Şrift ölçüsü:
A+
A
A-
Kr
21 İyun 2014

İntihar edən neftçinin ailəsi ağır durumdadır

“Hafka”nın şirkətində ixtisar olunan ixtisaslı kadrların yerinə qeyri-ixtisaslılar gətirilir...
İş adamı Hafiz Məmmədova məxsus şirkətdən işdən çıxarılandan bir müddət sonra intihar edən neftçinin ailəsi ağır durumdadır. Bu barədə “Yeni Müsavat”a özünü öldürən Etibar Kövsərovun keçmiş iş yoldaşları bildiriblər. Onların sözlərinə görə, bu ilin yanvarında ixtisar adı ilə işdən çıxarılan neftçinin maddi durumu çox ağır olub. İki övladı olan neftçinin uşaqlarından biri ali məktəbdə oxuyur, digəri isə 10-ci sinfi bitirib. Mərhumun həyat yoldaşı isə müəllimədir.

“Maddi durumları yaxşı deyildi, bir neçə ay işləməyən adam necə olur? Ailənin dolanışığı Etibar Kövsərovun qazancından çox asılı idi, uşaqları böyük idi, ailənin ehtiyacları vardı”,- deyə neftçinin yaxınları bildirib. Həmçinin bildirilir ki, sözügedən ixtisarlar zamanı ixtisaslı mütəxəssislərin çıxarılması daha geniş üsul olub. Hətta əksər ixtisar olunan ixtisaslı kadrların yerinə sonradan qeyri-ixtisaslı insanlar gətirilib. Həmçinin bildirilir ki, Etibar Kövsərovun yerinə də bir müddət sonra başqa şəxs işə götürülüb.

Bildirilir ki, neftçi özünü bağında asdıqdan sonra onu üç gün axtarıblar. Bağda asılmış halda tapıldıqdan sonra onun üstündən məktub da çıxıb. O, məktubda çox axtarsa da, iş tapa bilmədiyini və bu cür yaşaya bilmədiyini qeyd edib.

Hüquqşünaslar isə bildirirlər ki, əgər neftçinin ölümünə iş adamının səbəb olduğu sübut edilsə, onun cinayət məsuliyyətinə cəlb olunması istisna deyil. Hüquqşünas Müzəffər Baxışın sözlərinə görə, ilk olaraq neftçi Etibar Kövsərovun intiharının səbəbləri araşdırılmalıdır: “Əgər intihara bu işdən çıxartma səbəb olubsa, əgər sözügedən intihar həqiqətən ixtisarla bağlıdırsa, bu, sübut olunsa, Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi qaldırılmalıdır. Təqsirkar maddi cəhətdən ondan asılı olmuş zərərçəkmiş şəxslə amansız rəftar edibsə, ona hədə-qorxu gəlibsə, bu səbəbdən özünü öldürmə həddinə çatdırılıbsa, özünü öldürməyə cəhd edibsə, bu hallar sübut olunmalıdır. Neftçinin özünü öldürmə həddinə çatdırılması sübut edilərsə, Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi başlanıla bilər. Həmin adamı 3 ildən 7 ilə qədər həbs gözləyir. Amma hər bir halda şəxsin əməli- 125-ci maddənin distansiyasında göstərilən hallar sübut olunmalıdır”.
Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin rəhbəri Mirvari Qəhrəmanlı isə qeyd edib ki, 2014-cü ilin əvvəlində ölkədə fəaliyyət göstərən xarici şirkətlərdə kütləvi ixtisarlar başlananda o, bununla bağlı narahatçılıq və etirazını bildirib: “İşsiz qalanlar arasında müəyyən yaş həddində olanlar var ki, onlar nə təqaüd almırlar, nə də iş tapa bilmirlər. Onlar əsasən 45-60 yaş arasında olanlardır. Bu yaşda insanların da iş tapması problem olur. İnsanlar ixtisarlardan stress, narahatçılıq keçirirlər. Bir müddət əvvəl ”Neft-qaz tikinti tresti"ndə ixtisar edildiyini eşidən bir nəfərin ürəyi partlamışdı. İnsanlar çox böyük stress keçirirlər, bu, bir faciədir. Hasilat aşağı düşüb, yeni iş yerləri açılmır. İxtisarlar qadınlar üçün də böyük və ciddi problemlər yaradır".

Qeyd edək ki, iş adamı Hafiz Məmmədova məxsus “Bahar enerji” neft şirkətindən işdən çıxarılan neftçi intihar edib. Bu barədə Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı məlumat yayıb.

Hüquq müdafiəçisi bildirib ki, 40 yaşlı Kövsərov Etibar Nadir oğlu “Bahar enerji” əməliyyat şirkətində elektrik işləyib. Lakin ixtisarlar adı ilə işdən çıxarılıb.

İşini itirən elektrikçinin maddi durumu ağır olub: “”Hafka" belə istəmişdi. Etibar özünə iş tapa bilmirdi. O, bağında özünü asaraq intihar edib"./musavat/
1113 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber