Şrift ölçüsü:
A+
A
A-
Kr
02 İyul 2014

“Narkomanların” siyasi birliyi

Azərbaycan rejimi özünü həmişə Putinin oxşarı kimi aparır. İndi Putin aşırı aqressivləşib, dünyaya meydan oxuyur, planetdə dövlətlərin sərhədlərini aşkar pozur, heç bir beynəlxalq qanun-qayda tanımadığını bəyan edir. Şübhəsiz, bunun zərərini Rusiya ödəyəcək. Necə ki, tarixi boyunca belə qan-qan deyən çarlarının, başçılarının bəlasına rus xalqı düşüb.

Diqqət eləsəniz, son vaxtlar yapokratiya liderlərinin ritorikası eynilə Putinvaridir. Məsələn, qabaqlar xaricdən tənqid olanda deyirdilər düzələcək, hər yerdə problem olur, demokratiya qarpız deyil bazardan alasan və sairə. İndi isə tamam inkar edirlər, dünyanı yalan danışmaqda suçlayırlar və qəti xəcalət çəkmirlər. “Yalan deyirsən, bizdə siyasi məhbus nədir, ümumiyyətlə məhbus yoxdur, qurd quzu ilə oynayır, kommunizm qurulub!”, “Korrupsiyanın kökünü tam kəsmişik, ASAN-xidmətin təcrübəsini qalaktikaya yayırıq, hər həftə Marsdan marsiançiklər gəlir, rüşvət vermədən doğum haqda şəhadətnamənin surətini çıxardıb rədd olurlar”, “Demokratiya tam qurulub, söz azadlığı 200 faizə qalxıb, sərbəst toplaşma hər gün, hər yerdə toplaşır” və sairə. İqtidarın son günlərdəki qırmızı ritorikası budur. Xoşun gəlmir, çıx get ölkədən. Ya da Kürdəxanıya, Şüvəlana göndərək. Bizdə demokratik seçim var.

Bu cür “qaza gəlməyin” səbəbi tək Putin deyil, elə öz qazımızın da təsiri var. Neft qarışıq qazımızın. Mən siyasi dustaqların məhkəmələrində neçə illərdir iştirak edirəm. Açıq görürəm ki, bu proseslərdə ədalətin, qanunların eybəcərləşdirilməsi ildən-ilə kəskinləşir. Misal üçün, 2003-cü ilin siyasi dustaqlarının hüquqları 2005-ci ildəki dustaqlardan az pozulmuşdu. Hətta eyni ilin içində fərq var. Məsələn, NİDA Vətəndaş Hərəkatına bir-iki ay qabaq hökm oxudular. İndi başqa bir eks-NİDA üzvü, Facebook sosial şəbəkəsində aktivliyinə, hakim ailəyə yönəlmiş tənqidlərinə görə şərlənib tutulan Ömər Məmmədovun prosesi gedir, burda haqsızlıq NİDA-nın 7 üzvünə qarşı olandan bəlkə 7 dəfə çoxdur. Ola bilsin Ömər rejimin caynağına tək keçib, ilk anlarda köməksiz görüblər və sairə. Bütün hallarda Ömər Məmmədova istintaqda, zindanda verilən işgəncələr, ona qarşı qanunsuzluqlar 20 ildir siyasi proseslərdə vəkillik edən Əlayıf Həsənovu da təəccübləndirib, o da dünənki prosesdə bunu hakimin nəzərinə çatdırdı.

Yeri gəlmişkən, Əlayif bəyin çıxışı çox gözəl idi, hətta bir dəfə zala toplaşanlar onu alqışladılar. Sitat: “Ömər Məmmədovu ekspertlər yoxlayıblar, rəy veriblər ki, bu adamın qanında, orqanizmində narkotik maddə tapılmadı, narkotik istifadəçisi deyil. Ardıyca isə yazıblar ki, amma buna baxmayaraq narkoloji dispanserdə uçotda durması məsləhətdir”. Doğrudan da çox əcaib bir rəydir. Oxucular bağışlasın, hətta həyasız rəydir. Narkoman olmayan adamı narkoloji dispanserə nə üçün qeydiyyata salırlar?

Əlayif bəydən növbəti sitat: “Son illər hakimiyyət siyasi proseslərdə ittiham verdiyi gənclərə adətən narkotik maddə qoyur. Belə çıxır ki, bu gənclərin hamısı narkomandır, ancaq hakimiyyəti dəyişmək istəyirlər. Dünya tarixində narkomanların hələ belə bir siyasi ittifaqı, birliyi qeydə alınmamışdı”. Zal gülür, əl çalır, hakim isə əsəbləşir. Çıxılmaz vəziyyətə, qəfəsə salınanın biri də o hakimdir. Şərə alət olmaq şərin özü qədər murdar hərəkətdir. Hətta alət daha murdardır, çünki iyrəncliyin birbaşa içindədir. Şərə nə var, bəzən o əyninə frak geyib allı-güllü salonlarda kürü yaxmacı marçıldadır, Firəngistandan gələn qonaqlarla tvist oynayır.

“Bu gənclər sabah sizi ittiham edəcəklər” - vəkilin hakimə dediyi bu sözlər də qiymətli sözlər idi.

Zamin Hacı/musavat
1246 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber