Şrift ölçüsü:
A+
A
A-
Kr
18 İyun 2014

Tofiq Yaqubludan Leyla Yunusa dəstək və...

Hüquq müdafiəçisinin cavabı

"Hökmü oxuyarkən, hakim bu gerbi küçə söyüşlərinə qərq edir"


Hüquq müdafiəçisi Leyla Yunus Müsavat partiyasının başqan müavini Tofiq Yaqublunun qızı Nigar Yaqubluya göndərdiyi məktubu və həmin məktuba verdiyi cavabı "Azadlıq"a göndərib.

L.Yunus bildirib ki, sözügedən yazını Tofiq Yaqublu öz qızı Nigar Yaqubluya, Nigar Yaqublu isə ona göndərib. Yazıda Tofiq Yaqublunun Mişahinin NİDA-çılar haqqında, Aqil Abbasın isə Leyla Yunus haqda yazdıqlarına cavab var.

Tofiq Yaqublunun yazısınında deyilir:

"Gülər Əhmədovanın tərtib etdiyi parlamentciyin də özünün Mirşahini varıymış. Mirşahinin kim olduğunu izah etməyə ehtiyac yoxdur. Bircə xatırlatmadan sonra mətləbin üstünə gələcəm. Bu adam "Hesabat" verilişinində, NİDA-çılara haqsız və qəddar hökm oxunan günü məhkəmə qarşısına toplaşmış işıqlı gənclərin hökmə etiraz olaraq, Azərbaycan himnini oxuyarkən, bəzilərin ayağa qalxmamalarını tənqid edirdi. Daha nə deyəsən? Azərbaycanı, onun rəmzlərini canlarından artıq sevən işıqlı, əqidəli gəncləri şərləyib uzunmüddətli həbsə atırlar, adam bundan yox, onların əqidədaşlarının himnimizi otura-otura oxumalarından narahat olurmuş. Əsl parodiyadır! Əgər o, dövlətimizin himniniə bu qədər sayğılı yanaşırsa, görəsən bir-sıra tədbirlərdə himnimiz səsləndirilərkən birinci də daxil olmaqla, heç bir dövlət rəsmisinin onu oxumadıqlarını niyə görmür? "Mən mücərrəd demokratiya və söz azadlığını qəbul etmirəm" deyən jurnalistin başqalarına dərs keçməsi də gözəl parodiya nümunəsidir.

Aqil Abbas Azərbaycanın qəhrəman xanımı Leyla Yunusun polisin furajkasını yerə fırlatmasından bərk əsəbiləşibmiş. Həmin furajkanın üstündə dövlətimizin gerbi varıymış və onu polisin başından götürülüb fırladanda gerbimiz dəhşətli dərəcədə təhqir olunubmuş. Mən də dövlət rəmzlərinə hörmətlə yanaşmağın tərəfdarıyam. Lakin gerbi Leyla Yunus təhqir etməyib. O gerb, qadının oturduğu unitaza soxanın başa qoyulanda artıq təhqir olunmuşdu. Leyla xanım müqəddəs gerbimizi natəmiz bir yerdən götürüb müqəddəs vətən torpağının üstünə atdı.

Leyla Yunus uzun illərdir ki, Azərbaycanın mədəni, hüquqi və sivil cəmiyyət olması üçün çalışır. Elə bir cəmiyyət ki, orada gerb də, himn də, seçki də, insan haqları da və s. müqəddəslik səviyyəsinə qalxsın, hamı tərəfindən hörmət edilsin. Aqil Abbas zəhmət çəkib bizim məhkəmədə iştirak edəydi və gözləri ilə görəydi ki, mənim və İlqar Məmmədovun üzümüzə qırmızı-qırmızı duran sıravi-zabit polislər o gerbi necə aşağılayırlar. Vətəndaşlar öz konstitusiya hüquqlarını istifadə edərək, dinc etiraz aksiyası keçirmək istəyərkən, qadın, yaşlı, əlil demədən onları acımasız təpikləyən, sillələyən, zopalayan gerbli furajkalardır, dövlətin qürurunu təhqir eyləyənlər.

Müxalifətçilərin cibinə narkotik, evinə silah qoyub həbsə atdıran polislərdir gerbimizi ayaqlar altına atan. Əli Kərimlinin cibindən qumbara "tapan" polislərdir gerbimizin ünvanına söyüş söyənlər. Bətnində Hacı Məmmədovlar bəsləyən DİN-dir gerbimizi urvatsız edən.

Azərbaycan xalqına gerbi qazandıran əsas simalardan biri də məhz Leyla Yunusdur. Türkdən, türkçülükdən çox danışan Aqil Abbas Leyla xanımın xidmətlərini görməzdən gələ bilər, bəs bütöv bir zor aparatının 60 yaşlı məsum, xəstə qadının üstünə yeridiyi bir vaxtda, müdafiə etmək əvəzinə qılıncını sıyırıb onun üstünə cummaq nə deməkdir? Bu ki, elementar etika məsələsidir. İqtidar mərd və yenilməz Leyla xanımın üstünə təhqir və böhtanlarla dolu kimi yağdırır. Bu səhvdə "Dolu"nun müəllifi Aqil abbas da yer alıb. Bilrsiniz bu niyə belədir? Çünki bu ölkədə gerb və bunun kimi dəyərlərə hörmət olunmur. Siyası sifarişlə çıxarılan hökmlər oxunarkən hakimin arxasındakı divarda iri gerb olur. Hökmü oxuyarkən, hakim bu gerbi küçə söyüşlərinə qərq edir. Baxmayaraq ki, onun başında furjka olmur, amma əynində mantiya olur. Aqil Abbas isə bunları görmür, özünün təbirincə desək, filanıncə dairənin deputatının maaşını almaqla məşğul olur".

T.Yaqubluya cavab yazan hüquq müdafiəçisi bu məktubdan güc aldığını bildirib və ona təşəkkür edib:

"Dəyərli Tofiq bəy!

Mən sizin, ailənizin və qızlarınızın cəsarətinə heyranam. Yeni Azərbaycanın şəraitində, Nigar kimi - qorxmaz, ağıllı, dərrakəli bir qız yetişdirmək... Burda güclü sağlam kişilər sınırlar. Sizin gözəl qızlarınız gülümsəyərək hakimiyyətin alçaqlığına qarşı mübarizə aparırlar. Tofiq bəy, Nigarın mənə göndərdiyi sizin yazdığınız dəstək məktubunuza görə çox sağ olun. Mən vətəndaşlarımızın aşağlıq hərəkətlərinə hələ də təəccüblənirəm, amma indiyə qədər buna öyrəşməli idim. Mübarizədə mənə güc və möhkəmlik verən sizin kimi eynidüşüncəli insanların dəstəyidir. Mən hər gün siyasi məhbusların ailələrini görürəm, onların analarının, bacılarının, yoldaşlarının gözlərinin içinə baxıram... Çox vaxt bu, qorxmuş, zəhərlənmiş baxışlardır. Mən Nigarın parlaq, öz haqlılığına əmin baxışlarına heyranam! Bu gözlərin işığı mənə enerji və güc verir.

Güc və sağlıq diləyirəm sizə Tofiq bəy! Qabaqlar mən sizə yazardım: "Qızlarınızın yanında daimi olaraq olmağa söz verirəm". Amma indi düşünürəm ki, onlar sizə yazacaqlar ki, məni tək buraxmayacaqlar... Bununla hər şey deyilmiş olur... Siz onları güclü və güvəniləsi insanlar kimi tərbiyə etmisiniz.../azadlıq/
1236 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı