Şrift ölçüsü:
A+
A
A-
Kr
21 İyun 2014

Əsgərləri güllələyib sonra özünü vurdu

Cəbhə bölgəsində baş vermiş hadisə ilə bağlı cinayət işi başlanıb

Müdafiə Nazirliyi 2 əsgərin ölümü, 1 əsgərin yaralanması ilə nəticələnən silahlı insidentlə bağlı məlumat yayıb.
Nazirliyin saytında (mod.gov.az) yer alan məlumata görə, hadisə iyunun 20-də saat 06.45 radələrində cəbhə bölgəsində yerləşən N saylı hərbi hissəsində qeydə alınıb. Hərbi hissədə xidmət keçən əsgər Bəhruz Xəqani oğlu Ağakişiyev tabeliyində olan avtomatdan atəş açaraq əsgər Kamran İntiqam oğlu Əhmədovu yaralayıb və əsgər Neyman Elman oğlu Abdullayevi qətlə yetirib. Sonra isə əsgər B.Ağakişiyev silahından atəş açaraq intihar edib.
Yaralı əsgər K.Əhmədova ilk tibbi yardım göstərildikdən sonra hospitala yerləşdirilib. Vəziyyəti ağırdır.
Hadisə ilə bağlı cinayət işi başlanıb, Hərbi Prokurorluq tərəfindən araşdırma aparılır.
Bəs əsgər ölümlərinin qarşısını necə almaq olar? Hərbi ekspert Üzeyir Cəfərov bu kimi halların qarşısının alınması yollarından danışdı: “Bu məsələnin kökünü axtarmaq lazımdır. Problemlə bağlı görülən işlər barədə hesabat verməlidirlər. Əsgər ölümlərinin artırması bir səbəbi də güc strukturlarının tənbəlliyindən irəli gəlir. Elə gün, həftə olmur ki, əsgər ölümü xəbərini eşitməyək. Problemin çözülməsndə birbaşa Müdafiə Nazirliyi məsuliyyət daşıyır. İlk növbədə araşdırma aparmaq lazımdır ki, bu hadisələr hansı yaş həddində olur. O yaş həddinə uyğun da hərəkət etmək lazımdır. Daha çox əsgər ölümləri 18-27 yaş arasında olur. Bundan əlavə, insanları orduda hər hansı bir vəzifəyə təcrübəsinə uyğun olaraq təyin etmək lazımdır. Faktdır ki, hazırda ordumuza heç bir təcrübəsi olmayan insanlar rəhbərlik edir. Əsgər ölümləri ilə bağlı xəbərləri nə qədər eşitmək olar? Bu, artıq adi hal alıb. Dövlət bu istiqamətdə təcili tədbirlər görməlidir”. Ü.Cəfərov problemin çıxış yolunu qanunvericilikdə dəyişiklik etməkdə görür: “Orduya çağırılan əsgərlərin yaşayış şəraiti dərindən araşdırılmalıdır. Bunlar həyata keçirilmədən heç bir uğurdan danışmaq mümkün deyil. Biz mətbuat, ictimaiyyət olaraq, üzərimizə düşən işləri görürük. Təəssüf edirəm ki, bəzi insanlar görməli olduqları işi həyata keçirməkdə maraqlı deyillər.
Biz dəfələrlə Müdafiə Nazirliyinə, Milli Məclisin müvafiq komissiyasına təkliflər göndərmişik. Hazırda parlamentdə Ziyafət Əsgərovun rəhbərliyi altında Müdafiə və Təhlükəsizlik Komitəsi fəaliyyət göstərir. Komitənin üzvləri arasında hərbi peşəni bilən heç bir deputat da tapmaq mümkün deyil. Kiminsə hesabına cəlb olunan mütəxəssislər var ki, əsgərlik həyatı belə keçməyiblər. Təəssüflənirəm ki, dövlətdən kifayət qədər məvacib alan generallar işlərinə can yandırmırlar. Biz faktları sadalayırıq, amma nəticə çıxaran yoxdur".
Hərbi ekspert orduda baş verən ölüm hallarında qəsd ola biləcəyini də istisna etmir: “Biz kənardan müşahidə edirik. Amma bizə çatan xəbərlərə görə, əsgərlərin hərbi xidmətdən evə təxris olunmasına az qalmış yaramazlıqlar baş verir. Belə ki, hərbi xidmətini başa vurmuş əsgərlərin evə buraxılmasının qəsdən gecikdirilməsi halları baş verir. Bu, bir növ rüşvət alınması məqsədilə də ola bilər. Bunun nəticəsində bəzi əsgərlər əsəblərini cilovlaya bilmirlər. Nəticədə ölüm hadisələri olur”.
Bir müddət əvvəl “Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzi əsgər ölümlərinin qarşısını almaq üçün bir neçə təklif irəli sürüb. Həmin təkliflər bunlardır:
1) Əsgər ölümlərinin dəqiq statistikası, ölən və yaralıların adları, səbəblər dəqiq olaraq cəmiyyətə açıqlanmalıdır. Əsgər ölümlərində cinayəti olan şəxslərlə bağlı məlumatlar cəmiyyətə açıq olmalıdır. Bu istiqamətdə Hərbi Prokurorluq və Müdafiə Nazirliyinin Daxili Təhqiqat İdarəsi şəffaf işləməlidir. Bugünkü cəzasızlıq mühiti orduda daha çox itkilərin ortaya çıxmasına səbəb olur. Ona görə də cinayətdə rolu olanlar layiq olduqları cəzaları almalıdırlar ki, digərlərinə də dərs olsun, cəmiyyətə daim informasiya verilməlidir;
2) Hərbi hissələrdə insan hüquqlarının müdafiəsi, qanunların aliliyinin təmin olunması istiqamətində təxirəsalınmaz tədbirlər görülməlidir, hərbi qulluqçulara hüquqları barədə silsilə təlimlər keçirilməlidir. Əsgərlərə üzləşdikləri zorakılıqlarla bağlı dərhal ali-hərbi rəhbərliyə məlumat verməsi imkanları yaradılmalıdır. Zabitlərin insan hüquqları, xüsusilə də tabeçiliyində olanlarla münasibətlərinin təkmilləşdirilməsi istiqamətində xüsusi treninqlərə cəlb edilməsi vacibdir. Bu istiqamətdə NATO ölkələrinin təcrübəsindən xüsusi olaraq istifadə etmək olar. Büdcə vəsaitlərinə qənaət etmək üçün online təlimlərin, kursların keçirilməsi praktikasına başlamaq lazımdır;
3) Hərbi hissələrdə əsgərlərin mənəvi-psixoloji durumunun araşdırılmasına məsul şəxslərin peşəkarlığı artırılmalıdır, tərbiyəvi işlər üzrə zabitlərin bu istiqamətdə daim nəzarətdə saxlanılması, onların bilik və bacarıqlarının, o cümlədən onların həm də psixoloq kimi inkişaf etdirilməsi istiqamətində silsilə addımlar atılmalıdır;
4) Hərbi kadrların hazırlanması üzrə xüsusi dövlət strategiyası qəbul edilməlidir. Keyfiyyətcə yeni kadrların hazırlığına başlanılmalıdır və bu istiqamətdə Ali Hərbi Məktəblərin maddi-texniki imkanları, ən vacibi müəllim heyəti keyfiyyətcə yenilənməlidir. NATO üzvü olan ölkələri (xüsusilə də Türkiyə və ABŞ) təmsil edən pedaqoqların milli hərbi təlim-tədris sisteminə cəlb edilməsi vacibdir.
5) Hərbi qulluqçuların sosial rifahı gücləndirilməlidir ki, onlar kobud desək, “bir-birilərinin əlinə baxmasınlar”. Xüsusilə də zabitlərin məvacibləri, onlara mənzil kirayəsi üçün verilən pulun (hazırda 49 manat) həcmi bir neçə dəfə artırılmalıdır. Bu gün arxa cəbhədə leytenant rütbəli zabitlər təxminən 450 manat məvacib alırlar. Hesab edirik ki, bu məvacib minimum 1000 manatdan başlamalıdır;
6) Azərbaycanda Silahlı Qüvvələrin müqaviləli əsasa keçidini nəzərdə tutan dövlət sənədi hazırlanmalıdır. Çağırış sistemi tədricən müqaviləli sistemlə əvəzlənməlidir. Eyni zamanda xeyli hərbi vəzifələrə mülki şəxslərin təyin olunması prosesi genişləndirilməlidir;
7) Ümumilikdə ölkədə Silahlı Qüvvələrin quruculuq strategiyası qəbul edilməlidir ki, hərbi qulluqçular onları gözləyən gələcəyin nədən ibarət olduğunu aydın görə bilsinlər. Hazırkı məqamda hərbi qulluqçular arasında bu peşəyə qarşı inamsızlıq hissi hakimdir. Bu inamsızlığı aradan qaldırmaq lazımdır. Bəlli olmalıdır ki, dövlətin hərbi strategiyası nədir, hansı istiqamətlər prioritetdir və s./Musavat/
1447 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber