Şrift ölçüsü:
A+
A
A-
Kr
24 İyun 2014

“Sizin adınız elə qara dəftərə düşəcək ki...”

Leyla Yunus mətbuat konfransında “Maqnitski siyahısı”ndan danışdı
“Artıq Azərbaycanla bağlı da ”Maqnitski siyahısı" var. İlkin olaraq, siyahıya vicdan məhbusları barəsində ədalətsiz hökm çıxarmış altı hakimin adı daxil edilib". Bu barədə Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus iyunun 23-də keçirdiyi mətbuat konfransında məlumat verib. Leyla Yunus bildirib ki, siyahı Sülh və Demokratiya İnstitutunun nəzdində fəaliyyət göstərən Repressiyalara Qarşı Müqavimət Mərkəzi adından hazırlanıb.

Hüquq müdafiəçisinin sözlərinə görə, növbəti mərhələdə siyasi məhbusların qanunsuz həbsində əli olan, onların barəsində cinayət işlərinin istintaqını aparmış polis, prokurorluq və MTH əməkdaşlarının adları müəyyənləşdirilərək, siyahıya daxil ediləcək. Daha sonra isə bu həbslərin sifarişçiləri ilə bağlı araşdırma aparılıb, onların da kimliyi müəyyən ediləcək və həmin adlar da siyahıya daxil ediləcək. Qeyd edək ki, 2012-ci ilin dekabrında ABŞ insan hüquqları və qanunun aliliyinin pozulmasına görə məsuliyyət daşıyan şəxslərə qarşı fərdi sanksiyalar tətbiq edən Maqnitski Aktı qəbul edib. Qanuna əsasən, istintaq təcridxanasında “Hermitage Capital” investisiya fondunun auditoru Sergey Maqnitskinin ölümündə əli olduğu ehtimal olunan 60 nəfər rus məmuru və hüquq-mühafizə orqanlarının əməkdaşlarından ibarət “Maqnitski siyahısı” tərtib edilib.

Məmurların adları açıqlanmır. Siyahını Amerika senatoru Benjamin Kardin tərtib edib. Siyahıya adı düşmüş şəxslərə qarşı fərdi sanksiyalar tətbiq edilir, insan hüquqlarının pozulması ilə əlaqədar onlara ABŞ-a səfər etmək qadağan edilir. Maliyyə sanksiyaları da bura daxildir. “Sülh və Demokratiya İnstitutu 2009-cu ildən məhkəmələrin monitorinqini həyata keçirir. Azərbaycanda siyasi məhbusların sayının bu qədər artmasının əsas səbəbi ölkədə müstəqil məhkəmə sisteminin olmamasıdır. Bizim təşkilatın siyahısında 90 nəfər siyasi məhbus, 40 nəfər də vicdan məhbusunun adı var. Avtoritar rejimin hökm sürdüyü Azərbaycanda repressiyaların qarşısını almağın yollarından biri insan haqları və qanunları tapdalayan, ölkənin Avropa Şurası, Avropa İttifaqı, ATƏT kimi təşkilatlar qarşısında üzərinə götürdüyü öhdəliklərə əhəmiyyət verməyən məmurlara qarşı sərt sanksiyaların tətbiqidir. Sanksiyalar deyərkən, Allahsız, insanlıqdan kənar, qanunazidd qərarlar qəbul edən, addımlar atan məmurların ABŞ və Avropa Birliyi ölkələrinə səfərlərinin qadağan olunması, onların həmin ölkələrdəki bank hesablarına qadağa qoyulması və digər tədbirlər nəzərdə tutulur”, - deyə Leyla Yunus bildirib.

Qeyd edək ki, Leyla Yunusun hazırladığı ilkin siyahıya Bakı Ağır Cinayətlər Məhkəməsində NİDA-çıların işi üzrə prosesə sədrlik etmiş hakim Cavid Hüseynov, elə həmin məhkəmədə jurnalist Pərviz Həşimlinin barəsində hökm çıxarmış Novruz Kərimov, Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli və bu qurumun icraçı direktoru Bəşir Süleymanlının işinə baxmış Rauf Əliyev, hüquq müdafiəçisi və milli azlıqların qəzeti olan “Tolışi-Sədo”nun baş redaktoru Hilal Məmmədova qarşı hökm çıxarmış Azər Orucov, Lənkəran Şəhər Məhkəməsində Müsavat başqanının müşaviri Yadigar Sadıqlının məhkəməsinə sədrlik etmiş Elçin Kazımov və Şəki Ağır Cinayətlər Məhkəməsində “İsmayıllı işi”, o cümlədən REAL Hərəkatının sədri İlqar Məmmədov və Müsavat başqanının müavini Tofiq Yaqublu ilə bağlı hökm vermiş Rəşid Hüseynovun adları daxil edilib.

Üçüncü mərhələdəki siyahıya isə bu işlərlə bağlı sifariş verənlərin adları daxil ediləcək. Hüquq müdafiəçisi bu şəxslərin kimliyi ilə bağlı araşdırma aparacaqlarını dedi.
L.Yunus konfransda həmçinin özü ilə bağlı başlanan cinayət işindən də danışdı. Dedi ki, ondan ifadə verməsi tələb olunur: “Mən getmədim. Çünki ora getməyim qanunsuz idi. Onlara eşitdirmək istəyirəm ki, mübarizəmi sona qədər davam etdirəcəm. Sizin adınız elə qara dəftərə düşəcək ki, ömür boyu yadınızdan çıxmayacaq. Mən buna söz verirəm. Vicdan və siyasi məhbuslarla yanaşı, sizin də adınız birbəbir yayılacaq dünyada”./musavat/
1126 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi