Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Oktyabr 2016

Hüququn mühafizəsiz qalması

Qanunsuzluqlara göz yumub, qanun tələb edənlərin gözünü çıxarırlar

Azərbaycan reallığına nə qədər öyrəşsək də, təəccüblənməmək, təəssüflənməmək mümkün deyil. Cənnət bir ölkənin şüurlu şəkildə cəhənnəmə çevrilməsi dərin təəssüf doğurur. Hökumətin hələ də baş verənlərdən düzgün nəticə çıxarmaması insanı təəccübləndirir.
Müxalifətçiləri həbs etmək, ictimai-siyasi fəalları qorxu altında saxlamaq, tənqidçiləri təqib etmək sosial-iqtisadi vəziyyəti düzəldə bilərmi? Əlbəttə ki, yox. Həbs olunmalı, istintaqa çağırılmalı, fəaliyyəti yoxlanmalı adamları sərbəst buraxıb, hüquqi dövltədə yaşamaq istəyənləri, şəffaflıq tələb edənləri hədəf seçiblər. Zəngin Azərbaycanın bu qədər ağır vəziyyətə düşməsinin əsas səbəbi, məhz bu amillə bağlıdır. Talayanlara göz yumub, talançılığa etiraz edənlərin gözünü çıxardılar. Nəticədə 150 milyard neft pulunun daxil olduğu ölkənin 25 milyard xarici borcu yarandı. Nəticədə əhalinin 1/3 hissəsi bankların girovuna çevrildi. Nəticədə ölkəmiz intiharlar diyarına çevrildi.
Amma bu qədər aşkar mənzərə hökumətin gizli planlarını dəyişə bilmədi. Hər gün zərərli ənənələrin daha da qabardığını müşahidə edirik. Hər gün ölkədəki qanunsuzluqlar, bu qanunsuzluqları təşkil edənlər haqqında yeni faktlar ortaya çıxır, yeni ittihamlar səsləndirilir.
Beynəlxalq Bankın sabiq rəhbəri Cahangir Hacıyev məhkəmədə ifadə verir və israrla bildirir ki, Maliyyə Naziri Samir Şərifov milyonlarla manat vəsaiti mənimsəyib.
Binəqədidəki faciəli yanğın hadisəsinə görə həbs olunmuş şirkət rəhbəri dəhşətli ittihamlar səsləndirir və 15 nəfərin ölümünə səbəb olmuş yanğın hadisəsini MTN-in törətdiyini bildirir.
“Metropoliten”in keçmiş rəisi Tağı Əhmədov MTN generalı Akif Çovdarova 3 milyon manat verdiyini etiraf edir.
“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov deyir ki, idarəyə rəhbər təyin olunandan sonra ciddi nöqsanların üstünü açıb. Məsələn, deyir ki, əvvəllər yol ayrıcını 29 min manata alıb, 56 min manata rəsmiləşdirirdilər. Yəni, əvvəlki rəhbərliyin ciddi mənimsəmələrə yol verdiyini söyləyir.
Hesabalama Palatasının hesabatında bütün sahələr üzrə yeyinti faktları rəqəmlərlə göstərilir.
Belə faktlar həddindən artıq çoxdur. Amma bugünə qədər ittiham olunanların “bandotdel”ə çağırılmasının, məsuliyyətə cəlb edilməsinin şahidi olmamışıq. Məsələn, Cahangir Hacıyevin ittihamı əsasında Samir Şərifovu, Akif Çovdarova rüşvət verdiyinə görə Tağı Əhmədovu, Binəqədidəki yanğın ittihamına görə Eldar Mahmudovu, Cavid Qurbanovun səsləndirdiyi faktlara görə Arif Əsgərovu dindirdiklərinin şahidi olmamışıq. Hansıki, bu ittihamlara görə normal ölkədə adı çəkilən şəxslər sərbəst gəzə bilməzdilər. Aidiyyatı qurumlar gərgin iş rejminə keçərdi, araşdırmalar başlayardı və cəmiyyətə mütəmadi xəbər verilərdi. Çünki, söhbət dəhşətli cinayətlərdən, milyonların talan edilməsindən, vəzifə səlahiyyətlərindən süi-istifadə olunmasından gedir.
Amma biz hüquq mühafizə orqanlarını hadisələrin cərəyan etdiyi yerlərdə yox, sabitliyin hökm sürdüyü yerlərdə görürük. Məsələn, dünən Milli Şuranın Koordinasiya Mərkəzinin üzvləri Eldəniz Quliyev, Gözəl Bayramlı, Oqtay Gülalıyev, AXCP Ali Məclisinin sədri Nürəddin Məmmədli “bandotdel”ə dəvət olundu, bu adamlara xəbərdarlıq edildi.
Sanki, Beynəlxalq Bank əməliyyatında, Binəqədidəki yanğında, Dəmiryol idarəsindəki mənimsəmələrdə, rüşvət verməkdə bu adamlar ittiham edilirmiş Sanki, məhkəmə ifadələrində bu adamların adı çəkilib?
Hüquq mühafizə orqanları hüquqsuzluğu zirvəyə çıxaranları deyil, hüququn aliliyini tələb edənləri nəzarətə götürüb. Bir daha aydın görünür ki, bu ölkədə hüququn özü mühafizəsiz qalıb. Məhz buna görə də hüquqsuzluq meydan sulayır, at oynadır.
Nə qədər ki, bu ölkədə hüquqsuzluğa göz yumulacaq, nə əqdər ki, hüquq tələb edənlərin gözü kor ediləcək, o zamana qədər də Azərbaycanın xilası mümkünsüz olacaq. Baş-ayaq vəziyyətdə qalmış ölkəni dikəltmədən, heş bir islahatdan, heç bir inkişaf xəritəsindən danışmaq olmaz. Bütün problemlərin həlli hüququn ayağa qaldırılmasından asılıdır.

İlham Hüseyn/azadlıq


481 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
18.08.19, 12:22
Şoyqu ABŞ-ı təhdid etdi
Go to TOP