Şrift ölçüsü:
A+
A
A-
Kr
24 İyun 2014

“Sovetski” hasarlandı: Narazı sakinlər isə etirazlarını davam etdirirlər - Fotolar

“Əvvəlcə sakinlərin hamısı dedi ki, evlərini satmayacaqlar. Amma bir müddət sonra hamısı öz sözündən vaz keçdi”. 

Bu sözləri musavat.com-un əməkdaşına “Sovetski” sakinləri deyib. 

Keçmiş “Sovetski”, indiki Nərimanov prospektinin ətrafı hasarlanıb. Sakinlərdən aldığımız məlumata görə, hasarlanmanın səbəbi həmin evlərin satılmasıdır. Adı çəkilən ərazidə olduq. Həqiqətən də yolun sağ tərəfi metal örtüklə sona qədər hasarlanmışdı. 

Sakinlərdən aldığımız məlumata görə, hasarlanan ərazidə yaşayanların çoxu icra orqanının təklif etdiyi kompensasiya ilə razılaşıblar. Buna görə də, söküləcək ərazi hasarlanıb. Ərazinin hasarlanması Yasamal rayon İcra Hakimiyyətinin göstərişi əsasında olub.

Hasara alınmış ərazidə yaşayan sakinlərə yaxınlaşdıq. Onların böyük hissəsi evini deyilən qiymətə, yəni, bir kvadratı 1500 manatdan satmağa razılaşıblar. 

“Məcbur qalıb razılaşdım. Pulumu gözləyirəm”

İcra Hakimiyyəti ilə razılaşan sakinlərdən biri olan Sadıq Fərəcovun dediklərinə görə, o, öz evini məcbur olaraq satıb: “Mən lap əvvəldən evlərimizin sökülməsindən narazı olanlardan biriyəm. Axıra qədər də satmaq fikrim yox idi. Amma məcbur qaldım. Çünki sağ və sol qonşum çoxdan razılaşıblar. Artıq başqa yerdə ev də alıblar. Bu yaxında həmin evləri sökəcəklər. Söküntü zamanı toz-torpaq əlindən burada yaşamaq olmazdı. Ən əsası da qazı, suyu, işığı kəsəcəklər. Mənim də evdə iki nəvəm var. Məcbur qalıb, razılaşdım. Pulumu gözləyirəm”. 
 

“Bəlkə boğularaq, ölməyimizi istəyirlər?”

Hələ də verilən pullarla razılaşmayan sakinlər də var. Onlardan biri də 68 yaşlı Xanım nənədir: “Mən neçə ildir ki, burada yaşayıram. Heç yerə gedən deyiləm. Kimlərisə qorxudaraq, məcburən evini ala bilərlər. Məni isə qorxutmaq mümkün deyil. Heç kəsdən qorxmuram. Verdikləri pulla mən heç yerdə ev ala bilmərəm. Gəlib evimin yanını dəmir parçalarla hasarlayıblar. Pəncərədən bayıra baxa bilmirəm. Evimə hava gəlmir. Bəlkə boğularaq, ölməyimizi istəyirlər?”

“Bizdən nə istəyirlər? Yaşamayaq..?”

Yol kənarında ticarətlə məşğul olan sahibkarlar da şikayət edirlər: “Bizdən nə istəyirlər? Yaşamayaq..? Bir tikə çörək pulu üçün burada saatlarla dayanırıq. Gəlib, obyektimizin qabağını hasarlayıblar. Yoldan keçən haradan bilsin ki, hasarın dalında mağaza var? Belə biabırçılıq olmaz, axı...”
  

“Ümidim Allaha qalıb”

Adı çəkilən ərazidə olduğumuz müddətdə divara yapışdırılmış elanlar diqqətimizi çəkdi. Həmin elanlar ev və torpaq satılması haqqında idi. Elan vərəqələrində əsasən Bakının kəndlərində və qəsəbələrində satılan evlərin qiymətləri yer alırdı. 

Elanlara baxdığımız zaman “Sovetski” sakinlərindən biri bizə yaxınlaşdı: “Görürsünüz? Elanlarda da bizə bildirirlər ki, bizə verilən pulla ancaq Bakının kəndlərində ev almaq olar. Kimin evinin sahəsi böyükdürsə, ona sərf edir. Alacağı pulla normal ev ala bilirlər. Digərlərinin isə mənim kimi ümidi Allaha qalıb. Bəziləri deyirlər ki, evi balaca olanlara dövlət tərəfindən ev veriləcək. Amma hələlik bir xəbər yoxdur”.

Xatırladaq ki, Yasamal rayon İcra Hakimiyyəti başçısının birinci müavini, İcra Hakimiyyətinin nəzdində yaradılmış Köçürmə Komissiyasının sədri Səməd İslamov mətbuata açıqlamasında bildirmişdi ki, “Sovetski” məhəlləsində bu günə qədər 3200 ünvanda ölçmə və inventarlaşdırma aparılıb, 1500 sakin tərəfindən isə mülkiyyətlərinin dövlətə satılması ilə əlaqədar müraciət edilib, 1043 mənzil sahibi ilə razılaşma əldə edilib, 140 mənzil sökülüb./musavat/























1307 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 12:19