Şrift ölçüsü:
A+
A
A-
Kr
26 İyun 2014

Yaraqlı qüvvələr

Bu gün 26 iyun - silahlı qüvvələrimizin yaradılması günüdür və bu münasibətlə respublikada silah gəzdirən hər bir zəhmətkeşimizi səmimi qəlbdən təbrik edirəm. Xalqımız bəzən bu əziz bayramın mahiyyətini düzgün anlamır, elə bilirlər Səfər Əbiyevlə Zakir Həsənovun bayramıdır. Qətiyyən. Əlinə balta, yaba, bıçaq götürüb qayınanasını doğrayan ismətli gəlinlərimizdən tutmuş ekskavatora minib camaatın evini başına uçurdan Hacıbala müəllimə qədər hər kəsə bu bayramdan töhfə düşür. El bilir ki, sən mənimsən, Anam doğma vətənimsən! Ramiz Rövşən bunu çox yaxşı yazıbdır.
Məsələn, bugünlərdə Binəqədi rayonunda polis bölmələrindən birinin rəisini küçənin ortasında bıçaqlayıb qaçıblar. Sabitlik şəraitində belə işlər olur. Sadəcə, rəisin bıçaqlanması əhvalatı çox orijinal şəkildə baş verib - onun sürdüyü “Mercedes Galenvagen” markalı maşının dalını-qabağını kəsiblər, sonra beysbol dəyənəkləri ilə bütün şüşələri qırıblar, rəisi yortub qaçıblar. Elə bil 92-93-cü illərdir, cənab prezident demişkən.

Əlbəttə, ilk anda ağıla gələn sual budur ki, polis rəisi o cür bahalı maşında niyə gəzir, bəlkə Bakı da Dubaya dönüb və bizdə polislərə “Ferrari” verirlər? Ancaq Bakı polisinin açıqlaması oldu, dedilər rəis dostunun maşınını sürürmüş. Şükür. Ürəyimiz yerinə gəldi. İndi qalır döyənləri tutmaq. Əgər onlar jurnalist Fərahim İlqaroğlunu döyən nazir tayfasından olsalar, heç zad, iş bağlı qalacaq. Hər halda Bakı polisinin rəisi (o qədər passiv adamdır, heç adı yadıma düşmədi yazım, hardasan, ay Məhərrəm, gəl iş yerinin cəlalına bax!?) Binəqədi rayon polislərini toplayıb bir yerə, 3 gün vaxt qoyubdur. Deyib, hardan olsa - yerin deşiyindən, idman mərkəzindən, saunadan, dükandan, avtovağzaldan və sairədən - o quldurlar tapılmalı, qanun qarşısında cavab verməlidir! Bu sözləri deyib qurtaranda masaya zərblə yumruq da vurmuş və onun tərəfindən qırılmasına səbəb olmuşdur, hazırda idarə quldurlarla yanaşı təzə masa axtarır.
Silahlı qüvvənin gücü ayrı şeydir, bəs nə bilmişdiniz... Məsələn, mən bir dəfə evə gec gəldim, arvad qapının arxasında gizlənib təpəmə “Tefal”la necə ilişdirdisə gözümdən ulduzlar parladı. Yəni, lazım gələndə əlinə tava almış arvad belə silahlı qüvvəyə çevrilir.
Lazım gələndə demişkən, silahlı qüvvələrimizin ən mühüm tərkib hissələrindən biri heç şübhəsiz Müdafiə Nazirliyidir. Başda Zakir müəllim olmaqla, bizim MN dünyada ictimai-siyasi sabitliyin qarantıdır, hətta qalaktikadan gələn mənfur yadplanetlilər bizim hava hücumundan müdafiə generalını öldürüb qaçıblar, indiyəcən geri qayıtmağa risk etmirlər.
Zakir müəllim srağagün çox kəskin bəyanat verib. Sitat: “Biz də Ermənistan kimi hərəkət edə, onun ərazisindəki istənilən hərbi obyekti və yaşayış məntəqəsini darmadağın edə bilərik. Bunu etmək üçün bizim bütün imkanlarımız vardır. Ancaq humanizm prinsipləri və xalqımızın yüksək insanpərvərlik duyğuları bizi bunu etməkdən saxlayır. Dinc sakinlərin, uşaqların, qocaların və qadınların günahı nədir?”

Çox maraqlıdır. Hərbi obyekti vurmaqdan danışır, ancaq dinc sakinlər və uşaqları bəhanə eləyir. Bəyəm Ermənistandan gəlib bizim torpaqları tutanlar arvad-uşaqlar imişlər, heç xəbərimiz olmayıbdır. Vah-vah... Bu ermənilər çox qeyri-düzgün millətdir, dolmamız burunlarından gəlsin. Özü də kimsə Zakir müəllimə başa salsın ki, heç Ermənistanda obyekt vurmağa ehtiyac yoxdur, elə Ali Baş Komandanı ilə birgə öz respublikamızın bir-iki kəndini geri qaytarsın, bəsimizdir. Hər nazir 2 kənd qaytarsa, müdafiə naziri vəzifədə 20 il qalırsa təxmini hesablamaya görə 3-cü minilliyin sonlarında biz İsa bulağında çimişərik! Bir az dəqiq hesablasam bəlkə Göyçə gölünə girib forel yemək olar.

Bayramınız qutlu olsun, əziz həmvətənlər, o cümlədən həmgödənlər... Silahınızı yağlı saxlayın. Yüz gün yaraq, bir gün gərək - atalar demişkən. (Son cümlənin Türkiyə ərazisində oxunması arzu edilmir - müəllif).

Zamin Hacı/musavat
1563 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...