqiqətlərin çatdırılmasına imkan verilmir. Bununla da Azərbaycan iqtidarı Yezid hakimiyyətinin mənəvi varisi olduğunu göstərir. Çalışır ki, İmam Hüseyn (ə) məktəbinin zülmə, haqsızlığa etiraz, ədalət və azadlıq uğrunda mübarizə düşüncəsi kimi tarixi mirasının ölkəmizdə bərqərar olmasının qarşısı kəsilsin. Amma anlamırlar ki, yaşadığımız dünyada Allah bu məktəbin təbliğini haqqın tərəfdarları olan müsəlmanlar vasitəsilə onsuz da həyata keçirir və bunun qarşısını almaq mümkün deyil.

Əziz haqq sevərlər! Tarixə nəzər salmağınızı istəyirəm. 1400 il bundan əvvəl Kərbəla müsibəti niyə baş verib? Bu haqda bir daha düşünək. 70 il ərzində ölkəmizi müstəmləkə altında saxlayan Sovet hakimiyyəti xalqımızın ziyalılarını, alimlərimizi, dövlətimizin müstəqilliyi üçün öz canından və azadlığından keçən fədakar insanlarımızı repressiya etməklə, bizi fiziki və mənəvi soyqırıma məruz qoydu. Çətinliklə əldə olunan müstəqillikdən sonra milli hökumətin ömrü qısa çəkdi. Bir ildən sonra qiyam yolu ilə milli hakimiyyət devrildi, ölkədə sülalə hakimiyyəti yaradıldı. Əliyevlərin hakimiyyətə gəlişindən sonra insanların hüquq və azadlıqları tapdalandı, ölkənin sərvətləri talandı, məmur özbaşınalığı, korrupsiya dövlət siyasətinə çevrildi, öz haqqını tələb edənlərə qarşı zorakılıq, repressiyalar adi hal oldu. Söz azadlığının, müstəqil düşüncələrin qarşısını almaq üçün insanları şərləyib həbsxanalara salanlar, əllərini günahsız insanların qanına batıranlar özlərindən əvvəlki sələflərinin yolu ilə gedirlər.

YAP hakimiyyəti yaxşı bilir ki, Hüseyn (ə) məktəbinin məzunları torpaqların işğalı kimi, ölkəmizin daxilindəki çirkinliklərin də qarşısını alacaq, milli-mənəvi dəyərlərin, insanların haqqının qorunması, pozulan hüquqların bərpası üçün hər zaman meydanlarda olacaqlar. Sonu əbədi zindan və şəhadət olsa belə, diktatura rejimləri ilə mübarizə aparacaqlar.

Əslində, Məhərrəm ayında keçirilən məclislərin mahiyyəti Hz.Hüseynə (ə) matəm tutmaq deyil, onun əqidəsinə qoşulmaq, öz dövrünün zalımlarına qarşı qorxmadan etiraz edib, mübarizə aparmaqdan ibarətdir.

Abbas Hüseyn


977 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
18.08.19, 12:22
Şoyqu ABŞ-ı təhdid etdi
Go to TOP