Şrift ölçüsü:
A+
A
A-
Kr
29 Oktyabr 2013

Kənar ölkələrin Xəzər dənizində iştirakı lazım deyil

İran Hərbi Dəniz Qüvvələrinin komandanı: “Bölgədən kənar ölkələrin Xəzər dənizində iştirakı lazım deyil”

“Biz Xəzər dənizinin təhlükəsizliyinin qonşuları tərəfindən təmin edilməli olduğuna inanırıq”. APA-nın İSNA-ya istinadən verdiyi məlumata görə, bunu İran Hərbi Dəniz Qüvvələrinin komandanı, kontr-admiral Həbibullah Səyyari qazaxıstanlı həmkarı Jandarbek Janjiklə görüşündə bildirib.

Onun sözlərinə görə, bölgədən kənar ölkələrin Xəzər dənizində iştirakı lazım deyil: “Ona görə də biz xarici qüvvələrin bu hövzəyə daxil olmasının qarşısını almaq üçün Xəzər dənizinin sahilində yerləşən digər ölkələrlə əməkdaşlığı artırmaq niyyətindəyik. İranla Qazaxıstan arasında da belə bir əməkdaşlıq ola bilər. Biz təhsil sahəsində ikitərəfli əməkdaşlığı inkişaf etdirə bilərik, iki ölkə arasında tələbə və müəllim mübadiləsi, hərbi gəmilərin tikintisi və təmiri, Xəzər dənizində birgə əməliyyatların, terrorizm, qaçaqmalçılıq və piratçılıqla mübarizə, ətraf mühitin mühafizəsi, xilasetmə tədbirlərinin həyata keçirilməsi sahəsində əməkdaşlıq mümkündür. Bu əməliyyatlar Xəzər dənizində sülh və dostluğu təmin edir. Biz öz təcrübələrimizi Qazaxıstana verməyə hazırıq”.

J.Janjik isə öz növbəsində deyib ki, Tehrana səfəri İran Hərbi Dəniz Qüvvələrinin komandanının dəvəti əsasında baş tutub: “Səfərdə məqsəd iki ölkə arasında əlaqələrin daha da inkişaf etdirilməsidir. Qazaxıstan Hərbi Dəniz Qüvvələri yeni yaradılıb. Bu baxımdan İranın hərbi dənizçilik sahəsindəki təcrübələrindən istifadə etmək maraqlıdır. Biz də həmçinin Xəzər dənizinin təhlükəsizliyinin qonşuları tərəfindən təmin edilməli olduğuna inanırıq”.

Qeyd edək ki, Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin komandanı oktyabrın 29-dan İranda rəsmi səfərdədir. Onun səfər çərçivəsində İranın şimalında yerləşən hərbi dəniz donanmasını və Noşəhrdəki İmam Xomeyni Dəniz Elmləri Universitetini ziyarət edəcəyi bildirilir.
1683 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
08.12.16, 09:25