Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Yanvar 2017

Daxili İşlər Nazirliyindən beş-altı məsumluq epizodu

Mehman Hüseynov polisi necə şərləyir ?

Daxili İşlər Nazirliyi baş prokurorluğa müraciət edib. Müraciət edib ki, bloqçu Mehman Hüseynovun müşərrəf DİN orqanlarının üstünə atdığı şərdən onu qorusun. Yəni, Daxili İşlər Naziriliyi iddia edir ki, bloqçu Mehman Hüseynov polis İdarəsində verilən işgəncə haqqında danışmaqla böhtan atıb, yalan deyib, Daxili İşlər orqanlarının işgüzar reputasiyasına xələl gətirib.

Buradan çıxan nəticə budur ki, DİN Mehman Hüseynova cəmi- cümlətanı 200 manat cərimə tətbiq edilməsi cəzasından narazı qalıb və indi onu böhtançılıqda ittiham edərək bir az daha sərt formada cəzalandırmaq istəyir.

Məqsəd də budur. DİN demək istəyir ki, mən zəhmət çəkib həbs edirəm, reputasiyamı zərbə altında qoyuram, amma siz də açıb buraxırsız. Və bloqçu Mehman Hüseynovun işgəncə barədə danışdıqlarını özü üçün həqarət sayır. Daxili İşlər Nazirliyinin bu reputasiya davası çox təsirlidir. İnsanı bundan daha artıq mütəəssir eləmək olmazdı. Amma Daxili İşlər orqanlarında işgəncə faktları ilə bağlı qalın-qalın ifadələri və arayışları bir kənara tullayıb birdən- birə Mehman Hüseynov epizodunda hirslənmək ağıla yerləşməyən ştrixlərdəndir.

Daxili İşlər orqanlarında işgəncə verilir, ya yox? Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsini bir qırağa qoyun. Bu idarəni son zamanlar Daxili İşlər Nazirliyinin İdarəsi saymırlar. Ayrıca bir komitə sayırlar. O qədər belə muxtar hüquqlu komitələr var ki… Bunu da ayrıca təsəvvür eləyək. Amma Daxili İşlər Nazirliyinin tərkibindən ayrılıqda təsəvvür edilməyən çoxlu sayda başqa idarələr də var ki, vətəndaşlar o idarələrdə aldıqları işgəncələrdən heyrətlə və şaşqınlıqla danışırlar…

2016- cı il, noyabr ayı, Sumqayıt Polis İdarəsi haqqında

«Mənə Sumqayıt polisində 3 gün işgəncə verdilər. Polis rəisinin müavini öz otağında əməliyyatçılarla mənə işgəncə verirdi. Tələb edirdilər ki, video kamera ilə canlı olaraq icra başçısı Zakir Fərəcovdan üzr istəyim”.

Sumqayıt Şəhər Məhkəməsinin hökmü ilə böhtana görə, 1 il azadlıqdan mərhum edilmiş Realliq.info saytının baş redaktoru İkram Rəhimov təcridxanadan göndərdiyi məktubunda belə yazır.

Məktubu jurnalistin vəkili Elçin Sadıqov açıqlayıb. O, noyabrın 29-da İ. Rəhimovla Şüvəlandakı istintaq təcridxanasında görüşüb».

2016- cı il, mart, Sumqayıt Polis İdarəsi haqqında

«Əllərim işləmir. Ayaq barmaqlarım sınıq-sınıqdır, sınığın yerinə su yığılır. Dalağım uzanıb, böyrəyim, ciyərim dağılıb.

Beynim silkələnib. Həkimlər deyir, 120 gün ərzində sağlamlıq bərpa olunmasa, əlillik dərəcəsi təyin oluna bilər”.

Sumqayıt sakini Rəşad Abbasov iki aydır ki, Sumqayıt şəhər 1 saylı polis şöbəsinin işçiləri tərəfindən işgəncəyə məruz qalmasından yazır».

2012- ci il, oktyabr, Xaçmaz Polis İdarəsi haqqında

«…Onlar məni polis şöbəsinə gətirərkən yolda döydülər. Polis şöbəsinin qarşısında olanda Əli Almazov boynumdakı gümüş boyunbağı ilə məni boğmağa başladı. Polis şöbəsinin qarşısında məni döyə-döyə ikinci mərtəbəyə çıxartdılar. Onlar polis şöbəsində məni bir otağa salıb, vəhşicəsinə döyməyə başladılar. Mənə küçə söyüşləri söyərək təhqir edirdilər. Özümə qarşı bu münasibəti görəndə Azərbaycan vətəndaşı olmağıma şübhə ilə yanaşdım. Orada bir saat məni şillə və təpiklə döydükdən sonra Səxavət adlı polis əməkdaşı dizlərimin üstündə oturdu. Amillə Əli isə ayaqlarımın altına dəyənəklə vurmağa başladılar. Onlar məcburi qaydada paltarlarımı soyunduraraq tanımadığım biri – Cəllad Məmməd oğlu Bayramovun ölümündə mənim müqəssir olduğumu deyərək döyürdülər. Təxminən onlar məni üç saat döydülər. Onlar bununla ölüm işini zorla boynuma qoymaq istəyirdilər”.

2016- cı il, may, Xəzər Rayon Polis İdarəsi

«Evdən mənə zəng vurdular, dedilər, “üç maşın polis tökülüşdü qapıya, Zauru götürüb apardılar”. Dalınca qardaşım, oğlum polisə gedib. Nə baş veribsə, o arada baş verib. Zaura neyləyiblərsə, həmin vaxt ediblər. Qardaşımla oğlum onun dalınca polis şöbəsinə gedəndə görüblər ki, Zauru bölmənin həyətində uzadıblar, üzünü örtüblər. Zaurun əmisi Əfrayıl Sultanov deyir, onu polis şöbəsinə aparandan təqribən 20 dəqiqə sonra özlərini şöbəyə çatdırıblar:

Şöbənin həyətinə girib dedim, “5-10 dəqiqə əvvəl uşağı bura gətiriblər”. Mənə işarə ilə həyətin ortasına uzadılmış meyiti göstərdilər. Gözlərimə inanmadım. Dedim, “uşağı indicə gətirmişdilər. Bəlkə içəridədir”. Dedilər, “yox, elə Zaurdur”. Adam dəhşətə gəlir. Uşağı sağ-salamat evdən apardılar. Heç yarım saat keçməmiş şöbənin həyətində ölü uzatmışdılar. Dedilər, “Zaurdur”, inanmadım, Kimə yaxınlaşırdımsa qaçırdı. Üzündəki örtüyü çəkəndə gördüm başı-gözü qan içərisindədir. İçəridən çıxan polis işçisi göstəriş verdi, hamımızı bölmənin həyətindən itələyib çıxartdılar».

2016- cı il, aprel, Səbayel rayon polis İdarəsi haqqında

«Dünən Bakının mərkəzindəki valyutadəyişmə məntəqəsinin rəhbərinin polis idarəsində işgəncə nəticəsində ölməsi barədə xəbər vermişdik. Məlumat üçün bildirək ki, məntəqənin rəhbəri Ağarza Vəliyev qaynı ilə Səbail rayon Polis İdarəsinə aparılıb. Ailə üzvlərinin iddiasına görə, polis idarəsində işgəncə verildiyindən komaya düşüb və 3 gün sonra dünyasını dəyişib».

2016, iyun, Nərimanov polis İdarəsi haqqında

Gecə saat 02:00 radələrinə qədər bölmədə gözlədik. Sonradan oğlumun otaqlardan birinin pəncərəsindən qışqırıq səsini eşitdik. Oğlum “mənə burada işgəncə verirlər ki, qətli boynuma alım. Kömək edin, məni burada öldürürlər” deyə qışqırırdı. Bizi isə orada əmin etdilər ki, heç nə yoxdur, işi araşdırırıq. O günü evə getdik. Səhəri gələndə gördüyüm mənzərəyə inanmadım. Oğlumu polis əməkdaşları ayaqyoluna aparırdılar. Üzü-gözü şişmiş, halsız, ayaqları yer tutmurdu. Sən demə, Polis Şöbəsinin rəis müavini Nəzər Əsgərovun rəhbərliyi altında Turala səhərə qədər olmazın işgəncələr verilib. Bədəninə elektrik cərəyanı veriblər, üzünü-gözünə ağır zərbələr endiriblər. Vəhşicəsinə elə döyülüb ki, huşu başında deyildi. Necə vurublarsa, gözü çıxmışdı. İndi isə gözü zəif görmür. Tural iki dəfə gözündən əməliyyat olunub. Anadangəlmə problemi var. Mən oğlumu o vəziyyətdə görəndə dözə bilmədim. Nərimanov rayon Polis Şöbəsinin rəisinə sual verirəm ki, oğluma niyə bu vəziyyətdə işgəncə verilib. Deyir ki, oğlun özü-özünü o günə qoyub. Hətta Turalı maşına qoyub aparanda da onun hansı vəziyyətdə olduğunun şahidi olduq. Oğlumla bir neçə dəfə Şüvəlan 3 saylı cəzaçəkmə təcridxanasında görüşmüşük. Deyir ki, ona elə işgəncələr verilib ki, 50 adamın qətli belə olsa, boynuna götürəcəkdi. Nəzər Əsgərovun tapşırığı ilə 6 nəfər maskalı şəxs növbəli şəkildə oğlumu stola bağlayaraq olmazın işgəncələr veriblər. Ona isə xəbərdarlıq ediblər ki, bu barədə kiməsə desə, onu iynə vurub öldürəcəklər. Mən oğlumu görəndə tanımadım. Çox tanınmaz halda idi, hətta danışa bilmirdi. Artıq mənəvi cəhətdən tükənmişəm. Bir ana kimi başımıza gələn bu müsibətdən bezmişəm, oğlumun təqsiri olmadan ona vəhşicəsinə təzyiqlər verilb, etmədiyi əməl zorla boynuna qoyulub”…

2017- ci il, yanvar, Lənkəran Polis İdarəsi haqqında

Lənkəran rayonunun Şürük kənd sakini, əslən Füzuli rayonundan məcburi köçkün Yaqut Əliyeva Rayon Polis İdarəsində dəhşətli işgəncələrə məruz qalıb. Etmədiyi cinayəti boynuna qoymaq üçün döyülən qadın polis idarəsində namusuna toxunacaqlarından ehtiyat edərək, özünü idarənin 3 mərtəbəsindən atıb. Hazırda Respublika 1 saylı Kliniki Tibbi Mərkəzə (Semaşko) yerləşdirilən Y.Əliyevanın vəziyyəti ağırdır.

Zərərçəkmiş döyülməsinin səbəbini belə izah edir ki, 4 il əvvəl qonşuluqda baş verən ölüm hadisəsini zorla onun boynuna qoymaq istəyirlər.

Bu epizodlar ölkə mətbuatının müxtəlif zamanlarda dərc edib yaydığı informasiyalar arasından seyrək seçimdir. Minlərlə belə faktlar var. Həm də kütləvi informasiya vasitələrində yayılan faktlar minlərlədir. Yayılmayan faktlar isə qat-qat artıqdır. Nə əcəb bu vaxta qədər Daxili İşlər Nazirliyi baş prokurorluğa müraciət eləməyib? Polis orqanlarında işgəncələr haqqında mətbuata yol tapan minlərlə fakt onu niyə narahat eləməyib? Bəlkə, indən belə qərar veriblər ki, biz döyəcəyik, amma işgəncə faktlarının üstünü açanlara da qənim olacağıq?/azadliq.info/



550 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
08.04.20, 08:42
Eks-prezident həbs edildi
03.04.20, 11:54
Çində matəm elan edildi
02.04.20, 07:53
Kəlbəcərsiz 27 il...
Go to TOP