Şrift ölçüsü:
A+
A
A-
Kr
25 İyun 2014

Cəmil Həsənli İlham Əliyevə cavab verdi

Milli Şuranın sədri ölkə başçısının AŞ PA-da səsləndirdiyi iddiaları alt-üst etdi

Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinə sədrlik etməsi ilə əlaqədar ölkə başçısı Ilham Əliyev iyunun 24-də AŞ Parlament Assambleyasında çıxış edib. Çıxışdan sonra sualları cavablandıran Ilham Əliyev Azərbaycanda son prezident seçkisinin azad və ədalətli keçirildiyini, ölkədə siyasi məhbus problemi olmadığını, xalqın müxalifəti dəstəkləmədiyini iddia edib.

Milli Şuranın sədri Cəmil Həsənli Ilham Əliyevin iddialarına münasibət bildirib. O, “Azadlıq”a açıqlamasında ilk olaraq ölkə başçısının 2013-cü ildə keçirilən prezident seçkisilə bağlı fikirlərinə toxunub. Cəmil Həsənli bildirib ki, Ilham Əliyevin dediklərindən fərqli olaraq 2013-cü ildə keçirilən prezident seçkisi total saxtakarlıqla müşayiət olunub. Hətta bu saxtakarlıq beynəlxalq miqyasda da təsdiqlənib: “Ilk dəfə olaraq ATƏT-in Varşava bürosu Azərbaycanda keçirilən seçkilər haqqında həqiqətləri açıqladı. Onlar bəyan etdilər ki, səslərin sayılmasını məntəqələrin 58 faizində pis, ya da çox pis qiymətləndirirlər. Nəzərə alsaq ki, ATƏT-in elan etdiyi bu rəqəm 2008-ci ilin prezident seçkisində 23 faiz, 2010-cu ilin parlament seçkilərində 32 faiz olub, o zaman bu 58 faiz çox pis tendensiyadır. Yəni, əslində ölkədə seçki sahəsində müsbətə doğru irəliləyiş olmalıydı. Amma biz əksini gördük. Bunun da səbəbi əlbəttə ki, hakimiyyətin sosial dayağının olmaması ilə bağlıdır. Əminliklə deyə bilərik ki, 2013-cü ildə Azərbaycan xalqı Ilham Əliyevə səs vermədi. Mərkəzi Seçki Komissiyası və icra orqanları müxtəlif saxtakarlıq üsulları ilə onu qalib çıxardı. Bütün natəmiz əməllər sınaqdan keçirildi. Indi təbii ki, Ilham Əliyev hər dəfə beynəlxalq tədbirlərdə çıxış edəndə bu suallarla qarşılacaq. Çünki beynəlxalq ictimaiyyət Azərbaycanda baş verənlərdən xəbərdardır. Yeri gəlmişkən, 2013-cü il seçkisilə bağlı nəinki Azərbaycanda, ümumiyyətlə Avropanın seçki tarixində baş verməyən hadisə baş verdi. Avropa Şurasının Müşahidə Missiyası və Varşava bürosunun Müşahidə Missiyası fərqli rəylərlə çıxış elədi. Halbuki onlar hər dəfə bütün çətinliklərə baxmayaraq kompromisə gələrək vahid mövqedən çıxış edirdilər. Amma bu dəfə mövqelər bir-birindən o qədər fərqlənirdi ki, Azərbaycan hakimiyyəti tərəfindən ələ alınmış Avropa Şurasının Müşahidə Missiyası ATƏT-in mənfi rəyinə qoşulmadı. Bundan başqa Avropa Parlamentinin Müşahidə Missiyası da öz rəyindən imtina etdi. Çünki o rəydə seçki saxtakarlığına göz yumulmuşdu. Beləliklə, birmənalı demək olar ki, 2013-cü il prezident seçkisi saxtalaşdırılıb".

Cəmil Həsənli əlavə edib ki, demokratik düşərgənin xalq arasında dayaqları güclüdür. Xalq hakimiyyətə deyil, demokratik düşərgəyə ümid bəsləyir. Lakin Azərbaycandakı avtoritar rejim xalqı qorxu altında saxlayır. Müxalifətin aksiyalarına az sayda insanın gəlməsi də bununla bağlıdır: “Azərbaycanda vətəndaşların azad şəkildə fikirlərini ifadə etməsi üçün şərait yoxdur. Bundan başqa etiraz aksiyaları üçün əlverişli yer ayrılmır. Hətta əlverişsiz yerlərdə belə MTN və polisin mülki geyimliləri insanlarda xof yaratmaq var-gəl edir. Həmin yerlərə kameralar quraşdırılır və s. Bir məqamı xüsusi qeyd etmək istəyirəm. Xaçmazda Elsevər Mürsəlli adlı 18 yaşlı bir gənc mənim facebook səhifəmə dəstək verdiyi, eyni zamanda seçkidə mənə səs verməsilə fəxr etdiyini yazması üçün narkotiklə şərlənərək həbs olundu. Onu 5 il azadlıqdan məhrum etdilər. Azərbaycanda reallıq budur ki, etiraz edənin cibinə narkotik, evinə ”molotov kokteyli", maşınına silah atırlar. Yaxud başqa üsullarla şərləyirlər. Təəssüflər olsun ki, Azərbaycanda avtoritar rejim hökm sürür. Icra strukturları, xüsusi xidmət orqanları, polis vətəndaşlara təzyiq edir. Hakimiyyət idarə olunan cəmiyyət yaratmağa çaışır və vətəndaşlara konstitusion hüquqlardan yararlanmaq imkanı verilmir".

Milli Şuranın sədri Ilham Əliyevin “Azərbaycanda siyasi məhbus yoxdur” iddiasının da əsassız olduğunu bildirib: “ Azərbaycanda siyasi məhbuslar var və beynəlxalq ictimaiyyət də bu faktı təsdiqləyir. Artıq beynəlxalq aləmə də bəllidir ki, Azərbaycanda fərqli düşünənlər repressiyaya məruz qalır. Biz siyasi motivlərlə həbs olunanların məhkəmə proseslərində iştirak etmişik. Təsəvvür edin, Ilqar Məmmədovla Tofiq Yaqubluya ona görə 5-7 il ”iş" veriblər ki, onlar Ismayıllıda baş verən hadisələrdən bir gün sonra həmin rayona gediblər və 20 dəqiqə orada olublar. Yaxud götürək bloggerlər Əbdül Əbilovla Ömər Məmmədovu. Bu gənclər sosial şəbəkələrdə fəallıqlarına görə hədəfə gəliblər. Həmçinin dindarlar, jurnalistlər fərqli düşündüklərinə görə həbs atılıblar. Bu sırada Rauf Mirqədirovu, Pərviz Həşimlini, Əvəz Zeynallını və digərlərini göstərmək olar. Mən Pərviz Həşimlinin məhkəməsində iştirak etdim. Ona qarşı irəli sürülən ittiham tamamilə qondarmadır. Pərviz yazdığı yazılara görə həbs olunub. Qurban Məmmədov ictimai fəallığına görə şərlənərək həbs edilib.

Hazırda ümumi razılığa əsasən Azərbaycanda 82 nəfər siyasi məhbusun olduğu bildirilir. Lakin daha doğru siyahı Leyla Yunusun siyahıdır. Həmin siyahıda 130-a yaxın şəxsin adı var. Güman edirəm ki, bu sessiyada siyasi məhbuslarla bağlı xüsusi məruzəçinin təyin olunması məsələsi həllini tapacaq"./azadlıq/
1378 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
08.12.16, 11:31