Şrift ölçüsü:
A+
A
A-
Kr
30 İyun 2014

"Erməni general bir villa alsa, bizim general 10 villa alsın"

Rayonlarımız qayıdır!

Azərbaycanda demokratiya tamamilə qurulub, bu haqda prezidentin çıxışından sitatı dünənki yazımızda vermişdik. Axşam baxdım ki, daha bir demokratik addım atılıb, “Yasavul” hüquq firmasının başçısı, hüquqşünas Əlabbas Rüstəmovu tutub zindana salıblar. Əlabbas bəy sosial şəbəkələrdə, media səhifələrində fəal şəxslərdən biri idi, üzləşdiyi haqsızlıqlar barədə prezidentə açıq məktub da yazmışdı. Həmin məktubdan sonra onu mütləq tutmaq lazım idi. Axı sən kimsən prezidentə məktub yazırsan?
Xülasə, Əlabbas bəyin tutulması ilə siyasi məhbuslarımız sırasına biri də əlavə olundu, demokratiya binasının hasarına növbəti daş hörüldü. “Hasar” sözünü ona görə yazıram ki, demokratiyanın artıq tam qurulduğunu bilirsiniz.

İndən belə atılacaq addımlar yalnız demokratiyanı gözəlləşdirməyə, ona yaraşıq verilməsinə sərf ediləcəkdir. Necə ki, şəhər təsərrüfatı işlərində Binəqədinin icra başçısı Xaləddin müəllim bu istiqamətdə böyük işlər görür, süni dağlar, alp çəmənlikləri qayırır, YAP-ın ofisi qarşısında qamışlıq salır, meşələrə işıq çəkir, yollara qiymətli daşlardan üzlük vurur, buludlara göy qurşağı yapışdırır, gecələr rayonun ulduzlarını üfürüb işə salır və sairə və ilaxır.

İndi bizim qarşımızda duran, nəinki qarşımızda duran, hətta böyrümüzcə gedən və bəzən də uca millətimizin arxasına keçən əsas məqsəd və vəzifə demokratiyaya aqlaydan, penoplastdan, mərmərdən üzlüklər çəkilməsidir. O cümlədən, yaxşı olar demokratiya yolumuzun bordyurları da təzələnsin, beton yerinə qranit bordyurlar qoyulsun.
Demokratiya binası tikildiyi üçün Qarabağ mövzusuna diqqətimizi yönəltmək imkanları da artmışdır. Baş qatan şeylər yoxdur. Bu baxımdan, dünən mən “Üç rayonu geri qaytaracaqlar” mövzusunda xəbərləri görəndə sevindim.

Əslində gözlənilən addımdır, çünki bundan bir neçə saat qabaq müdafiə nazirimiz Zakir müəllimin sümükqıran əmri mətbuata sızmışdı. Nəinki sızmışdı, hətta axırdı! Əmrdə deyilirdi ki, ordumuz bundan sonra hər erməni hücumuna 10 qat artıq cavab versin. Misal üçün, ordan bir patron atılsa, bizimkilər 10 patron atsınlar. Onların generalı bir villa alsa, bizim general 10 villa alsın. Erməni korpus komandiri qızının toyunu masası 250 dramlıq şadlıq sarayında keçirtsə bizim korpus komandiri 2500 manatlıq stullar sifariş eləsin və sairə.

Erməniləri qorxudan, 3 rayonumuzu geri qaytarmağa vadar edən budur. Ancaq burda da yeni bir şey yoxdur, ermənilər indiyə qədər bizim rayonlarımızı dəfələrlə geri qaytarmışdır. Əgər mətbuat səhifələrini açıb baxsanız 20 ildə bu hadisənin davamlı təkrarlandığını görərsiniz. Sadəcə, rayonların sayında cüzi fərqlər olmuşdur.

Tutalım, 2000-ci ildə ermənilər 7 rayonu qaytarıblarsa 2001-ci ildə qaytarılan rayon sayı 2-yə enmişdir. 2002-də say yenidən artıb 4 rayon olub, ancaq 2008-də yenə düşüş vardır, cəmi 3 rayondan söhbət getmişdir. 2013-cü ildə 5 rayonu qaytarsalar da indi alçaqlar yenə 3 rayonu qaytarırlar. Ən çox rayon qaytarılması isə 2003-cü ildə baş veribdir. Həmin il ermənilər bizə 10 rayon qaytarmışdır.

Məncə biz bu erməni oyunbazlığına son verməliyik, bu dəfə rayonları həmişəlik özümüzdə saxlamalıyıq. Lazımi imkanlarımız da var: Yavər müəllim Müdafiə Sənayesi Nazirliyinin xəttiylə xeyli yaba, dəryaz, zibilqabı, uşaq bezi, fıştırıq, qarşok, medal qabı, sabun qabı, tüpürcəksilən, unitaz qapağı və sairə istehsal eləmişdir.

Həm də iqtisadi analizlər göstərir ki, rayonları tez-tez qaytaranda orda amortizasiya, aşınma xərcləri çoxalır. Qaytar-ver, ver-qaytar, nə qədər olar axı? İndi söz əlaqədar təşkilatlarındır.

Zamin Hacı/musavat
1083 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
04.12.16, 16:10
Döyülən