Şrift ölçüsü:
A+
A
A-
Kr
29 İyun 2014

Ticarətçilər Tağı Əhmədovdan pulunu tələb edir

Şikayətçi: «Rauf Əhmədov pulumuzu bu günə qədər qaytarmayıb»

Son günlər Bakı Metropolitenin keçmiş rəhbəri Tağı Əhmədovun oğlu, Xətai Rayon Məhkəməsinin hakimi Rauf Əhmədovun rüşvət alması ilə bağlı mətbuatda gedən xəbərlərin ardı-arası kəsilmir.

“Yeni Müsavat”ın yazdığına görə, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, döngə 2, ev 3-də yaşayan Abbasov Ruslan Xalid oğlu Rauf Əhmədovun ondan iki köşkün müqabilində 40 min manat pul aldığını iddia edir: “2012-ci ilin yanvar-fevral aylarında xırda sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün ”Inşaatçılar" metro stansiyasındakı ticarət köşklərindən yer almaq qərarına gəldim. Bu barədə oradakı əməkdaşlara məlumat verdim. Mənə bu işlərlə Tağı Əhmədovun oğlu Rauf Əhmədovun məşğul olduğunu dedilər. Biz onunla “Neolit” restoranında görüşdük. Rauf Əhmədova ticarət köşkünü almaq üçün 40 min manat pul verdim. Xırda sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa başladım. Sonralar Ilham adlı dostumu da onun yanına apardım. Rauf Əhmədov bir köşkün qiymətini 17 min manatla hesablayaraq, dostuma 3 köşk satdı. Sonra qərar çıxdı ki, metro ticarəti ləğv edilir. Ondan sonra dəfələrlə vəd verməsinə baxmayaraq, Rauf Əhmədov pulumuzu bu günə qədər qaytarmayıb".

Şikayətçi Rauf Əhmədovun “qoçusu” Fərəc adlı şəxs tərəfindən təzyiqlərə məruz qaldığını bildirib: “15 gün bundan qabaq dostumla birlikdə Rauf Əhmədovun qəbulunda olduq. O, Fərəc adlı şəxs vasitəsilə pulumuzu qaytaracağı barədə bizə söz verdi. 3 gündən sonra adını çəkdiyim Fərəc özünü polis işçisi kimi təqdim edərək, bizə hədə-qorxu gəlməyə başladı. Ondan belə hərəkətlər etməsinin səbəbini soruşduqda ”gedin kimə şikayət edirsiniz, edin. Heç kəsdən qorxumuz yoxdur" cavabını verdi. Onun kimliyini araşdırdım. Yasamal rayonunda mühafizə polisində işləyir. Onun adı Ismayıldır. Adının yalandan Fərəc olduğunu deyir. Onun özbaşınalıqlarını sübut etmək üçün bizə hücum edərkən şəkli çəkilib".

R.Əhmədovdan şikayətçi olan daha bir vətəndaş isə Yasamal rayon sakini Gövhər Hümbətovadı. O, bunları deyib: “13 min manat verərək, ”Inşaatçılar" metrosundan yer almışdım. Sonra bacım qızı da 30 min manat verərək “Koroğlu” metrosundan yer aldı. Pul verdiyimiz günün səhəri Tağı Əhmədov işindən azad edildi. Indi həmin pulu ala bilmirik. Rauf Əhmədovun anası Salatın Əhmədova ilə əlaqə saxladım. O, “oğluma pul verməmisiniz” deyərək, telefonu üzümə qapatdı. Sonra nömrəmizi bloka saldı. Raufun qohumu Fərəclə əlaqə saxladım. O da telefonu üzümə qapatdı. Sanki dövlətin sahibi Əhmədovlar ailəsidir. Bütün bunlarla bağlı Tağı müəllimdə heç bir günah görmürəm. Bütün günahlar onun hakim oğlundadır. Biz sadəcə verdiyimiz halal pulumuzu geri istəyirik. 43 min manat pul verdik, amma bir gün də işləmədik. Adamın o qədər pulunu yemək olar? Belə insafsızlıq olmaz! Rauf Əhmədovun özü ilə görüşümüzə belə imkan verilmir".

Yasamal rayonu II Alatavada yaşayan Şəhriyar Məmmədov adlı şikayətçi də Rauf Əhmədovun ondan 33 min manat rüşvət aldığını iddia edir: “Bu ilin fevral ayında metroda köşk almaq üçün Rauf Əhmədova 33 min manat pul verdim. Aldığım iki köşkün hər biri üçün məndən 16500 manat pul aldı. Özüm işləmirdim. Sadəcə aldığım köşkləri arendaya vermişdim. Metro ticarəti ləğv edildikdən sonra pulumuzu geri qaytarmağa çalışsaq da, mümkün olmayıb. Etdiyimiz şikayətlərə baxan yoxdur. Belə haqsızlıq olmaz. Məhkəmə hakiminin də bu cür rüşvətxorluqla məşğul olması insanı dəhşətə gətirir”.

Xatırladaq ki, bir neçə gün öncə də Loğman Ağalarov adlı Qarabağ qazisi “Azadlıq”a müraciət edərək Rauf Əhmədovun ondan 70 min manat rüşvət aldığını bildirmişdi.
1247 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...