Şrift ölçüsü:
A+
A
A-
Kr
30 Oktyabr 2013

Bəxtiyar Qurbanov və Röyal Əsgərova hökm oxundu

"Biz hüseynçilərik və hüseynçilər yalnız Allah qarşısında diz çökərlər"
İslamazeri.az-ın xüsusi müxbirinin verdiyi məlumata əsasən, oktyabrın 29-da Səbail Rayon Məhkəməsində dindar fəallar Bəxtiyar Qurbanov və Röyal Əsgərovun məhkəməsi olub.

Məhkəmə saat 11:40-da başlayıb. İlk olaraq dövlət ittihamçısı çıxış edib. O, Bəxtiyar Qurbanov və Röyal Əsgərov barədə 5 il müddətinə azadlıqdan məhrum etmə cəzası istəyib. 

Daha sonra müdafiə tərəfləri çıxış edib. Vəkil Yavər Hüseyn çıxışı zamanı dövlət ittihamçısının istədiyi cəzanın çox olduğunu, onlara ən aşağı həddə cəza tədbirinin seçilməsini istəyib. Vəkil fikirlərini Bəxtiyar Qurbanov və Röyal Əsgərovun bu işə cəhdini şəxsi maraq və mənfəət üçün etmədiklərini, onların məktəblərdə hicab qadağasına və Tale Bağırovun həbsinə etiraz etməklə, xalqın ümumi maraqlarına görə belə bir addım atmalarıyla əsaslandırıb. Onların səmimi etiraflarının, Bakı Şəhər İcra Hakimiyyətinin heç bir şikayətinin olmamasını, gənc olmalarını, ailə vəziyyətlərinin nəzərə alınmasını hakimdən istəyib. Vəkil Yavər Huseyn 5 il həbs cəzasının ağır cinayətkarlara tətbiq edildiyini vurğulayıb.
Digər iki vəkilin də müdafiə çıxışları təqribən eyni olub.

Daha sonra hakim Bəxtiyar Qurbanova söz verib.
O deyib: "Vəkillərin çıxışlarıyla ümumilikdə razıyam. Lakin məhkəmə sistemindən ədalətli qərar gözləmirəm. Çox adam olub ki, şərlənərək həbs ediliblər. Biz də onlar kimi."
Hakim onun sözünü kəsərək başqa mövzulardan danışmamasını və öz işi barədə danışmasını istəyib.
Bəxtiyar Qurbanov deyib: "Son sözüm budur ki, Allah zalımlara lənət eləsin."

Daha sonra hakim Röyal Əsgərova söz verib: "Bütün bu əzablarla, işgəncələrlə şükürlər olsun ki, bizim əqidəmizi sarsıda bilmədilər, sındıra bilmədilər. İnşallah heç vaxt edə bilməyəcəklər. Biz hüseynçilərik və hüseynçilər yalnız Allah qarşısında diz çökərlər. Allaha təvəkkül edirik. Allah, kifayət edər bizə. Zalımlar bilsinlər ki, nə qədər damarımızda qanımız axır, xalqımız üçün, dinimiz üçün, Qarabağ üçün, haqq-ədalət üçün meydanlarda olacağıq. Ləbbeyk ya Huseyn!".
Bu zaman məhkəmə zalını "Ləbbeyk ya Huseyn" şüarları bürüyüb.

Daha sonra hakim müşavirə zalına yollanıb. Fasilədən sonra hakim məhkəmənin qərarını oxuyub. O, Bəxtiyar Qurbanov və Röyal Əsgərovun hər birinə 4 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə hökm oxuyub. Onların ümumi cəzaçəkmə müəssisələrində cəza çəkəcəyini bildirib.














1716 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı