Şrift ölçüsü:
A+
A
A-
Kr
01 İyul 2014

“Yeni Müsavat” Fərahim İlqaroğlu aksiyasına hazırlaşır

Əməkdaşımızı döydürən Aynar Məmmədovu qoruyan əmisi Ziya Məmmədova nazirlik önündə etirazlar olacaq; Təşkilat Komitəsinin rəhbəri: “Tələbimiz ondan ibarətdir ki, nəqliyyat naziri istintaqın işinə mane olmasın”
“Yeni Müsavat” qəzeti və musavat.com kollektivi iyulun 4-də Nəqliyyat Nazirliyi qarşısında keçirəcəyi etiraz aksiyasına hazırlaşır. Məlum olduğu kimi, aksiyanın keçirilməsinə səbəb əməkdaşımız Fərahim İlqaroğluna qarşı sui-qəsdin ört-basdır edilməsi, istintaqa birbaşa nazir Ziya Məmmədov tərəfindən müdaxilə edilməsidir.


Ziya Məmmədov bu hadisənin sifarişçisi olan deputat qardaşının oğlu Aynar Məmmədovu istintaqdan yayındırır. Aksiya ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Hacıbala Abutalıbova müraciət edilib.

Aksiyada istintaqın obyektiv aparılması, nazirin qardaşı oğluna himayədarlıq etmək fikrindən daşınması tələb ediləcək. Çünki aprelin 25-də yaşadığı binanın önündə vəhşicəsinə döyülən müxbirimizlə bağlı istintaqın gedişi demək olar ki, donub.
F.İlqaroğlunu döyən Feyruz Termişinin həbsi ilə istintaq işini de-yuri bitmiş bilib. Termişiyə jurnalisti döymək tapşırığını verən kikboksinq üzrə idmançı Tural Bayramov məsuliyyətə cəlb edilməyib. İdmançıya da 20 sutkalıq həbs cəzası kəsməklə məsələni bağlayıblar. Halbuki T.Bayramov jurnalisti döyməyi özbaşına qərar verməyib. Ona məhz Aynar Məmmədov tərəfindən sifariş verilib.

* * *
“Yeni Müsavat” isə Ziya Məmmədovun rəhbəri olduğu nazirliyin binası önündə davamlı aksiyalar keçirmək niyyətindədir. Aksiya ilə bağlı təşkilat komitəsinin rəhbəri, əməkdaşımız Elşən Məmmədəliyev bildirdi ki, hazırlıq davam edir:

“Biz artıq transparatları hazırlamışıq. Piketdə ”Ziya Məmmədov jurnalistin qanını batırma!", “Jurnalisti döyənlərə ar olsun!” və digər şüarlar səsləndiriləcək. Artıq piketə bir neçə təşkilatlar da dəstək verəcəklərini bizə bildiriblər.

Hələlik yalnız jurnalistlərin iştirakı ilə aksiya keçirmək nəzərdə tutulub. Sonrakı piketlərə bizə müraciət etmiş təşkilatların da qatılmasını qərarlaşdırmışıq".

E.Məmmədəliyev qeyd etdi ki, aksiyanın Nəqliyyat Nazirliyi qarşısına təyin olunması səbəbsiz deyil: “Çünki əməkdaşımızın döyülməsində nazir Ziya Məmmədovun deputat qardaşı Elton Məmmədovun oğlu Aynarın birbaşa rolu var. Məhz onun sifarişi ilə müxbirimizi Feyruz Termişi adlı şəxs döyüb. Bu müddət ərzində Aynar Məmmədovun istintaqdan yayındırılmasında nazir əmisinin xidməti var.

Ona görə də piket Ziya Məmmədovun rəhbəri olduğu nazirliyin qarşısında keçiriləcək. Tələbimiz ondan ibarətdir ki, nəqliyyat naziri istintaqın işinə mane olmasın, müdaxilə etməsin. Bu iş obyektiv araşdırılmalıdır və döyən də, döydürən də cəzasını almalıdır".
E.Məmmədəliyevin sözlərinə görə, aprelin 25-dən bu vaxta qədər istintaq bir nəticəyə gəlməyib: “Feyruz Termişi Fərahimi döymək tapşırığını kimdən aldığını polisdə üzləşdirmə zamanı etiraf edib. Deyib ki, Tural Bayramov göstəriş verib. Amma Turala 20 sutka inzibati cəza verilib, vəssalam. Onu istintaqa çağırmalıdırlar, jurnalisti döyməyi hansı səbəbdən sifariş verdiyini soruşmalıdırlar. Üstəlik, Aynarın ifadəsi alınıb, istintaq bitməmiş onun təqsirsiz olduğu elan edilib. Deməli, ən yüksək səviyyədə istintaqa təzyiq var. Biz də nazirlik qarşısında keçiriləcək piketdə istintaqa maneə yaradan Ziya Məmmədova etirazımızı bildirəcəyik”./musavat/
1214 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi