Şrift ölçüsü:
A+
A
A-
Kr
29 İyun 2014

Ehtiyatda olan polkovnik-leytenantdan sensasiyalı açıqlamalar

Üzeyir Cəfərov: “Azərbaycan maraqlıdır ki, Əlibəyli, Naxçıvanda qızğın döyüşlərin getməsi xəbərləri şişirdilsin”

İyunun 28-i gecə saatlarında Tovuzun Əlibəyli kəndində güclü atışma müşahidə olunub. Əlibəylinin icra nümayəndəsi Valeh Rzayev bildirib ki, sakinlər güllələrdən qorunmaq üçün evlərə çəkiliblər və bütün evlərdə işıqlar söndürülüb. Azərbaycan Ordusu isə qarşı tərəfi susdurmaq üçün hərəkətə keçib. Ermənilərin mövqelərinə edilən hücum nəticəsində qarşı tərəfin postu dağıdılıb, neytral zonada isə yanğın meydana gəlib.

Əlibəyli ötən aylarda da güclü atış altında saxlanıb. Son günlər isə Naxçıvan cəbhəsindən döyüş xəbərləri gəlir. Belə bir təəssürat yaranır ki, hər iki tərəf lokal müharibəyə başlayıb, qızğın döyüşlər gedir.

Ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov iddia edir ki, Azərbaycanla üç rayonun qaytarılması razılaşdırılıb. Onun sözlərinə görə, Ermənistanın da razılığı alınıb və danışıqlarda Rusiya mühüm rol oynayır. Ü.Cəfərov Azərbaycan üçün kritik vəziyyət yarandığını qeyd edir. Onun fikrincə, üç rayonun qaytarılması qarşılığında Rusiya Avrasiya İttifaqına üzvlük şərtini irəli sürüb: “Xarici işlər nazirinin müavini Araz Əzimovun da çıxışlarından hiss olunur ki, üç rayonun qaytarılması razılaşdırılıb. Artıq buna hazırlaşırlar. Ermənistan da buna hazırdır. Rusiya əvəzində ermənilərə Avrasiya İttifaqına üzvlüyü, maddi dəstək və s. təkliflər vəd verib. Onlar da ikiəlli razılıq veriblər.

Azərbaycana da şirnikləndirici vədlər verilir - üç rayonun qaytarılması şəklində. Odur ki, ortada bir erməni-rus fitnəkarlığı var. Rusiya Azərbaycana sərt şəkildə dirənib. Məhz Naxçıvanda, Əlibəylidə atışmalar da bir siyasi gedişdir ki, xalqa göstərsinlər biz üç rayonu qaytarırıq. Halbuki, Rusiya tərəfindən planlaşdırılmış oyunlar aparılır. Son bir ay ərzində Roqozinin, Lavrovun Bakıya səfərləri, Lavrovun sonra İrəvana getməsi, ardınca Putinlə Əliyevin telefon danışıqları həlledici proseslərin getməsindən xəbər verir. Qərb isə Rusiyanın Qafqazdakı bu fəaliyyətini tamaşaçı kimi seyr edir”.

Hərbçi ekspertin qənaətincə, Azərbaycan tərəfi üç rayonun qaytarılmasını toy-bayram edib, xarici siyasətin uğurlu nəticəsi kimi təqdim edəcək: “Ancaq riskli dövrdür. Rusiya Azərbaycanı sıxır. Rəsmi Bakı da təhlükələrlə üz-üzə qalmasın deyə bu addımları atır. Yəni öz hakimiyyətinin saxlanmasını düşünür. Unutmaq lazım deyil ki, zaman bizim ziyanımıza işləyir. Rusiya heç vaxt Qarabağ problemini bütövlükdə həll etməyəcək. Müharibə xəbərləri də şişirdilmiş və maraqlara xidmət edən haldır. Azərbaycan tərəfi bir qədər maraqlıdır ki, Əlibəyli, Naxçıvanda qızğın döyüşlərin getməsini qabartsın, şişirtsin. Müdafiə Nazirliyi isə Statistika Komitəsinin işini yerinə yetirir. Hər gün rəsmi məlumat yayırlar ki, 40 dəfə atəşkəs pozulub, 45 dəfə güllə atılıb, 87 dəfə düşmən cavab atəşi ilə susdurulub. Müharibə başlayacağı nonsensdir. Burada sırf informasiya müharibəsi gedir. Düşmənin başladığı informasiya müharibəsini Azərbaycan da cavablayır”.

“Müharibənin başlayacağı nonsensdir, sırf informasiya savaşı gedir”


Əlibəylidəki vəziyyətə toxunan ekspert deyir ki, sosial şəbəkələrdə videolar dövriyyəyə buraxılıb: “Yanvarda olan atışmanın görüntüləri yerləşdirilib. İnandırıcı görünmür ki, hər iki tərəfdən artilleriya atəşləri olsun. Guya qızğın döyüşlərin getdiyi səhnəsini əks etdirmək istəyirlər. Burada incə məqam ondan ibarətdir ki, Rusiyanın Azərbaycana təklif etdiyi üç rayonun qaytarılması gündəmə gəlib, qansız-qadasız onları geri qaytarmaq istəyi var. Azərbaycana da deyirlər ki, bununla kifayətlənin. Bir gün bizi fakt qarşısında qoya bilərlər. Söhbət Qarabağın Ermənistana birləşdirilməsi təhlükəsindən gedir. Nə qədər ki, neft-qaz müqavilələri, iqtisadi layihələr, maraqlar var, müharibə olmayacaq. Geniş miqyaslı əməliyyatların başlanılacağı absurddur”.

Qeyd edək ki, Ermənistan və Azərbaycanın Avrasiya Birliyinə (AB) üzvlüyü məsələsi Rusiyanın Dağlıq Qarabağ ixtilafı ətrafında manevr imkanlarını əhəmiyyətli şəkildə artırıb. “Yeni Müsavat”ın ötən sayında dərc olunan analitik yazıda da üç rayonun qaytarılmasının razılaşdırıldığı qeyd olunub. “Rayonların boşaldılması mərhələli şəkildə həyata keçəcək. Öncə iki rayon - Füzuli və Ağdam azad ediləcək. Ardınca Azərbaycan Gömrük və Avrasiya ittifaqlarına üzv olacaq və rus qoşunları sülhməramlı, ayırıcı missiya adı altında Dağlıq Qarabağda yerləşdiriləcək. Daha sonra proses davam etdiriləcək. 2015-in ərzində daha bir rayon qayıdacaq. Proses bu şəkildə də gedəcək. Bu, Putinin variantıdır və o, Azərbaycan tərəfinə söz verib”./musavat/
1237 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 09:10
40 dərdin dərmanı
02.12.16, 23:55