Şrift ölçüsü:
A+
A
A-
Kr
02 İyul 2014

“Harda görünüb ki, evin hasarı olmasın?”

Suraxanı icra başçısı Qarabağ əlilini intihara sürükləyir...

Hər gün bütün rəsmilərimiz tele-ekranlara çıxıb veteranlara, əlillərə göstərilən dövlət qayğısından danışır, onlara verilən evlərdən, təqaüdlərdən, yardımlardan söz açırlar. Təbii ki, bu kimi təbliğat üsulları gənclərə hərbi-vətənpərvərli hislərinin aşılanması üçün olduqca vacibdir. Xüsusilə, indiki, Qarabağdan və Ermənistan sərhədlərindən gələn atəş səslərinin getdikcə yüksəldiyi məqamda. Fəqət sabahın döyüşçüsü olacaq oğullarımız televiziya ekranlarında görüb eşitdiklərinə real həyatda da şahid olmalıdırlar. Əks halda hərbi-vətənpərvərlik təbliğatımız mənasız söz yığını, boğazdan yuxarı söylənmiş qeyri-səmimi fikir təəssüratı yaratmaqdan başqa heç bir işə yaramaz.
Təəssüflər olsun ki, ətrafımızda nəinki dövlət qayğısından uzaqda yaşayan, hətta dövlət adından çıxış edən məmurların basqı və sayqısızlığından əziyyət çəkən müharibə əlilləri və veteranlarımızın sayı xeyli çoxdur. Bunlardan biri də Qarabağ əlili Məmmədov Pəhlivan Həmzə oğludur.
Pəhlivan Məmmədov 1968-ci ildə Cəbrayıl rayonunda anadan olub. Uşaqlıqdan ermənilərə yaxın coğrafiyada yaşadığından onların necə bir xislətə sahib olduğunu anlayıb. Qonşularımızın bizə düşmən münasibətini gördükcə ürəyində bu nankorluğa qarşı müqavimət göstərmək, haqsızlığa, ədalətsizliyə qarşı mübarizə aparmaq hissi yaranıb. Elə bu hislər də onu 20 yaşında rayon polis idarəsində işləməyə vadar edib.
1988-ci ildə polis cavuşu kimi işə başlayan Pəhlivan Məmmədovun bütün iş həyatı Qarabağ döyüşlərində vuruşmaqla keçib. Cəbrayıl, Ağdam, Füzuli, Laçın, Şuşa rayonlarının müdafiəsində iştirak edib. 1991-ci ildə girdiyi döyüşlərdən birində ağır güllə yarası alıb, yarası qismən sağalan kimi yenidən cəbhəyə qayıdıb. 1994-ci ildə Azərbaycanın az saylı qələbələrindən sayılan Horadizın alınması əməliyyatında iştirak edib.
Qarabağ uğrunda döyüşlərin ilk anından son gününə qədər əlində silah vətən torpağını qoruyan Pəhlivan Məmmədovun əsl faciəsi isə müharibədən sonra başlayır. 1991-ci ildə ayağına dəyən gülləyə önəm verməyib döyüş meydanlarında şücaət göstərmək istəyən keçmiş döyüşçünün həyata önəm verməməsi düz beş ildən-müharibə bitdikdən sonra öz sözünü deyib. Vaxtında və düzgün malicə etdirməyindən yaralanmış sol ayağının sümüyü çürüməyə başlayıb. Həkimlər çarəni dizdən aşağıya qədər kəsilməkdə görüblər. Beləcə şikəst olan döyüşçü əmək qabiliyyətini də itirib. Bununla belə ailəsini dolandırmaq üçün əmək polis orqanlarında əmək fəaliyyətini davam etdirməyə çalışıb. 1998-ci ildə DİN-nin 146 saylı əmrinə əsasən Cəbrayıl polis idarəsindən Suraxanı rayon 32-ci polis bölməsinə göndərilib. Burada 2004-cü ilə qədər çətin vəziyyətdə işlədikdən sonra təqaüdə göndərilib.
Keçmiş döyüşçü hazırda 289 manat təqaüd alır. Evin tək işləyənidir. Bu məbləğlə ailəsini zor-bəlayla keçindirdiyindən özünə ev almaq imkanından da məhrumdur. Hər dəfə televiziyalarda Qarabağ əlillərinə göstərilən qayğıları, onlara verilən evləri eşitdiyindən o da bu iltifatdan yararlanmaq istəyib. Məktub yazıb kömək istəmədiyi yer qalmayıb. Pəlivan Məmmədovun Prezidentdən tutmuş Daxili İşlər Nazirinə qədər tanıdığı bütün ünvanlara yazdığı namələrin sorağı isə Suraxanı icra hakimiyyətindən