Şrift ölçüsü:
A+
A
A-
Kr
16 İyun 2014

Əliyevin növbəti yalanı

Barrozoya nələr deyildi?

Avropa Komissiyasının sədri Joze Manuel Barrozo Azərbaycana səfər etdi və ölkəmizin Avropa Birliyi ilə əməkdaşlığı müzakirə olundu. Səfər çərçivəsində Barrozo vətəndaş cəmiyyətinin nümayəndələri ilə də görüşdü və ölkəmizdəki real vəziyyətlə tanış oldu.

Bu yazıda məqsədimiz Barrozonun səfərini şərh etmək deyil. Sadəcə olaraq Ilham Əliyevin Barrozo ilə görüşdən sonrakı çıxışına diqqət çəkmək istəyirik. Ölkə başçısı bildirib ki, Avropa Ittifaqına mümkün qədər yaxın olmaq arzusundayıq və bu bizim üçün strateji mahiyyəti olan məsələdir. Daha sonra Ilham Əliyev deyib: “Bu gün Azərbaycanda bütün fundamental azadlıqlar təmin edilir. Azad media, azad internet mövcuddur. Cənab sədrə dediyim kimi, Azərbaycan əhalisinin 70 faizi fəal internet istifadəçisidir. Ölkəmizdə toplaşmaq azadlığı, təşkilatlanma azadlığı tam şəkildə təmin olunur. Din azadlığı da ölkəmizdə təmin olunur. Azərbaycan çoxmədəniyyətli ölkə və cəmiyyətdir”.

Bütün dünya Azərbaycandakı real vəziyyəti bildiyi halda, Azərbaycan hakimiyyəti hələ də aldatmaq yolunu tutur. Barrozonun səfəri zamanı da, bu “ənənə” davam etdirildi.

Həbsdəki azad media

Yuxarıda qeyd etdiyimiz kimi ölkə başçısı Avropa Komissiyasının sədrinə ölkədəki azad mediadan danışıb. Hansıki, Azərbaycanda müstəqil mətbuatdan söhbət gedəndə, 5 qəzetin adını saymaq mümkün deyil. Digər tərəfdən hakimiyyətin ciddi təzyiqi olduğuna görə, müstəqil mətbuatın reklam bazarı yoxdur. Qəzet yayımı məhdudlaşdırılıb, əyalətlərdə qəzet köşkləri yoxdur, tənqidi yazılar dərc edən qəzetlər məhkəməyə verilir və külli miqdarda cərimələnir. Müstəqil jurnalistlər təqib olunur, zorakılığa məruz qalır və həbs edilir. Bu gün azad mətbuatın nümayəndəsi hesab edilən Pərviz Həşimli, Əvəz Zeynallı, Sərdar Əlibəyli, Tofiq Yaqublu və digərləri siyasi sifariş əsasında həbs olunub. Uzun illərdi mətbuatın sıradan çıxarılması üçün bütün vasitələrdən istifadə edilir və bu gün də bu siyasət yüksələn xətt üzrə davam edir. Bir müddət öncə “Ayna-Zerkalo” qəzeti fəaliyyətini dayandırdı. Azad sözün son qalası hesab edilən “Azadlıq” qəzeti hakimiyyətlə savaş içindədir. Qəzetin satılan nüsxələrinin pulu verilmir, əməkdaşları zaman-zaman təzyiqlərə məruz qalır və ağır məhkəmə cərimələri kritik vəziyyət yaradıb.

Yəni, Ilham Əliyevin səsləndirdiyi fikirlərdən fərqli olaraq, Azərbaycanda müstəqil mətbuat ölüm yatağındadır. Ölüm yatağından qalxanlar isə, zindana atılır. Cəmiyyətdə mətbuata biganəlik, azad sözə inamsızlıq da, hakimiyyətin məqsədyönlü siyasətinin nəticəsdir. Bu ölkədə orta məktəb tələbəsi də bilir ki, bütün televiziya kanalları, yazılı və elektron mətbuat hakim ailənin nəzarətindədir.

Bir sözlə Ilham Əliyev ağ yalanı Barrozoya həqiqət kimi təqdim etməkdən çəkinmədi

Internet məhbusları

Daha sonra Ilham Əliyev bildirir ki, Azərbaycanda əhalinin 70 faizi internet istifadəçisidir və internet azadlığı zirvəyə qalxıb. Bəli, bu ölkədə internet azaddır, ancaq internet isitfadəçiləri zindanlara istiqamət alıb. Bu ölkədə internet o qədər azaddır ki, hökumətin əlaltıları sosial şəbəkələrdə də, azad insanları təqib edirlər. Bu ölkədə “facebook” məhbusları var.

