Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Dekabr 2016

Bahalığa vəkillik edənlər

Yaxud, gələn ilə “Qənaət ili” adı verəcəklər

Hökumət növbəti dəfə vətəndaşa tərs şillə vurdu. Onsuz da minimum xərclərini ödəyə bilməyən, kredit faziləri altında inləyən, sabaha ümidi olmayan vətəndaşa, qiymət artımları ilə “muştuluq” verdilər. Həm də budəfəki artım 5-10 faizlə yekunlaşmadı. Qazın qiymətinin 100 faiz, işığın qiymətinin 57 faiz artırılması, yaralı vəziyyətdə olan vətəndaşa ölüm gülləsinin vurulması idi. Üstəlik, bütün diqqətləri işığa və qaza yönəldib, dərmanların da qiymətini qaldırdılar.

Bir sözlə, böhranın gəlişini bəhanə edib, xalqın qabağına böhran kimi çıxdılar. Faktiki olaraq ölkə vətəndaşına ən böyük böhranı hökumət özü yaşadır.

Amma bu qədər bahalığın qarşısında yartımazlığı etiraf etmək əvəzinə, bu bahalığı vətəndaşa minnət kimi vururlar. Günlərdi hökumət təmsilçiləri ekran qarşısına çıxıb, bahalığın inkişafa xidmət etdiyini, kasıb təbəqəyə təsir etməyəcəyini, dünyada da qiymətlərin baha olduğunu sübut etməyə çalışırlar.

Yəni, xalqdan üzr istəmək, insanların narahatlığını aradan qaldırmaq əvəzinə, növbəti yalanlara əl atıblar. Axı, qiymət artımı necə inkişafa xidmət edə bilər? Qiymət artımı xalqa necə müsbət təsir edə bilər? Bu qədər absurd açıqlamalar verilirsə, deməli vətəndaşı dəyərsiz əşya hesab edirlər. Vətəndaşın susqunluğunu görüb, hücuma keçiblər.

Xüsusən “millət vəkili” adlanan zümrə bütün sərhədləri aşıb. Vətəndaşın vəziyyəti pisləşdikcə, millətə vəkillik etməli olan millətə barmaq silkələyir. 2.5 milyon insan kredit borcu ödəyir, onmunlərlə insan Avropa ölkələrinə mühacirət edir, hər gün 2-3 nəfərin intihar xəbəri yayılır, iqtisadi göstəricilər sürətlə aşağı düşür və belə bir reallıqda mandat gəzdirənlər inkişafın fontan vurmasından danışırlar.

Əvvəlcə vətəndaşa fəhləlik etməyi, soğan əkməyi məsləhət gördülər, indi isə vətəndaşı yoxsulluğa öyrəşməyə çağırırlar. Amma qiymət artımları ilə paralel deputatların maaşı da 14 faiz qalxdı. Açıq şəkildə deyirlər ki, siz yoxsulluğa öyrəşin, qənaət edin, dərd içində boğulun, biz isə komfort həyatımızı yaşamağa davam edək.

Vitse-spiker Bahar Muradova isə vətəndaşa ultimatum göndərdi. Dedi ki, yorğanınıza görə ayağınızı uzadın, yoxsulluğa öyrəşin və hökumətdən gözləntilərinizi başqa vaxta saxlayın.

Bəli, 23 illik “analoqsuz inkişaf nağılı”ndan sonra göydən böhran düşdü. 120 milyard neft pulunu həzm rabedən keçirdikdən sonra, vətəndaşa “aclığa öyrəşin” ismarıcı göndərdilər. Eyni vaxtda Ermənistanda qazın qiyməti aşağı salındı, Gürcüstanda müəllimlərin maaşı artırıldı. Bu fakt da onu göstərir ki, 9 milyonun hökuməti yoxdur. Bu qədər zəngin ölkənin vətəndaşına “yoxsulluğa öyrəşin” mesajı verən hökumət, dərhal istefaya getməlidir. Çünki, Azərbyacanda yaşananlar təbii fəlakət deyil, hökumət komandasının yaratdığı fəlakətdir.

Bir tərəfdən qazın və işığın qiymətini qaldırırlar, o biri tərəfdən gələn ilə idman yarışlarına 617 milyon maant pul xərclənəcək. Yəni, İslam Həmrəyliyi və Formula-1 yarışlarının keçirilməsinə 317 milyon manat, idman qurğularının tikilməsinə 300 milyon manat pul xərclənəəcək. Vətəndaşa yoxsulluğa öyrəşməyi,yorğana görə ayaq uzatmağı tövsiyyə edənlər, bu qədər israfçılığı necə əsaslandıra bilərlər? Bu vətəndaşa təhqir deyilmi? Heç kimin sahib çıxmadığı oyunlara sahiblik edib, vətəndaşı sahibsiz qoymaq düşmənçilik deyilmi?

125 nəfər “millət vəkili” adlanan adam bahalığa vəkillik edir, Tarif Şurasının vəkilinə çevrilib, Prezident Aparatının müdafiəçisi rolundadır. Çünki, qazın 100 faiz artması bu adamlara təzsir etməyəcək. Çünki, övladlarının təhsil haqqını ödəməkdə çətinlikləri yoxdur. Çünki, kredit bataqlığında çırpınmırlar. Çünki, zülm çəkən xalqdan səs almayıblar.

23 il gecə-gündüz “dünya bizə paxıllıq edir”, “bizim öz yolumuz var”, “böhran bizə təsir edə bilməz”, “analoqsuz inkişaf edirik” dedilər, indi isə “vəziyyət pis olacaq”, “hökumətdən heç nə istəməyin”, “yoxsul yaşamağa öyrəşin” deyirlər.

Yəqin ki, 2017-ci ilə də “Qənaət ili” adı verəcəklər. Camaata gösətərəcəklər ki, deputatlar parlamentdə dönər yeyir, Prezident aparatında qayğanaq bişirirlər, siz də mədənizi balacalaşdırın. Bəli, bu dəfə də yoxsulluğun önəmindən, az yeməyin faydalarından, ətin zərərlərindən danışacaqlar.

Bir sözlə, “Qənaət ili” elan edilməsini hökumətin uzaqgörən siyasətinin nəticəsi kimi qiymətləndirəcəklər.

Deməli, xalq özü özünə vəkillik etməli, bahalıq aşiqi olan deputatlara, bahalığı inkişaf kimi təqdim edən rejimoloqlara öz varlığını sübut etməlidir./azadlıq/


2686 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
28.06.17, 21:52
ABŞ odla oynayır - İran
28.06.17, 10:59
Ramazandan sonra
26.06.17, 09:59
"Danışmaq yasaqdır"