Şrift ölçüsü:
A+
A
A-
Kr
29 İyun 2014

Xətai sakinləri gecələr pusquda dayanırlar

Ev fırıldağının qurbanı olan 296 ailə kütləvi aksiyalara start verdilər; “Mahir Kərimov sənədləri götürüb qaçmaq istəyir”

Əhmədli qəsəbəsi, Neapol dairəsi yaxınlığında ucaldılan çoxmərtəbəli binanın sakinlərinin yuxusu ərşə çəkilib. Sakinlərdən “Yeni Müsavat”a verilən məlumata görə, buna səbəb “Fateh-N” tikinti şirkətinin rəhbərliyinin əraziyə ancaq gecə gəlmələridir. Onların sözlərinə görə, şirkətin rəhbəri Mahir Kərimov ancaq gecələr əraziyə gəlir. Hətta bir neçə dəfə onu gecə binanın birinci mərtəbəsində yerləşən ofisində görüblər. Aldadılan vətəndaşların sözlərinə görə, Mahir Kərimov hər dəfə onlarla təyin olunan görüşdən qaçır.

“Bina sahibi sənədləri götürüb qaçmaq istəyir”

Aldadılan 296 ailə adından yarımçıq binalarının həyətinə yığışaraq aksiya keçirən sakinlər bildirdilər ki, sonuncu dəfə Bakı Şəhər İcra Hakimiyyətində olarkən bildirilib ki, Mahir Kərimovla görüş keçiriləcək. Aldadılan Cəmilə Məmmədovanın sözlərinə görə, müraciət etdikləri dövlət orqanları bu məsələdə susqunluq nümayiş etdirirlər: “Bir neçə dəfə Prezident Administrasiyasına getmişik. Dəfələrlə hüquq-mühafizə orqanlarına müraciət etmişik. ”Fateh-N" şirkətinin bütün korrupsiya əməlləri barədə faktlara və sənədlərlə malikik. Getdiyimiz və müraciət etdiyimiz bütün hüquq-mühafizə orqanlarına həmin faktları təqdim etmişik. Nə fayda? 2006-cı ildən binada daşı daş üstə qoymayıblar. Binanı yarımçıq tikib 296 ailəyə satıblar. Pulları da götürüb aradan çıxıblar".

Ərazidən olarkən “Fateh-N” tikinti şirkətinin rəhbərliyi ilə görüşmək istədik. Binanın birinci mərtəbəsində yerləşən şirkətin qapıları bərk-bərk bağlanmışdı. Sakinlər bildirilər ki, səhərə kimi buranı nəzarətdə saxlayacaqlar: “Mahir Kərimovun bir çox sənədləri ofisdə qalıb. O vaxt sakinlər ofisin qarşısına yığışıb aksiya keçirəndə qaçıb getmişdi. Bizdə olan məlumata görə, Mahir Kərimov maliyyə məsələləri ilə bağlı həmin sənədləri götürüb qaçmaq istəyir”.

“Bir zirzəmi qalmışdı, onu da satdı”

Aldadılan vətəndaşlardan Rasim Şirinov isə bildirdi ki, artıq binanın zirzəmisi də satılıb: “Tikinti şirkətini rəhbərliyi qanunsuz əməllərinə hələ də davam edir. Binanı yarımçıq qoyduğu azmış kimi, zirzəmini də ayrı-ayrı adamlara satıb. Satdığı yerlərdə tikinti işləri gedir. Biz həmin adamları başa sala bilmədik ki, sizi də aldadacaqlar. Xeyri yoxdur, kimə deyirsən. ”Fateh-N" tikinti şirkətini “Azersu”ya 12 min manat borcu var. Bir neçə gün öncə “Azersu”dan gəlib dedilər ki, binanın suyunu kəsəcəyik. Biz bu yandırıcı istidə neyləyəcəyik ? Nə qazımız var, nə də ki, işığımız. Nə vaxta kimi bu şəraitdə yaşayacağıq".
Rasim Şirinovun sözlərinə görə, bina sakinlərindən şəraitsizliklə bağlı kirayə evlərə köçənlər olub: “Burda yaşamaq sağlamlığımıza ciddi təhlükədir. Heç bir şərait yoxdur. Uşaqları belə qorxa-qorxa məktəbə yola salırıq. Zirzəmini su ilə dolub, ordakı həşəratlar evimizə kimi çıxıblar. Uşaqlar arasında yoluxucu xəstəliklər yaranıb. Yaxşı bunun hesabını kim verəcək? Gözəl ümidlərlə burdan ev alan gənc ailələrin çoxu boşanıblar. Nə qədər ev problemi, bu söz-söhbət olar?”

Qeyd edək ki, “Yeni Müsavat” qəzeti bu problemə bir dəfə toxunub. Araşdırmalarımız nəticəsində məlum olmuşdu ki, “Fateh-N” adı ilə qeydiyyatdan keçən tikinti şirkətinin payçıları sırasında İctimai Televiziyanın (İTV) keçmiş rəhbəri İsmayıl Ömərovun da adı hallanır. Məlumatda bildirilirdi ki, İ.Ömərov tikinti biznesi ilə məşğul olan mərhum qardaşının 12 milyon manat həcmində yaranmış borcunu ödəyib. İTV-nin keçmiş rəhbərinin qardaşı, mərhum Ələsgər Ömərov böyük tikinti şirkətlərindən birinin sahibi imiş. Sözügedən şirkət Bakının bir neçə yerində çoxmərtəbəli yaşayış binası tikib. Sonuncu dəfə Əhmədli qəsəbəsi, Neapol dairəsi yaxınlığında ucaldılan çoxmərtəbəli bina maliyyə çatışmazlığı ucbatında yarımçıq dayandırılıb.

2012-ci ildə Ələsgər Ömərovun vəfat etməsi problemlərlə üzləşən “Fateh-N” tikinti şirkətinin iflasını daha da sürətləndirib. Mənzillərin satılması hesabına yığılan maliyyə fondunun xərclənməsi payçıların bu məbləği İsmayıl Ömərovdan tələb etməsi ilə nəticələnib. Ömərov İTV-dən ayrılmadan öncə şirkətin payçılarına 12 milyon manat ödəyib. Amma Əhmədli qəsəbəsi, Neapol dairəsi yaxınlığında ucaldılan binada tikinti işlərinə başlanılmayıb.
1234 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı