Şrift ölçüsü:
A+
A
A-
Kr
21 İyun 2014

Ilahi, bizi HEÇ KIM olmaq dəhşətindən qoru!

Qətrə-qətrə, çimdik-çimdik, damcı-damcı... Beləcə, simamızı, ardınca adamlığımızı, ləyaqətimizi, abır-həyamızı itiririk. Elə itirə-itirə də baş alıb harasa gedirik...

Lənət şeytana! Dünənəcən burnu qanayan yad bir uşaq görəndə özündən gedən bizlər, bu gün diri-diri insan başlarının kəsilməsinə tamaşa edirik - özü də maraqla, bəzənsə, ləzzətlə (?!). Iynə ücü boyda günahı... olmayan insanlara atılan camura, böhtanlara,şər-şəbədələrə, onların təqib, təhqir, həbs edilməsinə biganəlik göstəririk. Ağzımızı kilidləyir, qulaqlarımızı bərk-bərk tıxayır, gözümüzü yumuruq: “Bizə dəxli yoxdu!- deyirik. ”Off!.. Şükür, güllə məndən yan keçdi!.." deyirik. “Nə yaxşı ki, tutulan, əzilən, döyülən, öldürülən biz deyilik!..” deyirik.

Haramı, yalanları, saxtakarlıqları, yaltaqlıqları, dəyyusluqları, ədalətsizlikləri görə-görə susuruq! Susuruq və susa-susa da öyrəncəli oluruq... Nəticədə, ürəyimiz buz bağlayır, özümüz isə laqeydləşir, keyləşir, həyasızlaşır, sırtıqlaşırıq - yavaş-yavaş, damcı-damcı, qətrə-qətrə, çimdik-çimdik, zərrə-zərrə!.. Bu azmış kimi: “Lənət sənə, kor şeytan!” deyirik. Öz elədikləriimizi, yəni öz eyibli-suçlu şələ-küləmizi şeytanın belinə yükləyirik. Doğrudan da, hamımızın vəziyyəti, necə deyərlər, ruscadı, bəlkə də elə ingiliscədi!.. Nə işıq gələn, nə də it hürən tərəfi seçib ayırd eləyə bilmirik ki, bilmirik. Elə bil azmışıq - yol-yolağanı, səmti itirmişik... Lap nağıllarda olduğu kimi: sağa getsən - öləcəksən, sola getsən - sağ qalmayacaqsan, qabağa getsən - ölməyinə ölməyəcəksən, amma sağ da qalmayacaqsan! (Bircə qalır arxaya getmək... ora da tərs kimi həmişə “zanit” olur).

Və günlərin bir günü ayılıb da güzgüyə baxacaq və görəcəyik ki, güzgüdən bizə baxan... HEÇ KIMDIR!

Ilahi, bizi HEÇ KIM olmaq dəhşətindən qoru! Amin!
1259 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber