Şrift ölçüsü:
A+
A
A-
Kr
21 İyun 2014

Qarabağ əlili intihar anonsu verdi

“Torpaq üçün canını verənlər, indi torpaqdan məhrumdur”

Füzuli rayonunun Bala Bəhmənli kənd sakini, Əfqanıstan (II qrup) və Qarabağ (I qrup) əlili Tağıyev Məmməd Feyruz oğlu “Yeni Müsavat”a müraciət edərək, şikayətini yuxarı orqanlara çatdırmaq üçün kömək istəyib. Qarabağ əlili onlara göstərilən münasibətdən və həyətyanı torpaq sahəsi ala bilməməsindən şikayətlənib.

Əfqanıstan və Qarabağ əlili Məmməd Tağıyev bununla bağlı ölkə prezidentinə müraciət edib. Müraciətdə deyilir: “Cənab Prezident, Qarabağ əlili Zaur Həsənov Qarabağ və Qarabağ əlillərinə göstərilən münasibətə etiraz olaraq özünü yandırdı. Qarabağ və Qarabağ əlilləri məsələsi bir-biri ilə sıx bağlıdır. Hamı bilir ki, ermənilər Qarabağdan müharibəsiz çıxmayacaqlar. Atalar nahaq yerə deməyib ki, ”dua oxumaqla donuz darıdan çıxmaz".

Qarabağ əlili ölkə başçısına etdiyi müraciətdə onlara göstərilən münasibətə də toxunub: “Sovet dövründə 1941-1945-ci illərin veteranına hörmət o qədər yüksək idi ki, müharibəyə getməyənlər peşman idilər. Amma indi cənab prezident, elə vəziyyət yaranıb ki, Qarabağ müharibəsinə gedənlər buna peşmandır. Sovet dövründə vəzifədə irəli çəkilmək üçün müharibə əlili, yaxud veteran olmaq 1-ci şərt idi. Amma indi vəzifədə olan Qarabağ əlilini barmaqla saymaq olar. Əksinə, müdiriyyət biləndə ki, işçisi Qarabağ əlilidir, onu işdən çıxarır. Ona görə xəstəxanaya, idarə gedəndə Qarabağ əlili olduğumuzu gizlədirik. Yoxsa pis baxarlar ki, onlara pul vermərik.

Əvvəlki qanunlarla Qarabağ əlillərinə minik maşını 7 ildən bir verilməli idi. O qanunu Milli Məclis xalqdan gizli dəyişib. İndi ömür boyu bir dəfə verilir. Bu qanunun dəyişməsindən məlum olur ki, ya Azərbaycan kasıblayıb, ya da Qarabağ əlilinə ehtiyac yoxdur. Biz kütlənin içindən fərqlənib, gedib döyüşüb, yaralanmışıq. İndidə həmin kütlədən yazıq kimi yox, üstün kimi fərqləndirilməliyik. Bizə verilən pensiya da normal vəziyyətdə olmalıdır. I qrup əlilə həkim yazır ki, “kənar şəxsin qulluğuna ehtiyacı var”. Deməli, bizə verilən pensiya ikinci adama da aiddir. İndi mən aldığım pensiyanı iki adam arasında necə bölüm? Milli Məclis üzvünün aldığı 2000-2500 manatın yanında aldığım 390 manat elə cılız görünür ki, sizi bilmirəm, mən utanıram".

Şikayətçi Tağıyev Məmməd məktubda yaşadığı kəndin sabiq bələdiyyə sədrinin kəndin torpaq sahəsini başqa kənd əhalisinə satdığını bildirib: “Mən Əfqanıstanda sol əlimi və gözümü, Qarabağda isə sol ayağımın və sağ ayağımın 7 sm-ni itirmişəm. Döyüşdə fərqləndiyimə görə ”General Məhəmməd Əsədov" mükafatına layiq görülmüşəm. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə iki ildir, fərdi ev tikintisi üçün sənəd vermişəm. Arada bildirdilər ki, məni Əfqanıstan əlili kimi qeydiyyata götürüblər. 2013-cü ilin yazında təkrar sənədlər təqdim etdikdən sonra bildirdilər ki, daha səni Qarabağ əlili kimi qeydiyyata götürəcəyik. Amma adım hələ də siyahıda yoxdur. İndi də bələdiyyədən verilmiş həyətyanı torpağın sənədini istəyirlər. Mən ata yurdunda yaşayıram. Hansı ki, beş ildir, oğlumun adınadır. Artıq 20 ilə yaxındır ki, mən həyətyanı torpaq ala bilmirəm. Bala Bəhmənlinin sabiq bələdiyyə sədri Əliyev Hüseyn kəndin 12 hektar futbol meydançasını oğlunun adına özəlləşdirib. Kənd torpağını qonşu Əhmədbəyli kəndinə satıb. Mənə isə torpaq verilmir. Torpaq üçün canını verənlər, indi torpaqdan məhrumdur. Yeni seçilən bələdiyyə sədri isə bildirir ki, torpaq qurtarıb, yoxdur".

Qarabağ əlili məktubun sonunda özünü yandıracağını qeyd edib: “Qarabağ əlillərinə maddi və mənəvi köməyi sözdə yox, əməldə etmək lazımdır. Artıq bu son məktubumdur. Bədənimin yarısını bu torpaqlar uğrunda itirmişəm, qalan yarısını da itirməyə hazıram”./moderator/
1284 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...