Şrift ölçüsü:
A+
A
A-
Kr
02 İyul 2014

Nikola Sarkoziyə qarşı rəsmi korrupsiya ittihamı irəli sürülüb

15 saatlıq dindirilmədən sonra Nikola Sarkoziyə qarşı rəsmi korrupsiya ittihamı irəli sürülüb

Məhkəmə müstəntiqləri Fransanın keçmiş prezidenti Nikola Sarkoziyə qarşı rəsmi olaraq korrupsiya və vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamı irəli sürüb.

“Frans Press”-in verdiyi xəbərə görə, müvafiq qərar dindirilmənin nəticəsinə əsasən verilib.

Müstəntiqlər Sarkozini rüşvət verməkdə, şəxsi məqsədlər üçün vəzifə səlahiyyətlərini aşmaqda və kommersiya sirrinin pozulması faktını gizlətməkdə ittiham ediblər.

Qeyd edək ki, Sarkozinin dindirilməsi 15 saat davam edib. O, korrupsiya ittihamı ilə aparılan istintaq çərçivəsində ifadə verib.

Qeyd edək ki, bundan əvvəl, “L'Oreal” şirkətinin keçmiş rəhbəri Lilian Betankurun etimadından sui-istifadə etməkdə ittiham olunan Nikola Sarkozi barəsində açılan cinayət işi 2013-cü ilin oktyabrında bağlanıb. Lilian Betankurun 2007-ci ildə Nikola Sarkozinin seçki kampaniyasını maliyyələşdirdiyi məlum olub.

2014-cü ilin may ayında Fransanın müxalif “Xalq Hərəkatı Naminə İttifaq” partiyasının yüksək vəzifəli üzvü 2012-ci ildə seçkiqabağı kampaniya zamanı Nikola Sarkozinin bank hesabları ilə manipulyasiyalar etdiyni etiraf edib.

Bundan başqa, N. Sarkozi onun seçki kampaniyasının keçmiş Liviya lideri Müəmmər Qəddafi tərəfindən maliyyələşdirilməsi ehtimalı ilə əlaqədar istintaqın diqqətini çəkib. Müstəntiqlər sabiq prezidentin telefon danışıqlarını dinləyərkən bəlli olub ki, işi aparan hakimlərdən biri N. Sarkozi və onun vəkilinə cinayəti işinin istintaqı barədə materialları və məlumatları ötürməyə razılıq verib. Bunun əvəzində N. Sarkozi həmin hakimə Monakoda yüksək vəzifə vəd edib.

Müasir Fransanın tarixində ilk dəfədir ki, keçmiş prezident polis tərəfindən saxlanılır./apa/
1125 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber