Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Oktyabr 2016

Diplomlu fəhlələr muzdlu iş axtarır... - “Qul bazarı”ndan

“Qul bazarı” fəhlələrinin gündəlik dərdi: Soyuq hava, saatlarla gözləmək, ümidsizlik və evə əliboş qayıtmaq....

17-dən 70-yə qədər iş tapmayanların son ümididir, “Qul bazarı”... İşsizlikdən əziyyət çəkən insanlar, qoca, gənc, yaşlı demədən hər gün səhərin erkən saatlarında gündəlik çörəkpulu üçün paytaxtın mərkəzi küçələrində yol kənarına toplaşırlar.

Qışın şaxtası, yayın istisi olsa belə, onlara mane olmur. Çünki bu insanları buraya gətirən səbəb evə dönərkən alacaqları bir tikə çörəkdir. İşin olmayacağını bilsələr belə, böyük bir ümidlə gəlməyə məcburdurlar və günlərinin çox hissəsini də burada gözləməklə keçirirlər. Qazanıb, qazanmayacaqları isə sual altındadır.

Musavat-ın əməkdaşı “Sabunçu dairəsi” kimi tanınan ərazidə toplaşan fəhlələrlə həmsöhbət olub, onların problemlərini dinləyib. Bu “qul bazarı”nda hər gün fəhləli-ustalı 200 nəfərə yaxın adam toplaşır. Fəhləlik üçün o qədər gələn var ki, toplaşdıqları ərazidə bəzən dayanmağa boş yer də qalmır. Gündəlik 10-15 manat qazanc üçün onlar ən azı 12 saat ayaqüstə durmağa məcbur qalırlar. İşin tapılıb-tapılmayacağı isə günün sonuna qədər məchul qalır.

“Qul bazarı”ndakı fəhlə ilk öncə iş tapmalıdır, sonra kiminsə qapısında gedib, fəhləlik etməlidir. Bunun üçün də bazarda sakit dayanmaq olmaz. Özlərinin də dediyi kimi, gərək “dvijeniyan” olsun. Yoxsa, günlərlə qara qəpiksiz qalarsan. Saatlarla ayaqüstə var-gəl etdikləri zaman isə yorğun olurlar. Yəni, hər gün iş axtarmaq bir dərd, üstəgəl həmin günü 7-8 saat dayanmadan işləmək ayrı dərddir.

“Qul bazarı” deyəndə bəzən onların təhsilsiz, savadsız təbəqə olduğunu düşünənlər var. Lakin reallıq belə deyil. Söhbət zamanı aydın olur ki, fəhlə bazarında kifayət qədər ali təhsillilər və biliyinin gücü ilə təhsil alanlar var. Burada müəllim, mühəndis, hətta ali məktəb məzunlarına da rast gəlmək olar. Lakin işsizlik onları qul bazarının “qurbanına” çevirib.

Universitet bitirən gənclər ixtisaslarına uyğun iş tapa bilmədikləri üçün “qul bazarı”nda günəmuzd fəhlə işləyirlər. Əvvəllər rus dili müəllimi işləyən 65 yaşlı İsfəndiyar İsmayılov da “qul bazarı”na fəhləlik etməklə ailəsini dolandırır.

Dəfələrlə Təhsil Nazirliyinə müəllim işləməklə bağlı müraciət etsə də, heç bir nəticə verməyib: “18 illik müəllim stajım var. Orta məktəbdə rus dili müəllimi işləyirdim. Normal dolanışığım var idi. Bildiyiniz kimi, rus dili dərslərinin saatları azaldıldı. Bu fənnin dərs saatları azaldıqdan sonra cüzi əmək haqqı almalı oldum. İndiki vaxtda o qazancla ailə dolandırmaq mümkün deyil. Bu səbəbdən də müəllimlikdən çıxıb, “qul bazarı”na üz tutdum. Son vaxtlar yenə diplomumu götürüb, Təhsil Nazirliyinə gedib, müraciət elədim, bir nəticəsi olmadı. Başqa işlərlə bağlı işədüzəltmə şirkətlərinə də müraciət etmişəm, “iş yoxdur” deyirlər. Yağışda, küləkdə isə iş tapmaq çətindir. Keçən il yaxşı qazanırdıq. Gündəlik 20-30 manat qazancımız olurdu. İndi tikinti sektorunda da işlər dayanıb, demək olar ki, boşuna gedib gəlirik”.










425 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
13.11.19, 09:20
AB Çindən daha pisdir!
Go to TOP