Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Oktyabr 2016

Akif Çovdarov içəridə özünü necə öldürə bilər?

Ekspert: “Son zamanlar o, hüquqi, və məntiqi baxımdan gülünc bəyanatlar verir”

Hazırda 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan, ləğv edilmiş MTN-in həbsdəki generalı Akif Çovdarovun özünə qəsd etməməsi üçün ona ciddi nəzarət edilir. Bu barədə məlumatı A. Çovdarovun vəkili Kamandar Nəsibov yayıb.

K. Nəsibovun sözlərinə görə, Akif Çovdarov ona deyib ki, həm Penitensiar Xidmət, həm də Ədliyyə Nazirliyinin Tibbi Baş İdarəsinin rəhbərliyi onun səhhətinin kəskin dərəcədə ağır olduğunu və hər an ölə biləcəyini çox gözəl bilir: “Yeganə nəzarətdə saxlanılan məsələ mənim özümə qəsd etməyim və ya xəsarət yetirməyimlə bağlıdır. Nəzarət edirlər ki, buna imkan verməsinlər. Bu səbəbdən də daim təcridxananın əməkdaşları tərəfindən nəzarətdə saxlanılıram”, - deyə Çovdarov vəkilinə bildirib.

Bəs Akif Çovdarov içəridə özünə necə qəsd edə bilər, bundan ötrü onun hansısa imkanı varmı?

Bəllidir ki, hər il dünyada minlərlə insan intihar etməklə öz həyatına son qoyur. Lakin azadlıqdan fərqli olaraq, təcridxanada vəziyyət başqadır. Belə ki, təcridxanada saxlanılan şəxsin özünə xəsarət yetirməsinin qarşısını almaq üçün bütün məsələlər incəliklərinə qədər düşünülüb. Bununla belə, həbsxanada da canına qəsd etmək istəyən insanlar az deyil. Onlar əksər hallarda ya başlarını divara vururaq, ya da müxtəlif növ kəsici vasitə ilə həyatlarına son qoyurlar.

Bu barədə “Yeni Müsavat”a danışan sabiq polis rəisi Mahmud Hacıyev bir sıra məqamlara toxundu. M. Hacıyev bildirdi ki, generala nəzarət, normalda sıravi dustaq üzərindəki nəzarətdən fərqli olmalıdır: “İlk olaraq onu deyim ki, özünü öldürmək istəyən adam bunu bir yol tapıb edir. Yəni bunu o, öncədən elan etmir. Həbsxana, təcridxana işçilərini buna görə günahlandırmaq da olmaz. Sadəcə olaraq, əgər intihar hadisəsi və ya buna cəhd baş verirsə, xidməti təhqiqat aparılır. Təhqiqat əsasında onun nə ilə və necə intihar etməsi məsələsi araşdırılır. Bütün bu təhqiqatların nəticəsindən sonra rəhbərlik səviyyəsində ölçü götürülür. Bu hadisənin qarşısını almaq mümkün idimi, intihar predmeti orada olmalıydımı və digər bu kimi halların hamısı araşdırılır. Təhqiqat sonunda yazılan rəyin müzakirəsi zamanı məlum olsa ki, intiharın qarşısını almaq mümkünmüş, o zaman təcridxananın işçiləri inzibati qaydada cəzalandırılır. Hətta onların günahı daha çoxdursa, orqandan xaric edirlər. Belə hallar olub”.

Ekspertə görə, Akif Çovdarov həqiqətə uyğun olmayan açıqlamalar verir: “Ümumiyyətlə, Akif Çovdarov kimi dustaqlara qarşı xüsusilə nəzarət gücləndirilir. Akif Çovdarov son zamanlar hüquqi, məntiqi baxımdan gülüş doğuran bəyanatlar verir. Bir dəfə də bəyanat verdi ki, agentura şəbəkəsinin kimlərdən ibarət olduğunu açıqlayacam. Heç onların agentura şəbəkəsi mövcud deyil. Eldar Mahmudov və onun dəstəsi MTN-in məxfi əməliyyat şəbəkəsini məhv elədilər. Əgər onlar bunu iflic ediblərsə, hansı şəbəkədən söhbət gedir? İndi də deyir ki, içəridə mənə nəzarət edirlər ki, özümü öldürməyim. Aydın məsələdir ki, bu adam pis-yaxşı general olub. Hazırda da məhkəmə prosesi gedir. Onun üzərində təbii ki, nəzarət olmalıdır. Xuliqanlığa görə saxlanılanla Akif Çovdarov üzərindəki nəzarət eyni ola bilməz”.

1 il 6 ay Bakı İstintaq Təcridxanasında saxlanılan jurnalist Əvəz Zeynallı da oradakı vəziyyətlə bağlı danışdı. O da bildirdi ki, bir adam istərsə, hər yerdə özünü öldürə bilər: “O cümlədən Kürdəxanıda. Ancaq təbii ki, orada sistem elədir bir az nəzarət olarsa, özünü öldürmə imkanları minimuma enir. Çünki hər kameranın nəfəsliyi var və oradan 24 saat nəzarət olunur. Eyni zamanda təbii ki, Akif Çovdarov otaqda tək qalmır. Yəni onun otaq yoldaşları da intihar etməsinə mane ola bilər. Lakin özünü öldürmək istəyən adamın da qarşısını almaq olmaz. Gecə yatanda damarını dişi ilə kəsər, qanını axıdar özünü öldürər. Bunu da heç kim öncədən bilməz. Görünür ki, Akif Çovdarovda özünü öldürmə hissi hələ bir o qədər də irəli getməyib”.

Ə. Zeynallıya görə, içəridə pəncərədən insanın özünü asması mümkün deyil: “Kürdəxanıda pəncərədən özünü asmaq çox çətindir. Akif Çovdarov özü cüssəli adamdır. O tip adamların pəncərə vasitəsi ilə özünü asması mümkün deyil. Oradakı pəncərələr qurşaqdan aşağıdır. İlqar Əliyevin özünü asdığı zaman da demişdim ki, bu, sadəcə olaraq, nağıldır. O tip yerlərdə 15 dəqiqədə adam özünü öldürə bilməz. Normal nəzarətdə bunu etmək mümkün deyil”.

Yada salaq ki, ötən ilin dekabr ayında Bakı İstintaq Təcridxanasından (BİT) 2 gün fərqlə 2 dustaq - ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Anti-Terror Mərkəzinin rəis müavini olmuş İlqar Əliyevin və onun kamera yoldaşı olduğu deyilən Manaf Məmməd oğlu Paşayevin meyitləri çıxmışdı./musavat/


554 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
18.08.19, 12:22
Şoyqu ABŞ-ı təhdid etdi
Go to TOP