Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Aprel 2018

Hökumətin analoqsuz “tolerant”lığı

Yaxud, YAP seçkiyə necə mənfi rəy verdi?

Azərbaycanda daha bir rüsvayçı seçki keçirildi. Hətta alternativsiz keçən seçkidə də hökumət saxtakarlıqdan imtina edə bilmədi. Əksinə, xalqın birmənalı şəkildə seçkini boykot etməsi hökuməti daha qabarıq “karusel” əməliyyatlarına, topa bülleten yarışına sövq etdi. Təbii ki, bu seçki tamaşası heç kimin gözündən yayınmadı, sosial şəbəkələrdə yüzlərlə foto-video faktlar yayıldı. Bütün bunlara baxmayaraq hökumət rüsvayçılığı qələbə kimi təqdim etdi, bayram tədbiri keçirdi, ənənəvi namizədə 86 faiz səs yazıldı. Və bütün bunlardan sonra hökmət utanmadan beynəlxalq aləmdən ” siz məsumsuz” mesajı almaq istəyirdi. Daha böyük rüsvayçılıq da məhz bu gözləntidən doğdu. Başqa vaxt tənqidə dözümlülükdən, tolerantlıqdan dəm vuran hökumət növbəti dəfə özünü ifşa etdi. Belə ki, ATƏT-in müşahidə missiyası seçkiyə mənfi rəy verdi və bunun ardınca hökumətin sözçüləri analoqsuz şüvənliyə imza atdılar. Beynəlxalq müşahidəçilər təhqir olundu, ermənipərəst adlandırıldı və mətbuat konfransından qovuldu.

Bu məsələdə iki məqam hökumətin mahiyyətini daha aydın göstərdi. Əvvəla bir daha təsdiqləndi ki, hökuməti müdafiə edəcək normal sima qalmayıb. Cəmiyyətdə nüfuzu sıfırın altında olan qəzet redaktorları, siyasi ekspertlər müşahidəçilərin üstünə hücum çəkdi və hökumətin səviyyəsini əyani nümayiş etdirdi.

İkincisi, bütün dünya bir daha gördü ki, hakimiyyət ən yumşaq tənqidə də duruş gətirə bilmir. Deməli, bu ölkədə 160 siyasi məhbusun olması, söz azadlığının məhv edilməsi, müstəqil mətbuatın sıradan çıxarılması rəsmən təsdiqləndi. Yəni, xarici müşahidəçiyə belə münasibət sərgilənirsə, daxildəki tənqidçilərin işgəncəyə məruz qalması, şərlənərək həbs olunması mütləqdir.

Hökumət bütün dünyaya həm də etiraf etdi ki, “tolerantlıq” anlayışını tamam fərqli mənada qəbul edir. Bu ölkədə yalnız korrupsiyaya, talançılığa, hüquqsuzluğa qarşı tolerantlıq var. Bəşəri dəyərlər isə bu ölkədə “qara siyahı”dadı.

Müxtəsər, hökumətin masqası növbəti dəfə cırıldı və “Səs”, “Xalq” kimi səsi batmış, xalqdan ayrı düşmüş qəzetlərin redaktorları da bu masqanın cırılmasında əvəzsiz rol oynadı. Daha doğrusu, seçkiyə ən rüsvayçı rəyi hökumət özü verdi.

Samir


396 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
11.12.18, 10:11
Trampın impiçment qorxusu
Go to TOP