Şrift ölçüsü:
A+
A
A-
Kr
29 İyun 2014

“Adamı heç nə sındırmamalıdır”

«Əliyevin AŞPA-dakı çıxışı göstərdi ki, ölkənin başında sultan düşüncəli adam dayanıb»

«Heç gözləmirdim ki, prezident mənim fəaliyyətimdən belə qorxacaq və ağzımı yummağa çalışacaq»

Leyla Yunus: «Nə qədər çox tələb etsək, bir o qədər vəziyyət yaxşı olacaq»


Sülh və Demokratiya Institutunun direktoru, hüquq müdafiəçisi Leyla Yunusun dissident və hüquq müdafiəçisi kimi fəaliyyətinin 30 ili tamam olur. Istər sovet dövründə, istərsə də müstəqil Azərbaycanda minlərlə insanın pozulmuş hüquqlarının müdafiəsinə qalxan bu xanım fəaliyyətinə görə dəfələrlə təzyiqlərlə üzləşib. Son aylar hakimiyyətin bu ailəyə qarşı təzyiq kampaniyası bir qədər də şiddətlənib. Hüquq müdafiəçisi kimi fəaliyyətə başlaması və hazırda üzləşdiyi problemlərlə bağlı Leyla Yunusla geniş söhbət etdik.

- Bu il hüquq müdafiəçisi və dissident kimi fəaliyyətinizin 30 ili tamam olur. Necə oldu ki, hüquq müdafiəçisi oldunuz?
- Moskvada aspiranturada oxuyurdum. 1982-ci ildə namizədlik dissertasiyasını müdafiə etdim. 1984-cü ildən hər il gedib Moskvada Rusiya xarici siyasət arxivində işləyirdik. Orda sovet respublikalarından müxtəlif millətlərin nümayəndələri, qazaxlar, gürcülər və digərləri otururdu. Bir dəfə gətirib qarşıma kağız qoydular ki, bunu imzalaya bilərsən? Soruşdum bu nədir, dedilər bu, Krım tatarlarının Krıma qayıtması ilə bağlı müraciətdir. Krım tatarları, çeçenlər belə sənəd hazırlayırdı. Ancaq mehseti türkləri uzun müddət bunu etmirdi. Beləcə bu işi görən adamlarla tanış oldum. Sənədləri imzalamağı mənə təklif edənlər Krım tatarları deyildi. Orda gürcü, ukraynalı var idi. Onlar görəndə ki, mən düşünmədən sənədi imzaladım, dedilər biz görüş keçirəcəyik, gələcəksən? Dedim, əlbəttə. Beləcə bu adamların çevrəsinə düşdüm. Onda heç bu hərəkatın adını bilmirdim. Sonradan hərəkatın daimi iştirakçısı oldum. Bu, bolşeviklərin əsarət altına aldığı milli azlıqların hərəkatı idi. Mənə diqqətlə yanaşan, Estoniyada keçirlən görüşlərə dəvət edən adam Ukraynada demokratik dissident hərəkatının liderlərindən olan, uzun müddət həbsdə yatan Çernovol soyadlı şəxs idi. Sonra da gözəl insan Aleksandr Podrabineklə tanış oldum. Həmişə zarafat edirdim ki, mənə ilk işi o verib. O mənimlə Arifi işə cəlb etdi və biz “samizdat” olan “Ekspress-xronika”nın Azərbaycanda müxbiri işləyirdik. Ona görə də prokurorluq, yaxud KQB bizə təzyiq edəndə, pul köçürmələrindən danışanda, başa düşmürlər ki, sovet vaxtı bunu edə bilirdiksə, elə gizli fəaliyyət təcrübəmiz varsa, indi bu elə də çətinlik yaratmır. Məni dindirənlər heç təsəvvür edə bilmir ki, sovet vaxtı, kompüter olmayanda bunu necə etmək olardı. Onda ünsiyyət də ancaq telefonla idi, internetnet yox idi. Bununla belə biz bunu edə bilirdik. Əlbəttə ki, bu çox gözəl mərdlik məktəbi idi. Çünki iclaslarımızda həbsxana təcrübəsi olmayan cəmi 3 nəfər var idi. Aleksandr Podrabinek dissident hərəkatına qarşı dəlixanalardan necə istifadə olunmasından gözəl araşdırma yazmışdı. Buna görə də həbsdə yatmışdı. Orda olan ukraynalılar, litvalılar, latışlar hamısı həbsdə olmuşdu. Ona görə də bu iclaslarda əsasən susurdum. Düşünürdüm ki, yaxşısı budur qulaq asım. Ancaq hər dəfə müzakirələr zamanı mənim fikrimi soruşurdular. Cavan, təcrübəsiz adama bu qədər diqqət var idi. Indi də mən gənclərlə işləyəndə çalışıram onlara diqqət yetirim. Bu hərəkat mənə çox şey verib. Indi bütün bunları gənclərə izah etməyə çalışıram, lakin bu bir az çətindir. Həmin adamlar hətta o dəhşətli rejim qarşısında əyilmədi. Onların heç biri bu rejimin dağılacağını düşünmürdü.

