Şrift ölçüsü:
A+
A
A-
Kr
19 İyun 2014

“İŞİD - Corc Buşun mirasıdır”

Hacı İlqar İbrahimoğlu: “Allahu Əkbər” deyərək qətliam törətmək, “Allahu Əkbər”in mahiyyətinə ziddir"

Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiə Mərkəzinin sədri, İçərişəhər “Cümə” məscidinin imam-camaatı, ilahiyyatçı-filosof Hacı İlqar İbrahimoğlu “Yeni Müsavat” qəzetinə geniş müsahibə verib. Qəzetimizin baş redaktoru Rauf Arifoğlunun, yazarımız Kənan Rövşənoğlunun və siyasi şərhçi Azər Rəşidoğlunun sualları əsasında hazırlanan müsahibənin ikinci hissəsini təqdim edirik.

- İraqda insanları qətlə yetirənlər “Allahu Əkbər” deyib, qətli həyata keçirirlər. Belə hərəkətlər 1400 əvvəl də olub. O zaman deyirdilər ki, bu, cahillikdir. İndi 21-ci əsrdə bəs nədir? Bəlkə İslamın qavranılmasında əngəllər var? Bəlkə İslam siyasi məqsədlər üçün alət olub? Səbəblər hansıdır? 
- Ümumilikdə biz günümüzdə də görürük ki, bu və digər şüarı deyib, onun tam əksini edən kifayət qədər insanlar var. Tarixdə də olub, bu gün də mövcuddur. “Demokratiya” şüarını deyib, tam əksini edənlər, “İnsan haqları” şüarını səsləndirib, əksini həyata keçirənlər kifayət qədərdir. Bu baxımdan da sadəlövh olmaq lazım deyil ki, kimsə “Allahu Əkbər” deyirsə, avtomatik olaraq bunu İslamın adına yazmaq lazımdır. “Allahu Əkbər” insanların əməlində təzahür tapmalıdır. Həm dildə deyilməlidir, həm də əməldə təzahür olunmalıdır. “Allahu Əkbər”  - insanın Allahı ən ulu, ən ali Varlıq bilməsidir və özünün onun qarşısında acizliyinin izharıdır. Bu sözü deyərək o cür cinayətlər eləmək - “Allahu Əkbər”in mahiyyətinə tamamilə ziddir. Amma dediyimiz kimi, bu, başqa ideolojilərdə də geniş yayılmış haldır. 

- Geniş yayılmasının səbəbi nədir? 

- Öncə o suala cavab axtaraq ki, bunu eləyən insanlar çoxdurmu? Milyard yarım müsəlman toplumunun içində bunu eləyən insanlar çox deyillər. Sadəcə olaraq, bu düşüncədə olan və bu düşüncəni həyata keçirən insanlar daha passionar surətdə, daha aktiv və aqressiv qaydada səfərbər olurlar. Onlar üçün bu şərait yaradılır. Bu düşüncənin vaxtilə məktəbləri yaradılıb, hörgütləşiblər. Avtoritar müsəlman ölkələrinin hakimiyyətləri üçün də bu, sərf edir. Bir var bunlar gerçək İslam mahiyyətli siyasi hərəkatla üz-üzə qalsınlar, bir də var ki, bütün dünyanın rahatca qınaya biləcəyi terror hörgütü ilə, həm də guya  İslam adına, üz-üzədirlər. Belə vəziyyətdə elan edə bilirlər ki, biz terrorçularla mübarizə aparırıq. Genəl miqyasda bunun bünövrəsini qoyanlardan biri Corc Buş olub. Corc Buş bundan geopolitik oyunları üçün əla istifadə edib. Yəni dünyada istədiyi yerə girmək üçün istifadə etdiyi mövzulardan biri “Əl-Qaidə” projesi olub. Mahiyyətcə İŞİD-lə “Əl-Qaidə” eyni şeydir. Bu gün CNN-in təhlillərindən birində mütaliə elədim. Orada iddia olunurdu ki,  İŞİD - Corc Buşun mirasıdır. İndi də çox təhlükəli oyuna başlayıblar. 

- İslam ümməti yaranmış vəziyyətdən necə çıxacaq?

“Əminəm ki, bu məsələlərin İslam ümməti üçün yaşatdığı bütün ağrılarla, narahatlıqlarla yanaşı, ciddi dərslər də çıxarılacaq”


- Mən qəti əminəm ki, bu məsələlərin İslam ümməti üçün yaşatdığı bütün ağrılarla, narahatlıqlarla yanaşı, ciddi dərslər də çıxarılacaq... 

- Amma dünyada da və ölkəmizdə də İslam faktoruna bir az ehtiyatlılıq yaranır... 

- Bu, ilkin reaksiyadır və təbii reaksiyadır. İslam ümmətinin özündə də bu məsələlərə yenidən bir özünütəftiş, nəzər salma olacaq. İnsanlar bunun da fərqinə varacaqlar ki, gerçək İslamın təmsilçiləri irəli çıxmadıqları zaman, onlar İslamı yaşatmadıqları zaman, onlar İslamın gözəl mahiyyətlərini çatdırmadıqları zaman İslam bu cür qrupların əlində alətə çevriləcək. Mən hesab edirəm ki, ən gözəl immunitet - gerçək İslamı toplumunda yaşatmaqdır. Yəni haqqında söhbət etdiyimiz zərərli qruplar virusdursa, onun anti-virusu toplumda gerçək maariflin, həqiqi bir İslam ruhiyyəsinin olmasıdır. Bu olmayacaqsa, gerçək İslamın, gerçək İslam əxlaqiyyatının, gerçək İslam mənəviyyatının, dünyagörüşünün, fəlsəfəsinin inkişafına əngəl törədiləcəksə, zərərli tendensiyalar üçün meydan açıq olacaq. Gerçək İslamın maarifçiliyinin qabağını alanlar öz övladlarının, nəvələrinin də təhlükələrə gedib düşmələrinə hazır olmalıdırlar. Yeri gəlmişkən, Azərbaycanda illərlə İslamla mübarizə aparan bir sıra insanlar var ki, onların övladlarının, nəvələrinin içində təkfirçi-vəhhabi ruhiyyəyə qoşulmuş insanlar var. 
İnsan mənəviyyat axtarışındadır. Ona gerçək mənəvi imkanlar vermədikdə onun əvəzedicilərini axtarır. Bu, tam təbii bir məsələdir. Hansı ölkə bundan qorunmaq istəyirsə, yolu bünövrəli olaraq ölkədə normal mənəvi bir mühitin, normal inanc mühitinin yaradılmasıdır. Ən gözəl sığorta budur. Bu da təhsildən, maariflənmədən keçir. 
 
- Bir müşahidə də var. Region dövlətləri və İraqa nəzarəti həyata keçirən Amerika İŞİD-in qarşısında aciz duruma düşüb. O cümlədən də Türkiyə. Qardaş Türkiyənin yüzdən yuxarı vətəndaşını və Mosuldakı konsulunu əsir aparıblar. Bu gün 16 iyundur, hələ də qos-qoca Türkiyə dövləti öz girovlarını buraxdıra bilməyib. Bu acizliyin səbəbi nədir? Bəzi iddialarda deyildiyi kimi, onlarla işbirliyi içərisində olmaqdırmı, yoxsa ortada başqa məsələlər var? Necə olur ki, kəşfiyyatların, şəbəkələrin intensiv işlədiyi bir bölgədə bir qrup bu cür əməliyyatlar həyata keçirə bilir, komandosların qoruduğu konsulluğu basır və insanları girov götürürlər? 

“Regionun üç mühüm dövlətinin bu məsələlərdə birgə fəaliyyət göstərmək kimi tarixi vəzifələri var”


- Kifayət qədər ciddi sualdır və bu sualda ciddi narahatlıqlar özünü göstərir. Pərdəarxası bir çox şeylər baş verməkdədir. Biz yəqin ki, yaxın həftələrdə, yaxın aylarda gerçəkdən nə baş verdiyini aydın biləcəyik. Hələlik bunu deyə bilərik ki, İslam kimlikli ümmətçi perfomans Türkiyədə hər zaman olub, itməyib. O cümlədən, sayın Ərdoğan cənabları da bu perfomansın hər zaman iddiasında olub, xüsusən də ilkin dövrlərində. Təəssüflər olsun bu gün o perfomans yetərincə sərgilənmir. Bir neçə il öncə bütün İslam dünyasının, bütün müsəlmanların gördükləri o perfomans doğrudan da özlənilir. Regionun üç mühüm dövlətinin bu məsələlərdə hər mənada tarixi vəzifələri var ki, birgə fəaliyyət göstərsinlər. Bu dövlətlər - Türkiyədir, İrandır, Misirdir.  

- Bu gün o birgəlik varmı? 

- Təəssüf ki, yoxdur. 

- Niyə yoxdur? 

- Çünki o birgəlik bu gün əslində heç cür sərf eləmir beynəlxalq güclərə. Amma bir neçə il öncə o birgəliyin çox ciddi potensialı var idi və bunun üçün çox gözəl fürsətlər yaranmışdı. Təəssüflər olsun ki, o mərhələ geridə qaldı. Suriya düyünü o birgəliyi dağıtdı. Suriyadan öncə Yəməndə təkfirçilərin cinayətlərinin bir forması baş verirdi. O zaman yetərincə təpkilər olmadı. Bu iki hadisə zamanı - Yəmən və Suriya dönəmində sinxron, harmonik hərəkətlənmə baş vermədi. İndi təəssüflər olsun ki, nəticə etibarilə çox pis vəziyyətdir. Misirin özündə də hərbiyyənin hakimiyyətə yenidən qayıtması bəlli bir problemləri meydana çıxardı. Türkiyənin özü hal-hazırda kifayət qədər gözlənilməz bir situasiyaya düşüb. ABŞ toplumunda Ukrayna hadisələri ilə bağlı müzakirələr, debatlar gedir; lakin bu debatlar İraqda baş verənlərlə bağlı müşahidə olunmur. Bunlar hamısı medianın da təsirindən irəli gəlir. Çünki media mövzunu bir qədər fərqli formatda, fərqli müstəvilərdə çatdırmaq istəyir. Amma İraqda baş verənlər o qədər dəhşətlidir ki, nəyisə gizlətmək də olmur. Baxın, İslam Konfransı Təşkilatı adında bir qurum var. Hələ İraqda həyata keçirilən qətliamla bağlı ortaya konkret mövqe qoymayıb. Bir həftədir böyük bir cinayət baş verib. Ortada heç bir reaksiya yoxdur. Ərəb Ölkələri Liqası isə artıq münasibət bildirib.  

- İraq şiələrinin lideri Sistaninin fətvasını yəqin ki, bilirsiniz. Bu, münasibətləri daha da gərginləşdirməyəcəkmi? Yəni o fətvanın əsas mahiyyəti nədir? 

- İraqda olan bütün şiə və sünni üləma liderləri hamısı fətva ilə çıxış edib.. . - Nə deyiblər? 
- Hamısı bəyan edib ki, vətənin müdafiəsinə qalxmalıdırlar. Vətəni müdafiə etmək imandandır. Yəni müdafiə fətvası verib. Vətənin, xalqın rastlaşdığı təhlükəyə, terror hörgütlərinə qarşı mübarizə fətvası veriblər. Həm şiə üləmalarının, həm sünni üləmalarının, həm şiə akademik mərkəzlərinin, həm sünni akademik mərkəzlərinin fətvalarında heç bir kardinal fərq yoxdur, ümumi yanaşma var. Bu gün ən ciddi təhlükə - türkmənlərlə bağlıdır. Türkmənlərin bir hissəsi Cəfəri məktəbindədir, bir hissəsi Hənəfi məktəbindədir. Bunların hər ikisi də eyni təhlükə ilə üz-üzədirlər. Mosulda 12 nəfər ruhanini terrorçular edam elədilər. Həmin ruhanilər sünni ruhaniləri idi. Onlar terror hörgütlərinə tabe olmadıqları, terrorçuları qəbul etmədikləri üçün edam edildilər. Bu cür rahatlıqla sünni, şiə fərqi qoymadan, azyaşlı uşaqları belə qırırlar. Mosulda gənclər kafedə yığışıb futbol üzrə dünya çempionatını izləyirmişlər. Gəlib onları aparıb şallaqlayıblar, işgəncə veriblər. Bütün bunları deməkdə bir daha vurğulamaq istəyirəm ki, İraqda qətiyyən məzhəblərarası mübarizə baş vermir. Bir tərəfdə mahiyyət etibarilə müsəlmanları qırmağa hazır olan bir terror hörgütüdür, bir tərəfdə isə şiəli-sünnili müsəlmanlardır. Yəni qətiyyən burada hansısa məzhəb qütbləşməsindən söhbət gedə bilməz. Kənardakılar bundan nə üçünsə daha çox danışırlar. Görünür, kənardakıların maraqları var ki, bu, belə təqdim olunsun. İraqın daxilində şiəli-sünnili hamının yanaşması birdir - vətən təhlükədədir, vətən terrorla üz-üzədir və buna qarşı qalxmaq lazımdır. 

- Bəlkə, Türkiyə baş naziri Ərdoğanın hadisələrə bir qədər soyuqqanlı yanaşması da şiə məzhəbi amili ilə bağlıdır; türkmənləri öz məzhəbindən bilmir? 

- İŞİD-in ideolojisində təkfirçi vəhhabilik olduğu üçün ən prioritet mövzularından biri Əhli-beyt yolçularına qarşı aqressiyadır. Ərdoğanın isə soyuqqanlı yanaşması üçün heç də münasib dönəm deyil. Çünki ən azından, Türkiyə konsulluğuna hücum olub, türk diplomatları girov götürülüb. Bu, Türkiyəyə də meydan oxumaqdır. Ona görə deyirəm ki, Türkiyə rəhbərliyinin soyuqqanlı davranması üçün münasib vaxt deyil.  

- Azərbaycanda məlum hadisələrlə bağlı məzhəblər arasında dialoqa ehtiyac varmı? 

- Bu gün Azərbaycanda kifayət qədər ümumi konsensus var. Hamı bu hadisələri pisləyir və mənfi dəyərləndirir. Amma bildiyiniz kimi, normal müzakirələr üçün imkanların olmaması, ümumiyyətlə bu məsələləri dəyərləndirmək üçün yetərincə sosioloji araşdırmaların olmaması İŞİD kimi təhlükələrin Azərbaycanda da nə qədər olub-olmamasını elmi əsaslı dəyərləndirməyə imkan vermir.  

“Telekanallarda gerçək İslamın təbliğatına olan senzuralar yığışdırılmalıdır, dini ədəbiyyata senzura götürülməlidir”


- Siz bir konsepsiya hazırlamısınızmı ki, cəmiyyətə, hakimiyyətə, müxalifətə təklif edilsin? 

- Azərbaycanın bu məsələlərinə kifayət qədər diqqətli yanaşmalıdır. Azərbaycan müsəlman toplumudur. İnsanlar, hətta uşaqlar bu mövzu ilə maraqlanır. Ona görə də mən düşünürəm ki, bu mərhələdə çox yerinə düşər ki, populist, şoulaşan formatda İslamla bağlı mövzular deyil, gerçək İslam maarifçiliyi ilə bağlı imkanlar daha da artırılmalıdır. Diqqət etsək, telekanallarda müzakirəyə çıxarılan mövzular şou xarakterlidir. Mən düşünürəm ki, bunların da ciddi zərəri var. Ona görə mən düşünürəm ki, mütləq yaxın dönəmlərdə telekanallarda gerçək İslamın təbliğatına olan senzuraların yığışdırılmasına nail olunmalıdır. Ölkədə İslam maarifçiliyi üçün minimal da olsa, şəraitlər olmalıdır ki, insanlar öz fəaliyyətlərini göstərə bilsinlər. Təhsil almış minlərlə ilahiyyatçı və ruhanilərə öz mənəvi missiyalarını həyata keçirmək üçün fürsətlər verilməlidir. Bunlar olmayacağı halda yerləri boş qalmayacaq və biz ciddi təhlükələrlə, təhdidlərlə üz-üzə qalacağıq. Diqqət eləsək, istər İranda, istər Türkiyədə kənardan elementlərin gəlib dominantlıq eləməsi, təhlükə yaratması mümkün deyil. Çünki bu ölkələrdə artıq İslamla bağlı oturuşmuş maarifçilik ənənəsi var və bu gün də davam edir. O cür təhdid mənbələri, boşluq olan ölkələrdə özünə yer edə bilir. Biz ölkəmizi bu təhdidlərdən qorumaq üçün ilk növbədə gerçək İslamın təbliğini geniş miqyasda həyata keçirməliyik. Dini ədəbiyyata senzura qalmaqdadır. Bu senzura aradan qalxmalıdır.  

1720 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP