Şrift ölçüsü:
A+
A
A-
Kr
24 İyun 2014

Ramiz Mehdiyevin Rusiyaya müəmmalı səfəri

Azərbaycan hakimiyyətindəki ruspərəstlərin fəallığı əks qrupları narahat edib

Azərbaycan hakimiyyətində ruspərəst qüvvələr xeyli fəallaşıb. Həmçinin onların sayı artmaqdadır. Əgər əvvəllər iqtidarda yalnız Prezident Administrasiyasının (PA) rəhbəri Ramiz Mehdiyev Rusiyaya yaxın şəxs kimi xarakterizə edilirdisə, artıq bu sıraya daha bir güclü fiqur əlavə olunub: Fövqəladə hallar naziri Kəmaləddin Heydərov. Hakimiyyətdaxili mənbələrdən sızan məlumatlara görə, bu qüvvələr ayrı-ayrı deyil, birgə fəaliyyətə üstünlük verirlər.
Yəni, Rusiya faktoru uzun müddət aralarında gərginlik olan Ramiz Mehdiyevlə Kəmaləddin Heydərovu bir araya gətirib. Hər iki məmurun komandası Rusiya ilə bağlı aktiv təbliğata başlayıb. Bundan başqa V Azərbaycan-Rusiya Regionlararası Forumun Qəbələdə keçirilməsi Kəmaləddin Heydərovun Kremllə yaxınlığının təzahürü hesab edilir. Ən diqqətçəkən məsələ Ramiz Mehdiyevin Rusiyaya səfəridir.
Iyunun 19-20-də Rusiya Federasiyasının Tatarıstan Respublikasının paytaxtı Kazan şəhərində Təhlükəsizlik məsələləri üzrə yüksək nümayəndələrin V Beynəlxalq görüşü keçirilib. Ramiz Mehdiyev də həmin görüşdə iştirak edib. Lakin AzərTac bu barədə məlumatı iyunun 23-də yayıb. Yəni, Ramiz Mehdiyevin Rusiyaya səfəri ən azı 3 gün gizlədilərək ictimaiyyətə heç bir məlumat verilməyib. Bu isə Ramiz Mehdiyevin Rusiyaya səfərində hansısa müəmmaların olduğunu deməyə əsas verir. Ekspertlər hesab edir ki, çox nadir hallarda səfərlər edən Ramiz Mehdiyevin yuxarıda qeyd etdiyimiz tədbirdə iştirak adı ilə Rusiyaya getməsinin kökündə Kreml rəsmiləri ilə Azərbaycan barədə hansısa ciddi müzakirələr dayana bilər. Yeri gəlmişkən, Ramiz Mehdiyev səfər çərçivəsində Rusiyanın Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev və müavini Rəşid Nurqaliyevlə ikitərəfli görüşlər keçirib. AzərTac Patruşevlə görüş barədə xəsisliklə məlumat yayıb. Bir cümlə ilə qeyd olunub ki, görüşdə ikitərəfli əməkdaşlığın inkişafı məsələləri müzakirə edilib.
Beləliklə, ruspərəstlərin fəallığı Azərbaycanla bağlı ciddi planların olduğundan xəbər verir. Əks qruplar baş verənlərdən ciddi narahat olub. Onların narahatlığı ölkənin deyil, öz talelərilə bağlıdır./azadlıq/
1376 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber