Şrift ölçüsü:
A+
A
A-
Kr
29 İyun 2014

Əli Həsənov İlham Əliyevə söz atdı

«Fəxr edirəm» açıqlamasının altında yatan yerli və xarici sirlər barədə...

Bunu da gördük. Adam çıxıb dedi ki, “fəxr edirəm”. Söhbət, Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənovun  ailəsinin sərvətləri barədə açıqlamasından gedir. Bu açıqlamanın başqa bir mənası da “yaxşı eləmişəm, əcəb eləmişəm”dir. Əli Həsənovun ailəsi örnəyi İlham Əliyevdən götürüb. Bütün ailə mülk və biznes sahibidir. Amma burada çox maraqlı nüans ortaya çıxdı. O da bu  mülklərin ifşasından sonra göstərilən münasibətdir. Ilham Əliyevin əshabələri bu cür araşdırmaları “dövlətçiliyə zərbə” saysalar da, Əli Həsənov fərqli olaraq, “yaxşı eləmişəm”lə kifayətləndi. Görəsən niyə?

Başqa kimsə varmı?

Burada ilk ağla gələn odur ki, Əli Həsənovun bu biznes şəbəkəsinin başqa şərikləri var. Özü də yerli şəriklər deyil (Bu barədə başqa bir ətraflı yazımız olacaq). Bu şəriklər Əli Həsənovun belə ürəkli davranmasına imkan yaradırlar.  Yoxsa, bu ölkədə yalnız bir nəfər fəxr edə bilərdi, o da  Heydər Əliyev və azərbaycanlı olması ilə! Bu sərt konyunkturanın içərisində Ilham Əliyevdən də qabağa getməkdə Əli həsənova nə kömək edə bilərdi? Yəqin ki, Əliyevlərə bağlı olmayan hansısa şəbəkə ilə əlaqə.

İlham Əliyevdən daha halal...

Digər tərəfdən, düşünmək lazımdır ki, Əli Həsənov niyə “fəxr etmək” hüququnu özündə görsün? Görünür, o, hesab edir ki, bütün bunlar onun halal zəhmətinin məhsuludur - illərdir  Əliyevlərə xidmət edir və bu qara xidmətin əvəzində  “qazandıqları”nı bəlkə də az dəyərləndirir. Amma Ilham Əliyev nə edib ki, hələ bir fəxr eləsin də?! Gəlib, hazıra nazir olub. Daha doğrusu, hazıra baş nazir. Sonra da prezident. Bu mənada, Əli Həsənov özünü Ilham Əliyevlə müqayisədə daha halal adam kimi göstərməkdə haqsız görünmür. Üstəlik, o, bütün sərvətləri Bakıda toplayıb. Sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev demişkən, “Hamı yerli mal alsın, xeyir vətənə qalsın”.
Oğrunun da millisi, anti-millisi, vətənsevəri, ya da qatı talançısı olarmış. Əli Həsənov daha patriot oliqarx nümunəsi yaradır. Onun da ailə üzvləri haqq edirlər ki, qızıl yataqları olmasa da, klinikaları, hazırlıq kursları, başqa xidmət göstərən şirkətləri olsun. Niyə də olmasın, bu boyda cinayətlərə şərik olasan, onun səfasından dadmayasan?!

O bir nümunədir!

Əli Həsənovun bir şəkli çıxmışdı. Hazırda məhbəsdə olan Qurban Məmmədovun oğlu paylaşmışdı. Maraqlı bir qeydlə: “Atam (yəni, Qurban Məmmədov) Əli Həsənova dedi ki, sən bu Heydər Əliyevlə necə işləyə bilirsən, onun bizim millətə elədiklərini bilmirsən? O da cavabında dedi ki, neyləyək, çayı keçmək üçün ayıya dayı demək lazımdır”.
O fotoya baxın, görün, Əli Həsənov doğrudan da çayı keçib. Amma ayı kimdir, dayı kimdir - onu da özləri müəyyənləşdirsinlər. Fotodakı o biri gənc isə keçmiş xarici işlər naziri Vilayət Quliyevdir.
Əli Həsənovun yuxarıda dediyim xarici şəbəkə ilə əlaqəsinə dair tezisləri bu fakt da təsdiqləyir, o, ayıya dayı deməyi bacaran biridir. Indi niyə deməsin?