“Bu gün Estoniya olduğu yerdədir, biz də olduğumuz yerdə”

- Ancaq mübarizə aparırdılar...
- Bəli. Estoniyadan bir alim var idi, biologiya elmlər doktoru, 15 il həbs cəzası almışdı. Ancaq axıra qədər həbsdə yatmadı. 1980-ci ildə həbs edilib 7 il sonra azad edilmişdi. Bu adam 80-ci ildə imza toplayırdı ki, 1980-ci ildə sovet ittifaqının işğal etdiyi Estoniyada olimpiada keçirilməsin. Azərbaycanda hər şeyi ilə risk edəcək belə elmlər doktorunu təsəvvür etmək çətindir. Estoniyada belə adamların olması onların gəncləri üçün də gözəl nümunə idi. Ona görə də bu gün Estoniya olduğu yerdədir, biz də olduğumuz yerdə. Digər tərəfdən, daima müqavimət göstərmək lazımdır. Onlardan ömrümün axırına qədər dərsi almışam ki, adamı heç nə sındırmamalıdır. Sınan, kompromisə gedən adama hörmətsiz yanaşırdıq. Ona görə də bu adamlarla ünsiyyətdən çox şey əldə etmişəm.

“Biz ölkədə situasiyanı dəyişmək istəyirik”

- Dövlət başçısının AŞ PA-da çıxışı ağır təəssürat yaratdı. Ölkə daxilində də kompromisə, hakimiyyətlə dialoqa getməklə bağlı təkliflər səsləndirilir. Hətta siyasi məhbus probleminin yeganə həll yolu kimi hakimiyyət nümayəndələri və hüquq müdafiəçilərinin birgə komitəsinin yaradılması göstərilir. Sizin bununla bağlı fikriniz nədir?
- Əli Kərimli Ilham Əliyevin çıxışına münasibət bildirəndə dedi ki, o bu çıxışla özünü avropalılar qarşısında ifşa etdi. Bu çıxış göstərdi ki, o nəinki tənqidi qəbul etmir, həmçinin irəli addım atmağa, demokratiyanın inkişafına hazır deyil. Aşkar məsələləri inkar edir. Bu fikirlə razıyam. Ilham Əliyevin çıxışı Azərbaycanın vətəndaş cəmiyyəti, real düşünən insanlar üçün çox gözəl çıxışdır. Bu çıxış aydın şəkildə nümayiş etdirdi ki, ölkənin başında praqmatik, şüurlu siyasətçi deyil, heç bir tənqid, polemika qəbul etməyən sultan düşüncəli adam dayanıb. Yalnız onun dediyini dinləməyi və farağat dayanmağı qəbul edir. Azərbaycandakı hakimiyyətin mahiyyətini axıra qədər dərk etməyən şüurlu avropalılar Əliyevin AŞ PA-da sualları cavablandırmasından sonra kiminlə işlədiklərini anladılar.

- Ilham Əliyevin belə çıxışları çox olub, sizcə, bu növbəti çıxışdan sonra situasiya dəyişəcəkmi, yəni avropalılar həqiqətənmi hər şeyi anladılar?
- Yox, düşünmək lazım deyil ki, avropalılar anladısa, deməli, bizə kömək edəcək. Azərbaycan vətəndaş cəmiyyətinin daim beynəlxalq təşkilatların köməyinə ümid etməsi doğru yanaşma deyil. Onlarla əməkdaşlıq etmək, bütün informasiyaları vermək vacibdir. Ancaq problemin 99 faizini onların həll edəcəyinə güvənmək səhvdir. Onlar bu problemləri həll edə bilməz. Həmişə Avropa qurumlarına informasiya göndərirəm. Iki gün əvvəl komissar Füledən cavab aldım ki, Maqnitski siyahınızı aldıq, hər zaman oduğu kimi bizi vaxtında xəbərdar etmisiniz və biz bu məsələni diqqətimizdə saxlayacağıq. Onlar bundan istifadə edəcək. Sabah ciddi müzakirələr başlayanda deyəcək ki, bizdə materiallar var, buna səs veririk. Ancaq bu bizim istədiyimiz deyil. Biz ölkədə situasiyanı dəyişmək istəyirik. Ona görə də özümüz hərəkət etməli və möhkəm dayanmalıyıq.

“Çalışırlar ki, siyasi məhbus siyahısı mümkün qədər balaca olsun”

- Elə bəzi hüquq müdafiəçiləri də deyir ki, məsələni özümüz içəridə həll etməliyik, hakimiyyətlə dialoqa getməliyik. Belə dialoqların perspektivinə inanırsınızmı? Yoxsa o adamları hüququn müdafiəsindən çox hakimiyyətdən az da olsa pay almaq düşündürür?
- Indi vətəndaş cəmiyyəti nümayəndələrinin beynəlxalq təşkilatların təmsilçiləri ilə görüşüdə təkcə mən demirəm ki, bizə dialoq lazımdır, Əli Həsənovla bir masa arxasında oturmalıyıq, hakimiyyət və vətəndaş cəmiyyəti nümayəndələrindən ibarət birgə komissiya yaratmalıyıq. Hətta jurnalistlərin, söz azadlığının problemləri ilə məşğul olmalı olanlar da siyasi məhbuslarla məşğul olmağa başlayıb. Çalışırlar ki, bu siyahı mümkün qədər balaca olsun. Yəni bizim QHT rəhbərlərinin Barrozo, Yaqlandla görüşündə səslənən əsas fikir, ideya ondan ibarətdir ki, simasını qorumaq üçün Ilham Əliyevə necə kömək edək. Çünki Azərbaycan QHT nümayəndələri təklif edəndə ki, gəlin hakimiyyətlə razılaşaq, bu zaman dizi üstə dayanıb hakimiyyətə yalvarırlar ki, bizimlə danış. Hakimiyyət insanları döyür, təzyiq edir, gəncləri həbsə atır. Biz də vətəndaş cəmiyyətindən eşidirik ki, gəlin danışaq, kompromis tapaq, dialoqa gedək. Yəni gəlin Ilham Əliyevin istədiyini edək. Sındırmaq, alçaldıcı şəkildə xahiş etmək, dizi üstə dayanıb hakimiyyətin ayaqqabılarını yalamaq Ilham Əliyevə simasını qorumağa kömək edir. Mənə elə gəlir bu adamlar dissident hərəkatının tarixini bilmirlər. Yalnız prezident aparatından gələn tapşırıqlar əsasında hərəkət edirlər. Ona görə də ümumi siyasi təklifi səslənir. Deyirlər siyahı balaca olmalıdır. Çünki Aqramunt axırıncı dəfə burda olanda dedi ki, o, Azərbaycanda siyasi repressiyaların 130 qurbanının siyahısının olacağına inanmır.

- Aqramuntu inandırmağa çalışmaq lazımdır, yoxsa bəziləri kimi siyahını azaltmaq üzərində işləmək gərəkdir?
- Onlara xatırlatmaq istəyirəm ki, əzizlərim, bu vəziyyət artıq təkrarlanır, sadəcə sizin yadınızda deyil. 2000-ci ildə bu dava artıq olub. Mən ikinci dəfədir bundan keçirəm. O zaman Azərbaycan Avropa Şurasına üzv olanda çox böyük polemika oldu ki, siyasi məhbus problemi ilə bağlı öhdəlik olmasın. Yalnız öhdəliklər siyahısını hazırlayan alman deputatların hesabına bu mümkün oldu. Hələ o vaxt səs-küy saldılar ki, guya mən ermənilərə işləyirəm. Çünki ermənilərin belə öhdəliyi yox idi. Ermənilərlə öhdəliklərimiz bir idi, ancaq Azərbaycanda əlavə siyasi məhbus məsələsi də var idi. Onda Leyla Yunus növbəti dəfə xalq düşməni idi. Çünki siyahılar tam fərqli oldu. 50, 250, 300 nəfərlik siyahılar var idi. Yaxşı yadımdadır, Aslan Ismayılov mənə zəng edib qışqırırdı ki, biz razılaşmalıyıq, bu nə 714 nəfərlik siyahıdır, belə ola bilməz. Ancaq 714 nəfərlik siyahını dəstəkləyən adamlar oldu və mən gördüm ki, bu tam siyahıdır. AŞ PA-nın siyasi məhbuslar üzrə məruzəçisi belçikalı deputat Corc Kleyfart və almaniyalı deputatlar çox böyük iş gördülər. Onlar 714 nəfərlik siyahının üstündə dayandılar. Onda Avropa Məhkəməsinin keçmiş hakimlərindən ibarət ekspert qrupu təyin edildi və onlar bu siyahının ən real siyahı olduğunu dedilər. Bu siyahıya təxminən 300 OMON-çu, Surət Hüseynovun işinə görə həbs olunanlar və digərlərinin adları salınmışdı. Məhz bu siyahıdan imtina etmədiyimizə görə bu gün orda adları olanlardan həbsdə 20-dən az adam qalıb. Onlar da ömürlük həbs cəzası alanlardır. Biz bu siyahıdan imtina etsəydik, 80-100 nəfərlik siyahı təklif edənlərin dediyi kimi hərəkət etsəydik necə olacaqdı? Ona görə də siyahının balaca olması ilə bağlı iddiaları irəli sürənlər ya aşkar şəkildə hakimiyyətə işləyir, ya da iqtidarın qarşısında əyiliblər və bunu anlamırlar./azadlıq/
1704 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 17:43