Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Noyabr 2016

Əlövsət Abbasovun acizliyi və ya…

“Bandotdel”in idarə etdiyi məhkəmə

Azərbaycanda məhkəmələr oyuncaq kimidir, hər an əl dəyişə bilir. Və bu ikinci əl məhkəmələrdə oynanılan “tamaşa”lar əslində, zalımların istedadsız və naşı şəkildə rol aldığı şəbeh-məzhəkədən başqa bir şey deyil.

Bakıda gözə dəyən və qapısında “İkinci əl” elanı yazılan dükanlarda könhə və nimdaş paltarların satıldığı kimi satıla bilən, bir sözlə, ikinci əl vicdan daşıyıcılarının hakim olduğu bir ölkədə müstəqil məhkəmələrin olmasını gözləmək yəqin ki, sadəlövhlükdür.

“Nardaran işi” Azərbaycan məhkəmə tarixinin terror tablosudur desək yanılmarıq. Bu tablonun rəssamı olan indiki iqtidar öz “əsərini” nə qədər yalan və saxta rənglərlə bəzəməyə çalışsa da, həqiqəti gizlədə bilmədi və bu gün İran agenti, terrorçu kimi ittiham etməyə çalışdığı insanların kinayə və iztehza hədəfinə çevrilib.

“Nardaran işi”ndə hakimlik edən Əlövsət Abbasovu izləyəndə bəzən insanca düşünmək istəyirsən, vicdanının onu gecələr rahat buraxmadığını fikirləşib buna da inanmağa çalışırsan. Ona görə yox ki, hakimə bəraət vermək istəyirsən, yox, sadəcə, içindəki insanlığa olan son inamın da xərclənib tükənməsindən qorxursan.

Orda oturub Azərbaycan dövlətinin adından ittihamçı kimi çıxış etmək iddiasına düşmüş iki prokuroru, Nəsib Bayramov və Elgiz Məmmədovun, xüsusən də, birincinin etdiyi canfəşanlığı görəndə özünü aldatmaq istəyirsən ki, onlar da nəyə görəsə əzab çəkir.

Amma bilirsən… Bütün bunlar sadəcə Cavidin dediyi kimi, “aldat özünü, yazıq olarsan” kəlamının başqa bir formada, özünə yalan danışmaq çəhdinin təzahürüdür…

***

Keçən həftə istintaqa işgəncə altında verdikləri ifadədən imtina etdiklərinə görə yenidən təhdidlərə məruz qalanları guya qorumaq niyyəti ilə Əlövsət Abbasovun məhkəməni bir həftə təxirə salması bir hakimin sadəcə yalana sığınması deyildi, heç Azərbaycandakı məhkəmə sisteminin ədalətsizliyi və ya sifarişlə işləməsinin sübutu da deyildi (bunu sübut etməyə lüzum da yox zatən), bir şəxsin öz peşəsini kimlərinsə hikkəsinə belə asanlıqla tabe etməsinin, acizliyinin ürək vuran mənzərısi idi.

Çünki bu fasilənin əsl amacı heç də şahidləri işgəncədən qorumaq deyilmiş, məhkəmə zalındakı dəmir barmaqlıqların akvarium tipli qəfəslə əvəz olunmasına zaman qazanmaqmış. Mahiyyətdə hakim öz aləmində özündən zəif hesab etdiyi şahidlərin arxasına sığındı. “Nardaran işi”ndə şahid kimi üzə durmağa məcbur edilən insanların bir çoxunun savadı belə yoxdur və bir çox hallarda məhkəmə zalında özünü hakim hesab edənlər savadlı olmaları ilə öyünüb, şahidlərin saf danışmasına kinayə edirlər yəqin… Mahiyyətdəsə, yazıb-oxuması olmayan o şahidlərin cəsarət dərsini anlamayacaq qədər savadsız olanların hüquq diplomu bir işə yaramamış. Olsa-olsa saxta ittiham irəli sürən prokuror və sifarişli hökm oxuyan hakim ola bilmişlər.

“Nardaran işi”ndə də digər siyasi məhkəmələrdə olduğu kimi, hakim sonda ona göndərilən, hazır və əvvəldən tərtib olunmuş hökmü elan edəcək. Və yəqin ki, o hökmdən sonra bu məhkəmənin bitməsini bayram etmək üçün kimlərinsə onları dəvət etdiyi qonaqlıqda iştirak edib, sağlıq da deyəcək.

Amma bir düşünün, ortada sağ olan, şəninə sağlıq deyiləsi nə qalmış ki…

Bu məhkəməni Əlövsət Abbasov idarə etmir. Mahiyyətdə onu da, bu məhkəməni də ”Bandotdel” adlanan şöbə idarə edir. Məhkəmədə elan olunmuş fasilədən sonra zalda olan dəmir barmaqlığın akvarium tipli qəfəslə əvəzlənməsi, ora gətirilən Mötəbər Babayevin məhkəməyə ifadə vermədən öncə təhdid olunması, bir müddət əvvəl ifadələrindən imtina edən digər şahidlərin polis bölməsinə aparılıb təhdid edilməsi bunu deməyə əsas verir. “Bandotdel”in iki rəsmi işçisi görəsən niyə axşam saatlarında özlərinə zəhmət verib sabah məhkəmədə ifadə verəcək birinin ardınca Kürdəxanıya qədər gedir?

Öz işini istintaqı bitirməklə başa vurmuş sayılan bir şöbə bu məhkəmə işini niyə buraxmır? İstintaqda kifayət qədər boşluqlar və məntiqsizliklər buraxmış, açıqlar verib hakimiyyətin planını pozmuş bu şöbə nədən ehtiyatlanır? Bu sədaqətli “xidmətin” arxasında nə dayanır?

Yəqin ki, çox danlanıblar. Çünki son dövrlərdə hakimiyyətin tək xal qazanıb qısa müddətdə olsa da, dini dövlət qurmaq yalanı ilə cəmiyyətdən dəstək alan bir işini öz savadsızlıqları və bacarıqsızlıqları ucbatından batırıblar. İstintaq işində o qədər məntiqsizliklər, xətalar var ki, “verdiyim çörək burnunuzdan gəlsin” qəzəbi ilə üzə-üzə qaldıqları indi nümayiş etdirdikləri hikkədən bəllidir.

P.S. Ölkədə bir MTN, bir də “Nardaran işi deyilən iki məhkəmə gedir. MTN işi Akif Çovdarovun üzərində qurulub. Amma hər kəsə bəlldir ki, “işin sahibi” necə deyərlər Eldar Mahmudovdur. ”Nardaran işi”ni də hakim Əlövsət Abbasov aparır. Amma “işin sahibi” “Bandotdel”dir. MTN işindəki işgəncə və terror faktlarını ilə “Nardaran işi”ndə “Bandotdel”in etdiklərini müqayisə etsək heç nə ilə bir-birindən fərqlənmirlər. Demək, sabah indi MTN işi adlanan işin yanına “Bandotdel işi” də əlavə olunsa, eyni faktlarla üz-üzə qalacağıq. Bu da bir daha onu sübut edir ki, ölkədə bütün hüquqi və insanı normaları ayaq altına alıb idarəçilk quran bir hakimiyyət var. Və bu hakimiyyətin əlində olan oyuncaq məhkəmlərin hakim və dövlət ittihamçıları “ikinci əl vicdan” daşıyıcılarından başqa kimsələr deyil. Əlövsət Abbasov və Nəsib Bayramov , Elgiz Məmmədov bir necə ay sonra “Nardaran işi”ndə tələb edəcəkləri müddət və oxuyacaqları hökmlə bunu bir daha sübut etmiş olacaqlar. Ənvər Seyidovun etdiyi kimi…

Zümrüd Yağmur /azadlıq


336 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
15.10.19, 11:00
Ronaldodan tarixi rekord
13.10.19, 10:03
Tovuzda qətl törədilib
11.10.19, 08:43
Türkiyə ordusu itki verdi
09.10.19, 19:52
AB Türkiyəni hədələdi
07.10.19, 12:02
Lavrov Bağdada getdi
Go to TOP