“Vətənə, millətə sədaqət”

Heç yadımdan çıxmaz, bir tədbirdə “Azadlıq” qəzetinə eyham  vuraraq, medianı başqa qüvvələrə işləməkdə ittiham edirdi. Söhbət dünya mediasında çıxan Əliyevlərlə bağlı materialların çap edilməsindən gedirdi. Əli Həsənov indi oğurluq pullarla yaradılan sərvətlərlə fəxr edir. Bax, belə olur, insan dönür-dolaşır, özünü ifşa edir. Budurmu, sizin vətənə sevginiz? Vətəni gəlir yeri kimi sevmirlər, cənab Həsənov! Bu milyoner oğlunuzun hərbi biletini çap edin görək, o, harada xidmət edib? Bir əsgərlik yoldaşı ilə şəkli varmı? Yoxdursa, bəlkə o da məşhur nurlu deputatların aldığı arayışlarla yayınıb hərbi xidmətdən? Bunu da yayın və deyin ki, onunla da fəxr edirsiniz. Siz axı cəsur adamsınız, hətta ayıbları ilə qürur duyan ilk Azərbaycan rəsmisisiniz...

Hə, bir də zəhmət olmasa, bu biznesin başlanğıcının sərmayəsi haqda məlumat verin. Görək, haradan başlamısız, məmur maaşı ilə bunu necə bacarmısız? Axı bu həm də analoqu olmayan uğurdur. Ilham Əliyev məhz sizin kimi istedadlı adamlara görə xalqın sevgisini qazana bilir. Sizin  siyasətdə yaratdığınız nümunə - “dəvə boynuna cəhrə mili demək” biznesdə də öz töhfəsini beləcə verdi. Hərçənd, siz bir siyasi texnoloq kimi yaxşı nümunə oldunuz. Bunu siyasət unutsa da, siyasət tariximiz unutmayacaq. Həm də çalışın, pula belə dərin fəxarət hissi ilə bağlanmayın, böyük sərvətlərin altındakı əjdaha heç vaxt yatmır.

İlham Əliyevə əl çatsa...

Inanın ki, belə də olacaqdı. Ilham Əliyevə də hansısa jurnalistin əli çatsaydı və Dubay villaları barədə sual versəydi, deyəcəkdi ki, əcəb eləmişəm. Mən etməyim, bəs kim etsin?! Bunu AŞ PA-dakı çıxışında sübut elədi. Ona görə də Əli Həsənova Ilham Əliyevin ələ düşən variantı kimi baxmaq lazımdır. Siyasətlə məşğul olub, sərvət sahibi olmaq varmı? Var. Ailə şirkəti qumaq varmı? Var. Bircə insaf yoxdur, gördüyü qanunsuz işə görə susmaq yoxdur. O da imkan məsələsidir, birində var, birində yoxdur. Məgər Ilham Əliyevin imkanı oldu, demədi ki, fəxr edir?

Bu, sizi ruhdan salmasın...

Bir də hörmətli həmkarlarım, adətən pis iş tutub, “yaxşı eləmişəm” deyən adamları boş buraxırlar. Çünki onları islah eləməyin mümkünsüzlüyü fikri yaranır. Sizi əmin edirəm ki, bu, düşünülmüş psixoloji gedişdir. Biz indi bu məmurların və övladlarının hərbi biletlərini tələb etməyə başlamalıyıq. Görəcəksiniz ki, nə qədər vətənpərvər “dezertir” var bu ölkədə. Bir az iradəli olsaq, mütləq effekt verəcək.
Hə, bir də o var ki, ola bilsin, Əli Həsənov sonuncu açıqlaması ilə Ilham Əliyevə söz atıb - “belə olmaq lazımdır” deyib.

Seymur Həzi/azadlıq/

1309 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
08.12.16, 12:22