Şrift ölçüsü:
A+
A
A-
Kr
30 Oktyabr 2013

Doğrudanmı Səfər Əbiyev ən barışmaz düşməni ilə birləşir?

Cəmi iki həftə əvvəl keçmiş müdafiə nazirinə qarşı amansız kampaniya aparan şəxs qəfildən Əbiyevin hüquqlarını müdafiə etməyə hazır olduğunu elan etdi və orduda başlamış islahatlara qarşı çıxdı 

Yeni təyin olunmuş müdafiə naziri Zakir Həsənovun Müdafiə Nazirliyi sistemində on illərdir kök salmış korrupsioner şəbəkəni sökməyə başladığı bir vaxtda “Ehtiyatda və İstefada olan Zabitlər” İctimai Birliyi adından bu gün yayılmış bəyanat aydın səmada şimşək kimi çaxdı. Məlum oldu ki, cəmi iki həftə əvvələ qədər keçmiş müdafiə nazirinə qarşı amansız kampaniya aparan bu İctimai Birlik, daha doğrusu onun şübhəli imicə malik rəhbəri Yaşar Cəfərli Müdafiə Nazirliyi sistemində aparılmaqda olan kadr dəyişikliklərindən narahat olub və hətta “ictimai əsaslarla” Səfər Əbiyevin “hüquqlarının müdafiəsinə” hazırlaşır. 

Yaşar Cəfərli cəmi iki həftə əvvəl - Səfər Əbiyevin 18 ildən artıqdır tutduğu müdafiə naziri postundan uzaqlaşdırılmasına sayılı günlər qaldığı bir vaxtda ona qarşı növbəti ifşaedici faktı açıqlamışdı. Cəfərli iddia edirdi ki, Macarıstanın OTR Bank-ı Səfər Əbiyevin təkcə bir hesabda 65 milyon dollar pulunu dondurub. Cəfərli bu faktla bağlı Milli Təhlükəsizlik Nazirliyinə müraciət edirdi və tədbir görülməsinə çağırırdı. Keçmiş hərbçi hətta Əbiyevin çirkli pullarının köçürüldüyü bank hesablarını və köçürülən məbləğləri də göstərmişdi. Əbiyevin sevimli sözçüsü Eldar Sabiroğlu isə Cəfərlini ağır ifadələrlə təhqir edərək onun sifariş yerinə yetirdiyini deyirdi. 

Bu, Cəfərlinin Əbiyevə qarşı mübarizəsində yeganı epizod deyil. Keçmiş hərbçi müdafiə nazirindən şikayət etmədiyi ünvan buraxmayıb. Ondan hətta ABŞ prezidenti Barak Obamaya da şikayət göndərib. Səbəb bu idi ki, Cəfərli korrupsiyalaşmış nazirin Azərbaycandakı prezident seçkiləri ərəfəsində ABŞ-a dəvət olunmasını düzgün saymırdı. Bununla belə Cəfərlinin Əbiyevə qarşı mübarizəsində müəmmalı epizodlar da çox olub. Məsələn, o bir neçə dəfə müdafiə nazirinin evinin qarşısında piket təyin etsə də hər dəfə aksiyanı təxirə salırdı.

Əbiyevin və onun rəhbərliyi altında Müdafiə Nazirliyi sisteminin nə dərəcədə korrupsiyalaşdığına dair indiyədək mətbuat çox yazıb. Müdafiə Nazirliyinin adlarını gizli saxlayan bir qrup zabiti qəzetlərə göndərdikləri məktubda Əbiyevin bütün Müdafiə Nazirliyi sisteminə sirayət etmiş şəbəkəsi-“yağlı” vəzifələr tutan qohumları barədə ətraflı bəhs olunurdu. Bu baxımdan Y.Cəfərlinin Əbiyevə qarşı kampaniyasını keçmiş hərbçinin ordu sistemindəki korrupsiyaya qarşı mübarizəsi kimi qələmə vermək çətin deyildi. 

Lakin indi nə baş verdi ki, Əbiyevin ən qatı düşməni qəfildən onun “pozulmuş hüquqlarının” müdafiəçisinə çevrildi və Müdafiə Nazirliyindəki korrupsioner şəbəkənin sökülməsinə yönəlmiş islahatlara qarşı çıxdı? Doğrudanmı Əbiyevə qarşı döyüşən Cəfərli əsl “muzdlu döyüşçü” kimi “daha artıq haqq ödəməyə hazır olan” keçmiş nazirin tərəfinə keçib? Nə dərəcədə mümkündür və inandırıcıdır ki, vəzifədən uzaqlaşdırılmasından narazı qalan Əbiyev cəmi iki həftə əvvələdək ona sarsıdıcı hücumlar edən, şübhəli imicə malik keçmiş hərbçinin xidmətlərindən istifadə etməyə başlayıb? Bəlkə Cəfərlini son günlərədək Əbiyevə qarşı “döyüşdürən” “gözəgörünməz” qüvvələr indi onu keçmiş nazirin müdafiəçisinə çevirməklə vəzifəsini itirmiş general-polkovnikə son zərbələrini vururlar? 

Y.Cəfərlinin son günlər ortalarda görünmədiyi və xaricə getməsi də bu sualların boş yerə meydana çıxmadığını göstərir. Hələlik suallar açıq qalır, ancaq Səfər Əbiyevin mövqelərinin kəskin laxladığı vaxtlarda primitiv özünümüdafiə üsullarından istifadə etdiyi məlumdur. 

Məsələn, bu ilin yazında ordudakı əsgər ölümləri ilə bağlı geniş ictimai etirazlar başlayanda Müdafiə Nazirliyi sistemində xidmət edən bir qrup zabit, o cümlədən hərbi hissə komandirləri Səfər Əbiyevi tərifləyən “zəhmətkeş məktubları” yazmağa başladı. Bu məktub kampaniyasına ən sərt reaksiyanı elə hakim Yeni Azərbaycan Partiyasından verdilər. Partiyanın İcra Aparatının rəhbərinin müavini Siyavuş Novruzov Əbiyevi müdafiə edən “zəhmətkeş məktubları”ına imza atanların və bu kamaniyanı təşkil edənlərin hərbi nizamnaməni kobud şəkildə pozduğunu, belələrinə qarşı sərt tədbirlərin görülməsinin vacibliyini bildirdi.

Hələlik Y.Cəfərlinin təəcüblü bəyanatının arxasında hansı maraqların gizləndiyi qaranlıq qalır. Bununla belə qeyd etmək lazımdır ki, keçmiş müdafiə nazirinin Müdafiə Nazirliyi sistemində başladılmış dəyişikliklərdən narahatlıq keçirmək üçün ciddi səbəbləri olmamış deyil. 

Çünki bu dəyişikliklər heç şübhəsiz ki, keçmiş nazirin ordudakı bütün dayaqlarının aradan qaldırılmasına, hətta həbslərə aparıb çıxara bilər. Belə vəziyyətdə uzun illərdir özünə ictimai rəydə heç müttəfiq qazana bilməyən keçmiş nazirin indi bir neçə gün əvvələ qədər ona qarşı “döyüşmüş” keçmiş hərbçinin xidmətlərindən istifadə etməyə qərar verməsi mümkündürmü? Əgər belədirsə onda bəribaşdan aydındır ki, Y.Cəfərlinin xidmətlərindən istifadə etmək keçmiş nazirin vəziyyətini ancaq ağırlaşdırmağa xidmət edə bilərdi... /Virtualaz

1690 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı