Şrift ölçüsü:
A+
A
A-
Kr
18 İyun 2014

"Bu bölgədə insanlıq dramı yaşanır"

İŞİD qüvvələrindən qaçan türkmən: "Bu bölgədə insanlıq dramı yaşanır"

İŞİD qüvvələri İraqın paytaxtı Bağdada yaxınlaşmaqdadır. İraqa ezam olunmuş əməkdaşımızın verdiyi məlumata görə, bu barədə İraq televiziyaları məlumat yayıb.

Paytaxt yaxınlığındakı Bakuba şəhərinə nəzarəti tam ələ keçirən İŞİD qüvvələri artıq Bağdadın 40 kilometrliyindədir.

Terror təşkilatı Telafar şəhərində girov götürülmüş general Mövsüm əl-Validi, 17 zabit və 100-ə yaxın əsgəri isə Mosul şəhərində edam etməyə hazırlaşır. Bununla bağlı Mosul sakinlərinin telefonuna mesaj göndərilib. Mesajda konkret olaraq bildirilir ki, edamı görmək üçün hər kəs meydanda olmalıdır. Edam təxminən 2 saat sonra baş tutacaq.

Qeyd edək ki, general Mövsüm əl-Validi və digərləri İŞİD qüvvələrinin Telafar şəhərinə hücumu zamanı əsir götürülüb.

İraqdakı əməkdaşımız İŞİD qüvvələrinin işğalı nəticəsində Telafar şəhərindən qaçqın düşmüş Hüseyn Baytar adlı türkmənlə danışıb. Türkiyəyə qaçan H.Baytar 40-45 dərəcədə istidə yol gəldiklərini, yolda havasızlıqdan 2 nəfər uşağın həyatını itirdiyini söyləyib: “Bölgədə insanlıq dramı yaşanır. Susuz halda 60 kilometrə yaxın yol gəlmişik. Uşaqları avtomobilin yük yerində gətirdik. Hətta yolda 2 uşaq havasızlıqdan öldü. Elə yolda da dəfn etdik”.

H.Baytar İŞİD qüvvələrinin Telafara hücumunun qəfil başlandığını bildirib: “Səddamın adamlarından kimsə Telafara nəzarət edən general Mövsüm əl-Validinin qərargahının yerini İŞİD-ə satıb. İŞİD generalı əsir götürəndən sonra ordu silahı atıb qaçmağa başladı. Və bundan sonra da şəhəri tam nəzarətə götürdülər”.

İraq Türkmən Cəbhəsinin lideri Erşad Salehi isə yenidən türkmənlərə müraciət edərək, onların silahlanmağa borclu olduğunu qeyd edib: “Bu işdə ən çox ziyan görən, əziyyət çəkən türkmənlərdir. Ona görə də özümüzü qorumaq məcburiyyətindəyik”.
Qeyd edək ki, dünən gecədən etibarən müraciət yayan İŞİD əhalidən Kərkükü könüllü boşaltmağı tələb edib.
Habelə, şiələrin yaşadığı Nəcəf şəhərində də partlayışlar törədilib. Partlayışı İŞİD-in törətdiyi ehtimal olunsa da, hələlik bununla bağlı terror təşkilatının rəsmi açıqlaması yoxdu.

Qeyd edək ki, İraqın Mosul, Telafar, Bakuba, Tikrit şəhərləri tam olaraq İŞİD qüvvələrinin nəzarətindədir.

Xatırladaq ki, əməkdaşımız bölgədə həyatın iflic olduğunu, rəsmi dairələrin tam olaraq fəaliyyətsiz vəziyyətə gətirildiyini, kommunikasiya xətlərinin işləmədiyini bildirir. Türkiyə sərhədinə tərəf yüzlərlə iraqlı qaçqın irəliləyir.

İŞİD-ın daxil olduğu şəhərləri tərk edən əhali isə BMT düşərgələrinə və kürdlərin kompakt yaşadığı ərazilərə sığınır./apa/


1301 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 10:10