Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Fevral 2019

''Əlimizə düşən çörəklə uşaqların qarnını doyurub, özümüz ac yatırıq''

Goranboy sakini: ''Sosial yardım ala bilmək üçün ilk 5-6 ayını məmurlara verməlisən''

“5 uşağımız var. Aylıq gəlirimiz 80 manata güclə çıxır. Dolana bilmirik. İnanın, elə günlər olur ki, biz quru çörək tapa bilmirik”.

34 yaşlı Xəyalə Əsədova belə deyir. Goranboyda yaşayan Xəyalə və Sənan Əsədovlar 2007-ci ildə ailə qurublar. Birgə nikahdan 5 övladları dünyaya gəlib.

Onlardan böyüyünün 11 yaşı var, ən kiçiyi isə 4 aylıq körpədir. 37 yaşlı Sənan Əsədov heç yerdə işləmir. Həftədə 1-2 dəfə qohum-qonşunun həyətində, evində fəhləlik edir. O da iş olanda.


Deyirlər ki, adlarına daşınar-daşınmaz heç nə yoxdur. Buna baxmayaraq, ünvanlı sosial yardım üçün Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Goranboy Şöbəsinə etdikləri müraciətə müsbət cavab ala bilməyiblər:

“Dünən getmişdik, Goranboy Rayon İcra Hakimiyyətinə. Qəbul üçün xeyli gözlədik. Bizi göndərdilər Sosial Müdafiə Fonduna. Orada da axşamacan gözlədəndən sonra sənədlərimizi qoltuğumuz verib yolladılar evə. Dedilər: “gedin, daha sonra gələrsiniz”. Daha borc-xərc edib getmişdik də. Bir də niyə sonra gələk ki? Anlamadıq, kor-peşman evə döndük” - deyə, 34 yaşlı Xəyalə Əsədova bildirir.

Qapısında sürüylə malı-heyvanı olanların hamısı ünvanlı sosial yardım alır

5 uşaq atası Sənan Əsədov deyir ki, əslində DSMF-nin dərdini yaxşı bilir. Onları niyə əliboş geri qaytardıqlarını başa düşür:


Sənan Əsədov
Sənan Əsədov

“Bizi axşamacan gözlətdilər ki, bəlkə onlarla sövdələşərik. Biz də sövdələşmədik deyə əliboş qayıtdıq. Hamı kimi onlara təklif etməliydik ki, siz bizə sosial yardım verin, biz ilk 6 ayını sizə verməyə hazırıq. Heç nə demədik, onlar da bizi yolladılar. Alanların hamısı o cür razılaşır. Ona görə də baxırsan ki, qapısında sürüylə heyvanı, hektarlarla əkin-biçin sahəsi olanların hamısı ünvanlı sosial yardım alır”.

Evə qaz da çəkdirməmişəm

S.Əsədov heç yerdə işləmir. Deyir, sadəcə düşəndə gedib kiminsə qapısında fəhləlik edir. O da ki, həmişə olmur:


“Onunla da 5 uşaq dolandırmaq mümkün deyil. Çətindir. 5 uşağı 3-5 manatla dolandırmaq olar? Evimi görürsüz, imkansızlıqdan ancaq bir otağını hazırlamışıq. 12 ildir vəziyyət belədir. Çatdıra bilmirəm deyə evə qaz da çəkdirməmişəm. Deyək ki, borc-xərc çəkdirdim, nə ilə ödəyəcəyəm? İşığın pulunu güclə veririk”.

Elə gün olur ki, biz ac yatırıq

“Baxın, böyük qızımın qolu sınıb, pul dərdindən həkimə də apara bilmirik. Əyin-başlarına baxın. Siz onların məktəbə geyinib getdikləri ayaqqabıları görsəniz, şoka düşərsiniz. Dağılıb, pis gündədir. Üstünə sellofan keçirib göndərirəm ki, təki dərsdən qalmasınlar” – deyən Xəyalə Əsədova əlavə edir ki, uşaqlarının məktəb ləvazimatlarını da çatdıra bilmir:


“İkisi məktəblidir. Biri 4, digəri 5-ci sinifdə oxuyur. 3-cü qızım bu il hazırlığa getməli idi. Ayaqqabısı, geyimi olmadığından göndərə bilmədik. 5 uşaqdı. Bunun geyimi, dəftəri, kitabı, körpənin bezi, nə bilim yeməyi, kommunal xərclər var. İnanın, elə gün olur ki, biz ac yatırıq. Əlimizə keçən bir tikə çörəklə sadəcə uşaqların qarnını doyura bilirik. Heç yerdən bir qəpik gəlirimiz də yoxdur”.

Yardım düşürsə, onu versinlər, süründürməsinlər

S.Əsədov deyir ki, Goranboyda heç bir dövlət qurumu onların işinə baxmır:

“Bizi süründürürlər. Əmək və əhalinin sosial müdafiəsi nazirinə məktubla müraciət etdik. Məktubumuza cavabı yerli icra hakimiyyətinə göndəriblər. Daha bilmədik, nə yazıblar, bizə deməyiblər. Ancaq yenə də işimizə baxmırlar. Adımıza maşın, ev, torpaq, heç nə yoxdur. Bizə ünvanlı sosial yardım düşür. Hökumətdən kömək istəyirəm. Demirəm ki, mənə havayı çörək versin. Yardım düşürsə, onu versinlər, süründürməsinlər”.

Bu uşaqlara viza versinlər, gedib, başqa ölkəyə sığınsınlar

S.Əsədovun anası Atlas Əsədova da övladının çox acınacaqlı şəraitdə yaşadığını söyləyir. O, prezidentə, Birinci vitse- prezident Mehriban Əliyevaya müraciət edir.


Deyir, 5 uşaqlı övladının haqqı olan sosial yardımı ala bilməsi üçün yerli qurumlara tapşırıq versinlər:

“Vallah, 5 uşaqdı, ağırdı, acından ölürlər. Bir dəfə bələdiyyəyə müraciət etdim. Yeni ildə gətirib 5 makaron, bir kilo yağ veriblər. Oğlum utanıb deməyə ki, sən yeni il günü evində uşağına makaron qaynadıb verirsən? Yardım edirlər, etsinlər, etmirlər bu uşaqlara viza versinlər, gedib, başqa ölkəyə sığınsınlar. Biz dözərik yoxluqlarına, təki yaxşı yaşasınlar. Onsuz da öz ölkələrində dilənçidən betər yaşayırlar”.


Atlas Əsədova
Atlas Əsədova

Bu, süründürməçilikdən başqa bir şey deyil

S. Əsədov isə deyir ki, bu, süründürməçilikdən başqa bir şey deyil. İnanmır ki, onlara sosial yardım düşsə belə, onu rüşvətsiz verələr:

“Lap sosial yardım düşsə belə, deyirlər, 5-6 ayını bizə verəcəksənsə, yazaq. Hamıya elə deyirlər, bilmirik? Ona görə də Goranboyda ancaq imkanlı adamlar sosial yardım alır”.







 

 



307 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
18.04.19, 08:44
AB-dən ABŞ-a şok zərbə
17.04.19, 09:32
Möcüzə edən zikr
Go to TOP