Şrift ölçüsü:
A+
A
A-
Kr
21 İyun 2014

Orduda Əbiyev dönəmi təkrarlanır

Bir müddət ara verən əsgər ölümləri yenidən artıb

Üzeyir Cəfərov: «Belə davam edərsə, 2014-cü ildə əsgər ölümləri rekorda həddə çatacaq»

Ötən il Səfər Əbiyevin müdafiə naziri vəzifəsindən azad edilərək onun yerinə Zakir Həsənovun təyin edilməsi ilk vaxtlarda orduda neqativ halların, əsgər ölümlərinin azalmasına gətirib çıxardı. Z.Həsənovun vəzifədə olduğu ilk ayların statistikasına baxanda da bunu görmək olur. Lakin son aylar orduda əsgər ölümləri faktları yenidən artıb. Belə hadisələrdən biri iyunun 20-də baş verib. Əsgər iki əsgər yoldaşını güllələyərək intihar edib.

Əsgər ölümlərinin bir müddət azalması, sonradan yeni artması ortalığa sual çıxarır. Əgər belə hadisələrin qarşısını almaq mümkündürsə, niyə Müdafiə Nazirliyi rəhbərliyi zəruri tədbirlər görmür?

Hərbi ekspert Üzeyir Cəfərov nazir dəyişikliyindən sonra bəzi vəzifəli şəxslərin işlərinə bir qədər məsuliyyətli yanaşdığını deyir. Buna səbəb o zaman həyata keçirilən kadr islahatlarıdır. Bir müddət keçəndən sonra isə komandirlərdə arxayınçılıq yaranıb. Bu arxayınçılıq da belə faciələrə gətirib çıxarıb.

Ekspertin sözlərinə görə, orduda faciələrin baş verməsinə səbəb komandirlərin əsgərlərin problemləri ilə maraqlanmamasıdır. Problemlə üzləşən əsgər silahdan istifadə edir.

Ekspert digər bir problem kimi əsgərlər arasında yaş fərqini göstərir: «Çağırış yaşına baxılmalıdır. Çünki 30-35 yaşında həyat təcrübəsi görmüş adamlarla məktəb partası arxasından durub gələn adam arasında çox böyük fərq var. Ona görə də onlar müəyyən məsələlərdə bir biri ilə dil tapa bilməyəndə avtomat silaha əl atırlar və nəticədə də belə faciələr yaşanır».

Ekspertin sözlərinə görə, vəzifəyə təyin olunduğu ilk vaxtlardan fərqli olaraq müdafiə naziri Zakir Həsənovun cəbhə bölgəsinə səfərlərini azaldıb. Baxmayaraq ki, müdafiə naziri ilk növbədə ordunun döyüş hazırlığı ilə də məşğul olmalıdır. Eyni zamanda baş qərərgah rəisi də az-az görünür. Buna səbəb isə kadr dəyişikliyi məsələlərinə görə nazirlə aralarında yaranan inciklikdir.

Ekspert belə davam edərsə, 2014-cü ildə əsgər ölümlərinin rekorda həddə çatacağını deyir: «Ötən il 100-ə yaxın əsgər itirmişdiksə, bu ilin tam olmayan 6 ayı ərzində artıq 44 nəfər dünyasını dəyişib. Ondan bir qədər də çox yaralı və xəsarət alanlar var. Generallar oturub fikirləşməlidirlər ki, hərbi xidmətdə olan komandirlər əsgərləri sağ salamat validenlərinə qaytarmalıdır. Çünki belə davam edərsə, sabah ordu sıralarına getməyə heç kimi tapa bilməyəcəyik. Bu hadisələr valideynlərdə də, cəmiyyətdə də çox böyük narahatçılıqlar, narazılıqlar yaradır»./azadlıq/
1360 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber