Şrift ölçüsü:
A+
A
A-
Kr
28 İyun 2014

Gülər tarixdə cinayətkar kimi qalacaq

Elşad Abdullayevdən Ayxan Məmmədovun həbsi ilə bağlı şok iddia

Sabiq rektor: “Ondan Gülər Əhmədovanın xeyrinə istifadə edəcək, sonra isə mənim üzümə qoyacaqlar”; Sevinc Babayevanın oğlu girovluqdadır?

“Mandat alveri” qalmaqalının əsas fiqurlarından biri, 2012-ci ilin 26 dekabrında İstanbulda dünyasını dəyişən Sevinc Babayevanın oğlu Ayxan Məmmədovun həbsi ətrafında mübhəm davam edir. İlkin versiyalar bu həbsin sifarişli olması yönündədir. Bu versiyanı qüvvətləndirən şəxslərdən biri də ABU-nun sabiq rektoru Elşad Abdullayevdir. İyunun 26-da “Yeni Müsavat”ın müxbiri ilə əlaqə saxlayan sabiq rektor A.Məmmədovun həbsinin arxasında siyasi sifariş dayandığını iddia etdi:

- Əvvəla, ondan başlayaq ki, bu həbs siyasi sifarişdir. Ayxan Məmmədovu ona görə həbs ediblər ki, məcbur edib Gülər Əhmədovanın bir-iki məsələsinə qol çəkdirsinlər.

- Hansı məsələsinə?

- Ayxan bu günə qədər dediyi məsələlərin üstündən keçməsə, Gülər tarixdə cinayətkar kimi qalacaq. Ona görə də türmədə Ayxanı onun-bunun üzünə durğuzacaqlar. Məsələn, deyə bilərlər ki, Elşad Abdullayevin üzünə dur, duracaq. Sevinc Babayevanın məsələsində bir çox məqamlar açıq qaldığına görə ona dörd divar arasında çox şeyə imza atdıracaqlar. Sonra da yazdıqlarını televiziya ilə camaata çatdıracaqlar ki, baxın, əslində məsələ belə imiş. Həqiqətən də Sevinc Babayeva siyasi sifarişlə qətlə yetirilib. Bununla bağlı Azərbaycan hakimiyyətinin bəzi nümayəndələri də İstanbulda olublar, Türkiyə rəsmi dairələri ilə görüşüblər.

- Məqsəd Sevinc Babayevanın oğlunu sizə qarşı qoymaqdır? Ondan Gülər Əhmədova məsələsində konkret necə istifadə edəcəklər ki?

- Onu Gülər Əhmədova tutdurub. Özü də bunu Prezident Administrasiyasındakı himayədarlarının sifarişi ilə etdirib. Məqsəd də odur ki, burdakı müəyyən açıq məsələləri bağlasınlar. Məsələn, Ayxan faktiki zərərçəkəndir və hər zaman da deyir ki, anamı Gülər Əhmədova öldürtdürüb. İndi ondan Gülərin xeyrinə ifadə alacaqlar.

- Axı Gülər Əhmədova azadlıqdadır. Ayxan Məmmədovdan onun xeyrinə ifadə almağın nə məntiqi var ki?

- Gülər Əhmədovanı şərti azadlığa buraxıblar. O, məhkəmənin qərarı ilə məhkum hesab olunur. Məhkum o deməkdir ki, bu adam cinayətkar hesab olunur, ona bəraət verilməyib. Hələ Gülər Əhmədova 3 il məhkumluq çəkəcək azadlıqda, 1 il şərti sınaq müddətində olacaq. 4 il sonra onun məhkumluq müddəti götürülə bilər. Qardaşım Mahirin oğurlanması işində Gülər Əhmədovanın əlinin olması məsələsi hələ araşdırılmayıb. Avropa Məhkəməsində bu məsələləri xeyli müzakirə etdik. Ehtimal böyükdür ki, türmədə Ayxandan Gülərin xeyrinə ifadə alacaqlar. Çünki bu günə qədər Ayxan da, Sevincin anası Zəhra xanım da deyir ki, Sevinci Gülər öldürtdürüb.

- Sizə qarşı da Ayxan Məmmədovdan ifadə alına bilərmi? Alınarsa hansı istiqamətdə ola bilər?

- Onsuz da Azərbaycanda məhkəmə hakimiyyəti mənə qarşı qərəzlidir. Azərbaycanda qanundan başqa hər şey var. O ki qaldı sualınıza, çox güman ki, Ayxanı bizə qarşı danışdıracaqlar. Sevincin qətlini bağlamaq üçün Ayxandan müəyyən ifadələr alınacaq. Onsuz da biz bu günə qədər onların nə edə biləcəklərini görürdük, hiss edirdik və deyirdik. Bunun özü böyük bir cinayətdir. Ən böyük ədalətsizlik baş verir gözümüzün qabağında. Aparıb adamın anasını öldürəsən, sonra da özünü şərləyib tutdurasan. Gör onlar nəyə gedirlər?

P.S. “Yeni Müsavat” xatırladır ki, E.Abdullayev müxbirimizlə danışan gün sosial şəbəkədə bu xəbərlə bağlı daha bir maraqlı versiya irəli sürüb. Onun versiyasına görə, S.Babayevanın ölkədən getməzdən əvvəl bəzi video və fotogörüntüləri özü ilə apardığı, bəzilərini isə anası Zəhra Babayevaya verdiyi məlumdur. İndiki ərəfədə isə hakimiyyət o materialları tamamən ələ keçirmək üçün A.Məmmədovu sanki girov saxlayır. Bütün hallarda bu, E.Abdullayevin versiyasıdır və sözügedən mövzuda səslənə biləcək maraqlı detal sayılır./musavat.com/
1323 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat