Şrift ölçüsü:
A+
A
A-
Kr
26 İyun 2014

“Mənə təklif etdilər ki...”

«Kəmaləddin Heydərova təşəkkür etsəm, hər kvadratmetrə görə 3000 manat ödəyəcəklər»

Azər Əskərov: «Şahlar İbadov mənə dedi ki, sən öldürülən aviasiya generalından böyük adam deyilsən»


AXCP-nin partladılmış qərərgahının sahibi Azər Əsgərovun şikayəti əsasında 2 saylı Bakı Inzibati-Iqtisadi Məhkəməsində başlanan proses iyunun 25-də davam edib. Qeyd edək ki, Azər Əskərovun mülkünü Nərimanov Rayon Icra Hakimiyyəti söküb və 4 aydır ki, mülk sahibi süründürməçiliyin qurbanıdır.
Ötən gün keçirilən məhkəmə prosesində qarşı tərəfin vəkili çıxış edərək bildirib ki, bu məsələ yekunlaşmaq üzrədir və yaxın günlərdə vətəndaşa dəymiş ziyan ödəniləcək: “Fövqəladə Hallar Nazirliyi ərazidə yoxlama aparıb, müvafiq akt tərtib olunub və binanın sökülməsi zərurəti ortaya çıxıb. Bu söküntünü də qərara uyğun olaraq Nərimanov rayon icra hakimiyyəti həyata keçirib. Mülkün tikildiyi torpaq dövlətə məxsusdur və Icra Hakimiyyətinin balansındadır. Mülkə dəymiş zərərə gəlincə, hesablama aparılır və yaxın günlərdə mülk sahibinə kompensasiya ödəniləcək”.
Mülk sahibi Azər Əsgərov bildirib ki, hər gün icra hakimiyyəti ilə əlaqə saxlamasına baxmayaraq, başçı onu qəbul etmir: “Vəkil söyləyir ki, yaxın günlərdə kompensasiya ödəniləcək. Ancaq icra başçısının müavini Şahmar Ibadov mənə deyir ki, bu məsələnin həlli bizlik deyil və bu mülkü biz sökməmişik. Deyirlər ki, get FHN-ə şikayət et. Mənim mülkümü söküblər, daşınan əmlakımım oğurlayıblar və 120 gündür məni süründürürlər. Vətəndaşa belə zülm etməzlər. Mülküm məhkəmə qərarı olmadan söküldüyü üçün Nərimanov Rayon Icra Hakimiyyətini məhkəməyə vermişəm, maddi-mənəvi təzminat istəyirəm. Tələbimiz odur ki, mənə 2 milyon manat mülkümün dəyəri, 500 min manat içərisindəki avadanlığın pulu, 1 milyon manat da mənəvi təzminat ödənilsin. Heç bir məhkəmə qərarı olmadan icra hakimiyyəti mənim mülkümü söküb, əşyalarımı yarasız hala salıb. Bu oğurluqdur, quldurluqdur”.
Azər Əskərovun vəkili Namizəd Səfərov da bildirib ki, qarşı tərəf hər dəfə kompensasiya ödəniləcəyini bildirsə də, bu problem həll edilmir və müddət uzanaraq gedir. O tələb edib ki, qarşı tərəfin sözçüsü konkret fikir bildirsin və hansı məbləği ödəyəcəklərini açıq söyləsin.
Qarşı tərəfin vəkili bildirib ki, daşınan əmlak siyahıya alınacaq, daşınmaz əmlakın isə bazar dəyəri hesablanaraq yekun qərar veriləcək.
Azər Əskərov daha sonra bildirib ki, 4 məhkəmə iclası keçirilib və hər iki tərəfə razılaşmaq təklif olunub. Mən də bu təklifi müsbət qiymətləndirmişəm: “Ancaq may ayının 4-dən bugünə qədər icra başçısı məni qəbul etmir. Hət dəfə gedirəm qəbula, mənə deyirlər ki, başçı onsuz da qəbul etməyəcək. Bu necə hökumətdir, bu necə dövlətdir? Möhtərəm hakim, mən açıq danışacam. Mən pul təklif olunub. Dedilər ki, hər kvadrat metrə görə sənə 3000 manat verəcəyik. Ancaq bir şərtlə ki, televiziyaya çıxıb bizim yazdığımız mətni oxumalısan. Mən də cavab verdim ki, heç vaxt çıxıb ”Kəmaləddin Heydərov sağ olsun" demərəm. Ona görə də pul məsələsini dayandırdılar".
Qarşı tərəfin vəkili təklif edib ki, həmin ərazidə ekspertiza aparılsın və ekspertizanın nəticəsinə uyğun olaraq qərar verilsin.
Azər Əskərovun vəkili Namizəd Səfərov bu təklifə etirazını bildirib: “Ekspertiza keçirilməsi, növbəti dəfə vaxtın uzadılmasına xidmət edir. Həmin ərazidəki mülklərin qiyməti məlumdur və bunun üçün xüsusi araşdırmaya da ehtiyac yoxdur. Biz ekspertizanın əleyhinəyik”.
Azər Əskərov daha sonra qeyd edib ki, onu ölümlə hədələyiblər: “Icra başçısının müavini Şahmar Ibadov mənə dedi ki, Kəmaləddin Heydərovun tapşırığı var, sənə bir qəpik də pul verilməyəcək. Daha sonra dedi ki, sən öldürülən aviasiya generalından artıq adam deyilsən. Yəni mənə mesaj verirdi ki, səni də aradan götürərik”.

Növbəti proses mülkün dəyərinin hesablanması, müsadirə olunan əşyaların siyahısının təqdim olunması üçün, iyulun 1-i saat 17:00-da keçiriləcək./azadlıq/
1380 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...