Internet fəalı, “Yaltaqlara dur deyək” səhifəsinin “admin”i Əbdül Əbilov şərlənərək həbs edildi. Daha sonra Şimali Kiprdə təhsil alan, gənc fəal Ömər Məmmədli şərlənərək zindana atıldı. Hər iki gənc internetdəki fəaliyyətinə görə cəzalandırıldı. Internet fəaliyyətinə görə təhdidlərə, təzyiqlərə məruz qalanların sayı çoxdur. Ancaq, bu iki gəncin qondarma ittihamlarla həbs olunub, uzunmüddətli cəzaya məhkum edilməsi, ölkədəki internet azadlığının vəziyyətini göstərmək üçün kifayətdir. “Facebook” da öz mövqeyini iki cümlə ilə ifadə edənlərə 6-8 il həbs cəzası verilirsə, ölkədəki neqativ hallardan geniş məqalə yazan jurnalistin hansı basqı altında olduğunu təsəvvür etmək çətin deyil. Yəni, Ilham Əliyevin prezident olduğu ölkədə, internet fəaliyyəti də təhlükəlidir.

Toplaşa bilməyənlərin təşkilatlanma ağı

Ölkə başçısı Komissiya sədrinin nəzərinə çatdırıb ki, ölkədə tolaşmaq azadlığı və təşkilatlanmaq möhtəşəm səviyyədə təmin olunur.

Bəli, o qədər möhtəşəm şəkildə təmin olunur ki, müxalifət partiyasının qərargahı partladılır, müxalifət liderinə posport verilmir. Ümumiyyətlə, Əliyevlər hakimiyyəti dövründə toplaşmaq üçün nəzərdə tutulan məkanlar, tədricən avtodayanacaqlara, parklara, ticarət obyektlərinə çevrildi. Artıq bu ölkədə sərbəst toplaşmaq üçün sərbəst yer qalmayıb. Möhtərəm hakimiyyətimiz toplaşmaq üçün köhnə meydançaları, xəstəxanaların həyətini, şəhərin ucqarlarını məsləhət görür və belə analoqu olmayan yerlərlə müxalifəti təmin edir. Ancaq, hakimiyyətin “xidmət”i bununla yekunlaşmır. Daha sonra toplaşmanın qarşısını almaq üçün təşkilatçılar zərərsizləşdirilir, mitinq keçirilən məkana avtobuslar buraxılmır və sonda çıxışların eşidilməməsi üçün mikrofon söndürülür. Ilham Əliyevin həvəslə danışdığı “təminat” bundan ibarətdir.

Bəlkə də Azərbaycanda lətifələri çox sevdikləri üçün, prezidentimiz şirinlik eləmək istəyir. Çünki, müxalifət partiyasının iclas keçirə bilmədiyi ölkədə, toplaşmaq azadlığından danışmaq gülməli səslənir.

Allaha şər atanlar

Nəhayət, Ilham Əliyev söyləyib ki, ölkəmizdə din azadlığı var və insanların inancına hörmətlə yanaşılır. O qədər hörmətlə yanaşılır ki, Tale Bağırzadə, Möhsün Səmədov, Abgül Süleymanov və digər ilahiyyatçılar şərlənərək həbs olunur. Allaha ibadət edən insanları narkotik istifadəçisinə, silah alverçisinə, casusa çevirirlər və insanların təmiz adını ləkələyirlər. Əslində, Allahı zikr edən insanları şərləmək, Allaha böhtan atmaqdır. Bəli, bu ölkədə din azadlığı o qədər yüksəkdədir ki, Yaradana ibadət edənlərə yaranmışlar divan tutur. Ilham Əliyevin analoqsuz müsəlman ölkəsində hicablı qadınlar polis tərəfindən döyülür, məktəbə buraxılmır, məscidlər qapadılır və dini kitabların satışına qadağa qoyulur. Bu ölkədə məscidlər də nəzarətdədir və mollaların moizələri də əndazədə olmalıdır. Yəni, insanların mənəvi aləminə soxulub öz məqsədləri üçün istifadə edib, sonra azadlıqdan danışacaq qədər “qoçaq” hökumətimiz var.

Yalanlar ölkəsi

Yuxarıda bizə və dünyaya danışılan yalanlara aydınlıq gətirməyə çalışdıq. Şahidi olduq ki, bu hökumət eyni vaxtda istənilən qədər yalan danışa bilir və bundan utanmır. Ancaq, unutduqları bir məqam var ki, artıq yalanın limiti bitib və Ilham Əliyevin sözü bitməmiş, dünya mətbuatı hakimiyyətin cinayətlərindən yazır.

Azərbaycanı yalanlar ölkəsinə çevirsələr də, bütün yalanlar həqiqət doğulana qədər yaşayır. Artıq dünya həqiqətlərə hamilədir və kütləvi doğuş yalanın faciəsinə səbəb olacaq.

Əminəm ki, Ilham Əliyev bu “azadlıq”lardan danışanda, Barrozo “doğuş”u müşahidə edirdi.

İlham Hüseyn/azadlıq/
1498 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber