Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Yanvar 2017

Və mən “Nardaran işi”ndə, gözəllikdən başqa bir şey görmədim…

Tale Bağırzadəyə açıq məktub…

Dəyərli Qardaşım…

Bir gün olacaq və o gün yəqin ki, fəxr, qürurla xatirələrimdə bu ölkədə tanıdığım işıqlı və duru insanlardan biri haqqında danışmaq, onu tərif etmək, yazıya sığışdırmaq üçün sözlər, ifadələr axtaracam. Əllərimi üzümə dayayıb dərin-dərin düşünüb sənin obrazını canlandırmaq, o məhkəmə salonundakı çıxışlarını sanki təkrar eşitmək üçün yaddaşımın ən təmiz, aydın hissəsinə gedib çıxmağa çalışacam. O illərin beynimdəki bulanıq, acı, xatırlamaq istəmədiyim, amma inadla da hər şeyin üstünə çıxmağa çalışan digər anılarını dəf edim “yazım”, deyəcəm.

Amma nə yazacamsa sanki hiss etdiklərimin yanında sönük qalacaq. Yaddaşımın ən kövrək yerində bir anı olacaq və mən də eyni kövrək halımla yəqin ki, qarşımdakı soyuq çaydan bir udum alıb sənə zəng edəcəyəm. “Xatirələrimi yazıram, sənin haqqında yazdığım hissə mənə sönük gəlur qardaşım” deyəcəm. Sən də zarafat edəcəksən ki, bacım yaşlanır deyəsən? Telefonun o biri ucundan səsini eşidib yatmış yaddaşımın oyanışı ilə tələsık səninlə sağollaşıb masamın başına keçəcəyəm.

2016- ci ildə, bəlkə bütün insanlara ümidim qırılmağına çox az qalmış bir zaman kəsiyində səni tanıdım… “Nardaran işi” adı ilə gedən məhkəmədə və ilk vaxtlardan formalaşan səmimi münasibətlərimiz sonra elə bir doğmalığa çevrildi ki, hətta məni 32 il sonra tapdığın bacın elan etdin. Sən də mənim 32 il sonra tapdığım qardaşım oldun. Bilogi deyil, heç özüm belə anlamadığım bir bağla, duyğu ilə bağlandım sənə qardaşım…

Sən və ordakı digər insanlar məhkəmə salonunu mübarizə meydanına çevirib ölümə meydan oxuyanda mən utanırdım. Çünki mən ölümə meydan oxuya bilmirdim. Siz məhkəmələrdə üsyan edəndə mən yenə utandım. Çünki sən Hüseyin davamçısı idinsə, mən Zeynəb deyildim. “Məni edam edin, gülə-gülə gedərəm” deyib şərə meydan oxuyandasa dünya mənim üçün çox böyük oldu, çox, sənin ruhundakı qüdrət və əzm qədər böyük…

İlk dəfədir “sən”lə müraciət edirəm, bizim bacı- qardaşlığımız necə deyərlər, “siz” də qalmışdı, amma bu gün içimdən belə gəldi. Əvvəl karıxdım, sonra düşündüm ki, niyə də olmasın, axı biz öz Allahımızla danışanda ona “sən”lə müraciət edirik. “Sən” sevgi və səmimiyyətin göstərgəsi idisə, niyə mən öz qardaşıma olan sevgimi “sən” ə köçürməyim?

Sənin 32 yaşın var, cəmi 32 iki… Amma bax, başını qaldır və bax… Az qala susuz səhraya çevirmək istədikləri Azərbayacanda bu gün şəri təmsil edənlər səndən necə qorxur?! O qədər qorxdular ki, məhkəməni belə tam keçirməyə cəsarətləri çatmadı.

Mahiyyətdə sən onların deyil, onlar sənin cəsarətinin və əzminin dustağıdır.

Edama belə gülə gülə gedəcəyini bəyan edən qardaşım, əgər doğrudan da səni edam etsəydilər, ölümə belə məhkum etsəydilər, inan mənə, gülə-gülə getməkdə haqlı olardın. Bilirsənmi niyə, çünki arxandan sənə ağlayacaq milyonlar olacaqdı.

Sənsə səni edama göndərənlərin halına güləcəkdim. Hz. İsanın uzunqulağa mindiyinə gülənlərə peyğəmbərin güldüyü kimi…

Bilirsənmi, çoxları “möhkəm olun” deyir bizə, heç sevmirəm bu sözü… Təsəlliləri də sevmirəm. Biz olduğumuz kimiyik, ağlamırıq, çünki ağlamalı olan bizlər deyilik. Qoy haqsız olanlar qorxub ağlasın.

Amma bu gün ağlayıram, bu məktubu yaza-yaza gözümdən süzülən yaşı silmirəm də… Onlar da klavyanın düymələrinə tökülüb barmaqlarımdan sanki bu sətirlərə qarışır.

Bilirsənmi niyə ağlayıram?

Gələcəkdə, xatirələrimi yazanda yaddaşımı təzələmək üçün sənə zəng vuracağım günün həyacanına ağlayıram. Bir də az qorxuram, insanlara hər inanıb güvəndiyimdə ardından böyük peşimançılıqlar yaşadım, “bu dəfə də elə olmaz ki? sualı içimdə nələrisə zəhərləmək istəyir hərdən, amma buna qarşı dayanıram. Çünki sənə inanıram və bunu nəyinsə zədələməsini istəmirəm.

Səndən. səninlə bərabər bu ölkədəki zülmü dəf etməyə çalışan və səmimi olan hər kəsdən əminəm. Sən və zindanlarda yatan gerçək, səmimi qəhrəmanların cəsarəti bu gün ölkəni idarə edənlərin zülm zirvəsini fəth etməsinə və tarixdəki zalımlarla bir sırada yer almasına zəmin yaratdı. Bu gün onlar qalib sayıla bilər, amma hələ son deyil. Heç deyil, hələ sonun gəlməsinə var.

Səni ömürlük zindana məhkum etmək istəyənlər, əslində, özünü tarixin qara səhifələrinə həbs etdilər, xəbərləri yox…

Və əgər bu qələbədirsə, qoy onda İlham Əliyev və komandası özünü təbrik etsin.

Dəyərli qardaşım, mən səni, Hüseyn aşiqini tanıdım, amma sənin aşiq olduğun Hüseynin bacısı Zeynəbi heç tanımadım. Onun qardaşı şəhid olan Ərbəinə baxıb “mən Kərbalada ancaq gözəl şeylər gördüm” deyəcək qədər əzmli olduğunu da ilk səndən öyrəndim. Zeynəb kimi yaşamadım da… Hətta bəzən biriləri məni bulandırmağa da nail oldu, amma bir şeydən əmin olmanı istərim.

Ruhum onunku qədər təmiz…

Və mən “Nardaran işi”ndə, gözəllikdən başqa bir şey görmədim…

Zümrüd Yağmur


2172 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
26.06.17, 09:59
"Danışmaq yasaqdır"