Şrift ölçüsü:
A+
A
A-
Kr
29 İyun 2014

“Bir quru canım var, onu da alsınlar, heç kimdən qorxmuram”

“Bir quru canım var, onu da alsınlar, heç kimdən qorxmuram” - Ayxan Məmmədov

Sevinc Babayevanın həbs olunan oğlu bu günə qədər nələr danışıb?; hansı sözləri onu türməyə göndərə bilərdi?
Bir neçə gündür ki, “mandat alveri” qalmaqalının əsas fiqurlarından olan mərhum Sevinc Babayevanın oğlu Ayxan Məmmədovun həbsi ilə bağlı detalları yazılır. Ötən sayımızda sizi A.Məmmədovun oğurluq etdiyi marketdə baş verənlərlə tanış etdik. Daha doğrusu, market rəhbərliyinin hadisə ilə bağlı dediklərini nəzərinizə çatdırdıq.

Amma oxucular bu yazıdakı detallara, eləcə də ilk gündən etibarən A.Məmmədovun həbsinə fərqli reaksiyalar verirlər. Onlar hesab edirlər ki, hakimiyyət S.Babayevanın oğlunu bu günə qədər danışdıqlarına görə cəzalandırıb, market oğurluğu isə sadəcə bəhanədir.

Xatırladaq ki, media Ayxan Məmmədov adı ilə anasının ölümündən sonra tanış olub. Mediaya çıxıb ilginc açıqlamalar verən, anasının ölümündəki sirr pərdəsini mediaya danışan da məhz bu gənc olub. Sabiq deputat Gülər Əhmədovanın həbsindən öncə, məhkəməsində və məhkəməsindən sonra da bu mövzuda yeni məlumatlar verib.
“Yeni Müsavat” A.Məmmədovun bu günə qədər qəzetimizə verdiyi müsahibələrdən bəzi detalları yada salır. Açıqlamalarda çəkilən adlar, verilən məlumatlar heç də sıradan sayılmaz.

Açıqlamalara keçmədən öncə yada salaq ki, A.Məmmədovun daha öncə də həbs ehtimalı olub. Sabiq deputat Gülər Əhmədova 2013-cü ilin yanvarında, həbsindən qısa müddət öncə Ayxan Məmmədov barəsində polisə şikayət edib. A.Məmmədovun onu öldürməklə hədələdiyini deyərək, həbsini tələb etmişdi. Amma həmin vaxt onun bu şikayəti nəzərə alınmamışdı.

Keçək açıqlamalara. A.Məmmədov hər zaman anasının ölümündə G.Əhmədovanı ittiham edib: “Fakt faktlığında qalır: mənim anamı Gülər Əhmədova göndərib, başına gələnlərin hamısında da, anamın bu dünyadan köçməsinin günahkarı da yenə Gülər Əhmədovadır”.
Anasını itirən gənc istintaqı aparan Respublika Prokurorluğunun şübhəli addımlarına diqqət çəkib: “Mən gedib anamın qaldığı yeri demişdim. Amma prokurorluq bilmirdi ki, bu məsələ həmin həddə qədər şişə bilər. Onda anam sağ idi. Kim bilə bilərdi ki, anam dünyasını dəyişəcək? Mən ünvanı deməmişdim. Soruşmuşdular ki, harada qalır? Demişdim, İstanbulun Bəylikdüzü hissəsində. Amma konkret bloku, mərtəbəni deməmişdim. Onsuz da prokurorluqdakılar da bilirdilər ki, anam hardadır. Aeroportdan giriş-çıxışa baxanda da bilinirdi ki, anam nə vaxt, hansı saatda Bakıdan çıxıb və hara gedib. Anam ölkədən öz pasportu ilə çıxmışdı. Aeroportda, İstanbulda da hər yer kameradır. Anamı guya orda tapmaq nə çətin məsələdir ki?”

Açıqlamalarda hər zaman yüksək ranqlı məmurların adını sadalayıb: “Məni bu gün əsas maraqlandıran anamın ölümüdür. Anamın ölümündə də günahkar Gülər Əhmədovadır. Onu Türkiyəyə o aparmışdı. Demişdi ki, get, bir-neçə gün qal, hər şey yaxşı olacaq. Mən xalamla orda olarkən də, onlar ”skayp"la danışırdılar. Gülər deyirdi ki, narahat olma, hər şey yaxşı olacaq. Ramiz Mehdiyevlə danışmışam, qayıdacaqsan Azərbaycana, sənə təzə iş də verəcəklər... Nənəmə, xalama deyirdi ki, hər şeyimi əlimdən alıblar. Bəs niyə o, ev dustaqlığından anama da almırdı, ölkədən qaçırırdı?! Mən öyrənmişəm ki, yalan deyir, heç nəyini almayıblar. Əri Fikrət Əhmədovun restoranı var, indi də fəaliyyətdədir".
Anasının G.Əhmədova tərəfindən zəhərləndiyini də ilk dəfə mediaya A.Məmmədov bildirib: “Anam özü deyib ki, məni Gülər Əhmədova zəhərləyib! Mən hardan bilirəm ki, gedib birlikdə çörək yeyiblər, saçlarını düzəltdiriblər?! Anamla Gülər Əhmədova bu hadisələrə qədər neçə il idi danışmırdılar. Çünki Gülər Əhmədova bizim çörəyimizə bais olmuşdu. Bizim Elşad Abdullayevlə heç bir problemimiz yox idi, hamısını Gülər Əhmədova elədi.
Anam ilk gündən deyirdi, Bakıya qayıtmaq istəyirəm. Mən orda olanda da anam Gülərlə “skayp” vasitəsilə danışırdı. Özü də oğlunun telefon nömrəsindən. (əzbərdən bir nömrə deyir- S.T.) Özüm qulaqlarımla eşidirdim ki, Gülər anama narahat olmamasını deyir. Hətta söyləyirdi ki, yuxarılarla danışmışam, hər şey yaxşı olacaq. “Kompozitor”a demişəm, sənə gömrükdə iş verəcəklər. Sonradan anam mənə dedi ki, Gülər “kompozitor” deyəndə fövqəladə hallar naziri Kəmaləddin Heydərovu nəzərdə tuturdu. Anam öz diliylə mənə deyib ki, onu Gülər zəhərləyib! Gülər anama deyirdi ki, Sevinc, səni tutsalar, bunu özümə bağışlaya bilmərəm. O isə deyirdi ki, başa düşmürəm, məni niyə tutmalıdırlar? Gülər bilirdi ki, anamın çox ömrü qalmayıbE Dekabrın 26-da mən Türkiyəyə gedirdim, hiss etmişdim ki, nəsə olub. Aeroportdan məni buraxmadılar, dedilər ki, “stop” siqnalı verilib. Prokurorluqdan səbəbini soruşdum, dedilər ki, gəl, danışaq. Az sonra da Türkiyədən xəbər aldım ki, anam rəhmətə gedib. İndi də bilmirəm ki, məni ölkədən niyə buraxmırdılar, maraqları nə idi?!"

A.Məmmədov hər zaman əlində faktlar olduğuna işarə vurub: “Mənim heç kimim yoxdu. Bir Allahım durur arxamda. Gülər deyir, o, Elşadın qorxusundan belə danışır. Düzdür, mənim Elşadla münasibətlərim olub. İnstituta yanına getmişəm. Yaxşı münasibətlərimiz olub. O məni niyə qorxutmalıdır? Mənim dediyim bütün adları Gülər çəkib. O nə deyibsə, mən də onu təkrarlayıram. Mən hardan bilirəm ki, Kəmaləddin Heydərova ”kompozitor" deyirlər? ...Onun “skayp” danışıqlarının da qeydiyyatı var. Mənim əlimdə də faktlar var. Hələ ki gözləyirəm".

A.Məmmədovun açıqlamalarında hakimiyyətin G.Əhmədovanı himayə etməsi ilə bağlı detallar da yer alıb: “Gülər Əhmədova bildirir ki, mən 100 000 verərək ev dustaqlığını aldım. Deyir ki, mənim heç bir pulum yoxdur. Mən hər yerə pul verirəm. Anamı ora göndərməyinə baxmayaraq, heç bir köməklik etməyib. Anam ölməmişdən qabaq onun əri Fikrət Əhmədov ora gedərək anama 650 manat pul verib. İndiyədək o həbs olunmayıb. Mən cavabların dəyişdiriləcəyini də gözləyirəm. Bunlardan hər şey gözləmək olar. Mən bu işin axırına gedəcəm. Bu işi belə qoymayacam”.

Hələ azadlıqda olanda A.Məmmədov həyatına təhlükə ola biləcəyini, başına nəsə bir iş gələcəyini istisna etməyib: “Həyatıma təhlükə də ola bilər. Mənim anamdan başqa heç kimim yox idi. Bir quru canımdır, istəyirlər, onu da alsınlar”.

Bununla yanaşı naməlum şəxslərə meydan oxuyub: “Mən heç vaxt anamın qanını yerdə qoymayacağam. Kim olursa olsun, onunla baş-başa gəlməyə hazıram. Gülər məni yetim qoydu. Nə narahatçılığım, nə qorxum var. Ümumiyyətlə, məndə qorxu deyilən şey yoxdur. Hər zaman da bu günə qədər dediyim sözlərin arxasında dayanmışam”.
1155 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 10:02
İranda 134