Şrift ölçüsü:
A+
A
A-
Kr
19 İyun 2014

“AKP iqtidarı ciddi çöküş yaşayır”

Atilla Kaya: “İhsanoğlu həm şəxsi keyfiyyətləri, həm dünyagörüşü ilə müxalifətin vahid namizədi modelinə ən uyğun şəxsdir”

İslam Əməkdaşlıq Təşkilatının baş katibi professor Ekmələddin İhsanoğlunun Türkiyə müxalifətinin 10 avqust prezident seçkisində vahid namizəd kimi irəli sürülməsi CHP və MHP daxilində fikir ayrılığı yaradıb. Müxalifətçilərin böyük bir hissəsi yüksək intellektini və təmiz keçmişini, uzun illər dünyanın nüfuzlu qurumlarında rəhbər vəzifələrdə çalışmasını əsas gətirərək E.İhsanoğlunu ən uğurlu namizəd sayır.

Digər bir qismi isə indiyə qədər siyasətə qarışmayan, bütün iqtidarlarla normal münasibəti olmasına baxmayaraq məsafəni qoruyan, toplumla işləmək təcrübəsi olmayan İhsanoğlunu AKP-nin ehtimal edilən namizədi Rəcəb Tayyib Ərdoğanın qarşısına çıxmaq və uzun illərdir gözlənilən qələbəni təmin etmək üçün çox zəif namizəd sayır.

Milliyyətçi Hərəkat Partiyasından İstanbul millət vəkili Atilla Kaya “Yeni Müsavat”a açıqlamasında bildirib ki, iqtidar partiyasının bütün çabalarına baxmayaraq müxalifət çox uğurlu bir seçim edə bilib: “Ekmələddin İhsanoğlu dünya çapında qəbul olunan dəyərli bir elm adamıdır. Belə bir şəxsin Türkiyə prezidentliyinə müxalifətin vahid namizədi olması ölkənin gələcəyi ilə bağlı böyük ümidlər yaradır. Bu gün Türkiyə faktiki olaraq Batı ilə Doğunun arasında gərgin dönəmdən keçir. Ölkənin güney-doğusunda PKK-nın vətəndaşlarımıza yaşatdıqları, eləcə də güney sərhədləri boyu davam edən savaş ölkəni sürətlə çətin bir duruma sürükləməkdədir. 12 ildir hakimiyyətdə qalan AKP iqtidarının ölkə həyatında yaratdığı bir qarışıqlıq var ki, bu durum təcili şəkildə nizama salınmalıdır. Təbii, belə bir durumda Türkiyədə təkcə ölkə içərisində deyil, beynəlxalq aləmdə avtoritet olan bir şəxsin prezidentlik etməsi vacibdir. İhsanoğlu həm şəxsi keyfiyyətləri, həm dünyagörüşü ilə müxalifətin vahid namizədi modelinə ən uyğun şəxsdir.

MHP içərisində təbii ki, fərqli düşünənlər də var. Bir çoxları populist çıxışları ilə məşhur baş nazir Rəcəb Tayyib Ərdoğanın qarşısına intellektualın çıxarılması ideyasına isti baxmır. Ancaq Türkiyə vətəndaşlarının böyük çoxluğu ölkə gündəmindən AKP-nin iç üzünü daha aydın görməyə başlayıb. Ümid edirəm ki, Türkiyə seçicisi ölkəni bürüyən xaotik durumdan çıxmaq üçün məhz Ekmələddin İhsanoğlu kimi bir liderə ehtiyac olduğunu anlayacaq”.
A.Kaya AKP-nin prezidentliyə namizəd irəli sürməməsi məsələsinə də toxunub: “AKP iqtidarı heç şübhəsiz ciddi bir çöküş yaşamaqdadır. Ətraflarındakı bütün dostları ilə indi düşmən münasibətlərdədirlər. Gördüyünüz kimi, hər keçən gün AKP içərisindən önəmli isimlərin istefa verməsi, baş nazirə yaxın insanların ondan uzaqlaşması haqqında xəbərlər yayılır. Ərdoğan iqtidarı zəiflədikcə hər kəsi özünə düşmən görməyə başlayıb və bu durum partiya içərisində ciddi gərginlik nöqtəsidir. Ehtimal edirəm ki, müxalifət uğurlu namizəd seçdiyi üçün AKP prezidentliyə namizəd məsələsinə yenidən baxacaq. Ərdoğanın namizəd olmayacağı da müzakirə edilə bilər. Çünki o, ilk turda qəti qələbə qazanmağı planlaşdırmışdı. Ölkənin güney-doğusundakı prosesləri faktiki PKK-nın ixtiyarına buraxması da bütün bölgədən dəstək almağa hesablanmışdı. Ancaq müxalifət AKP-nin bu planını pozub. Ona görə də AKP-nin ”B" planını işə salması da olduqca gözləniləndir".

Müxalifətin AKP üzərində qələbə üçün onun son seçkilərdə topladığı səslərin ən azı 6 faizini almasına ehtiyac var. Seçkinin avqustun 10-da keçirilməsi planlaşdırılan ilk turunda bu mümkün olarsa, 24 avqusta təyin edilən ikinci tura gərək qalmayacaq. Atilla Kaya deyir ki, hələlik ikinci turun olub-olmayacağı haqqında proqnoz vermək çətin olsa da ilk turun son dərəcə gərgin keçəcəyi gözləniləndir: “Çatı aday Türkiyə toplumunda liderlər səviyyəsində sayğı duyulan şəxsiyyətdir. Ona görə də vətəndaşın onu yaxşı tanımamasını indidən məğlubiyyət səbəbi kimi göstərmək əsassızdır. Həm millətçi kəsimin liderləri, həm solçular, həm sol mərkəzçilər, həm də ölkənin çoxsaylı dini cameələrinin liderləri professor İhsanoğlunun tərəfdarlarıdırlar. Türkiyə cəmiyyətinin özəlliklərindən biri də vətəndaşların söz sahiblərinin münasibətinə sayğı göstərməsidir. Bu səbəbdən ehtimal edirəm ki, İhsanoğlu vətəndaşın güclü dəstəyini qazana biləcək”.
A.Kayanın sözlərinə görə, indi ən önəmli məsələ seçkiyə qalan qısa zamanda E.İhsanoğlu ilə vətəndaşlar arasında münasibət yaratmaqdır. Bunun üçün isə Türkiyədə şərait yetərincədir. Bir sıra azadlıqlar məhdudlaşdırılsa da Türkiyə siyasilərinin rəqabət aparmaq imkanları, vətəndaşların isə seçim sərbəstliyi var. /musavat/
1444 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
04.12.16, 13:34