Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Yanvar 2019

Rüstəm İbrahimbəyov İlham Əliyevə: Cəza maşınını dayandırın

''Ömrünü korrupsiya ilə mübarizəyə həsr edən cavan bir oğlanın cəzalandırılması yolverilməzdir''

“Əgər sənin gözlərinin qarşısında cavan bir oğlanı ölümə təhrik edirlərsə, bundan sonra necə yaşamaq olar?

Hər şey həmin cavan oğlanın sadəcə olaraq vicdanlı, şərəfli olmasına görə baş verir”.

Dramaturq, yazıçı Rüstəm İbrahimbəyovun Meydan TV-ə Mehman Hüseynova qarşı açılan cinayət işi və buna etiraz olaraq Mehman Hüseynovun aclıq aksiyasına başlamasına dair şərhində belə deyilir.

O qeyd edib ki, əgər 80 yaşlı Əkrəm Əylisliyə qarşı sərsəm cinayət işi açılırsa, bu keçmişimizlə haqq-hesab çəkmək deməkdir, Mehman Hüseynovu ölməyə məcbur edəndə isə bu gələcəyimizin məhv edilməsidir.

“Artıq saatların söhbəti gedir və birazdan proses geri dönməyəcək bir hal alacaq. Mən Azərbaycan prezidentinə müraciət edirəm ki, cəza maşınını dayandırsın”.

O vurğulayıb ki, uşaqlarımızın gələcəkdə normal həyat yaşamasını istəyiriksə, bu gün onların yaxşılarını məhv etməməliyik.

“Bir əsr əvvəl azadlıq və ədalətə doğru addım atmasıyla bütün Şərqə nümunə olan bir ölkədə müasir dövrdə ömrünü dövlətin əsaslarını dağıdan korrupsiya ilə mübarizəyə həsr edən cavan bir oğlanın cəzalandırılması yolverilməzdir”.

Hazırda məhbus həyatı yaşayan və azadlığına iki ay qalmış bloger Mehman Hüseynova qarşı yeni cinayət işi açılıb.

Penitensiar Xidmətin mətbuat xidmətinin yaydığı məlumata əsasən, dekabrın 26-da 14 saylı Cəzaçəkmə Müəssisəsində insident yaşanıb.

Məlumata görə, bloger müəssisənin Rejim-nəzarət şöbəsinin böyük inspektoru, ədliyyə leytenantı Əli Ələddin oğlu Abdalovun qanuni tələblərinə tabe olmayaraq, ona qarşı zor tətbiq edib, fiziki müqavimət göstərərək sonuncuya bədən xəsarəti yetirib. Xidməti otaqda olan əşyaları dağıdaraq sındırıb.

Məlumatda bildirilir ki, Mehman Hüseynovun üzərində axtarış aparılan zaman saxlanılması qadağan olan 461 manat məbləğində pul aşkar edilərək götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 317.2-ci maddəsi (Cəzaçəkmə müəssisəsinin və ya istintaq təcridxanasının əməkdaşına qarşı həyat və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etmə) ilə cinayət işi başlandığı bildirilir. Bu maddə 5 ildən 7 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Yeni cinayət işinə etiraz əlaməti olaraq Mehman Hüseynov aclıq elan edib.


104 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
20.01.19, 10:22
XALQ AYAQDA - VİDEO
Go to TOP