gəlib. Bütün ünvanlar tədbir görülsün deyə, məktubu Suraxanı icra hakimiyyətinə göndərsələr də, şəxsən Pəhlivan Məmmədov öz yox ayağıyla icra hakimiyyətinin qapısını yağır etsə də heç bir nəticə hasil olmayıb. Ona icra hakimiyyətindən “sənə veriləcək boş evimiz yoxdur” deyilib. Nəhayət Qarabağ əlili Suraxanı rayonunun icra başçısı İlqar Abbasovla “centlimen” razılıq əldə edə bilib. Razılığa əsasən ona Qaraçuxur qəsəbəsiylə Əmircan arasında yerləşən bataqlıqda yer ayrılacaq və əlil öz imkanlarıyla bu üfunət qamışlıqları arasında daxma tikəcəkmiş.
Nə qədər qüruruna toxunsa belə razılaşmaya əməl edən keçmiş döyüşçü bütün Qaraçuxur qəsəbəsinin kanalizasiyasının axıdıldığı üfunət qoxulu məkanda kiçicik bir daxma tikib. 2006-cı ildən ağcanadlar əlindən az qala görünməyən bu daxmacıqda yaşayır. Əlində vəsait olmadığından son günlərə qədər daxmacığının ətrafını çəpərə ala bilməyən əlil nəhayət ailəsini yad gözlərdən qoruyacaq bu arzusunu reallaşdırmağın yolunu tapıb. Böyük çətinliklə də olsa Kapital bankdan 2000 manat kreditə pul götürüb daxmacığının ərtafına çəpər çəkdirib. Çəpər çəkilib başa çatdıqdan sonra isə icra hakimiyyətinin təzyiqlərinə məruz qalıb. Bu vaxta qədər əlilin daxmasını tanımayan icra hakiminin işçiləri hər gün qapısını döyərək çəpərin sökülməsini tələb ediblər. Nəhayət 01.07.2014 tarixində icra nümayəndələri həmin çəpəri özləri sökməyə qərar veriblər.
Qarabağda 1988-ci ildən 1994-cü ilə qədər ermənilərə qarşı dirənən, Horadizin alınması kimi uğurlu əməliyyatlarda iştirak edən əlil Suraxanı icra hakimiyyətinin hücumları qarşısında duruş gətirə bilməyib. Nə qədər əlləşsə də, yalvarıb-yaxarsa da, üsyan etsə də icra nümayəndələriylə dil tapmaq mümkün olmayıb. Onlar hətta əlilə fiziki güc belə tədbiq ediblər. Suraxanı icra hakimiyyətinin qolu zorlu məmurlarının sərt davranışı nəticəsində ayağındakı protezi qırılıb. Əlil indi çəpərlə yanaşı yeni protezi düzəltdirməyin dərdini çəkir.
Özünün dediyinə görə ayağındakı protezi 1996-cı ildə Almaniyanın Münxen şəhərində düzəltdirib. Dost-aşnadan, qohum-qardaşdan topladığı 17 min dollar hesabına başa gələn bu protez onun həyatının bir parçasına çevrilib. Rayon icra hakimiyyətinin qolu zorlularının güdazına gedən bu cür protezi bir daha düzəltdirə bilməz. Məcburdur ki, yeni protezi Azərbaycanda düzəltdirə. Ona nə qədər xərc çəkəcəyini isə bilmir.
Əlili ən çox ağrıdan icra başçısıyla “centlemen” razılığın birdən-birə pozulmasıdır. O, hələ də sadəlövhcəsinə başına gətirilən müsibətlərdən İlqar Abbasovun xəbərsiz olduğunu düşünür: “İnanmıram ki, İlqar müəllimin bütün bunlardan xəbəri var. Axı, onun özü mənə deyib ki, burada ev tikə bilərsən. Qarabağda döyüşmüş və sağlamlığını itirmiş bir adama bataqlığın içində yer ayrılması nədir ki, icra başçısı bunu mənə çox görsün? Mən ki, əlavə heç nə etməmişəm. Mənə göstərilən yeri çəpərə almışam. Məqsədim yoldaşımın çölə-bayıra çıxanda yad adamların gözünə görünməməsi olub. Sizcə, bundan təbii nə ola bilər? Harda görünüb ki, evin hasarı olmasın? Axı mən burada məskunlaşmaq üçün rayona rəhbərlik edən hər kəsin razılığını almışam. Bələdiyyənin keçmiş sədri İbrahim müəllim, icra hakimiyyətinin nümayəndəsi Zaur müəllim və digər rəhbər şəxslər bu işdə mənə xeyir-dua veriblər”.
Əlil onu da bildirdi ki, bir neçə il əvvəl rayon icra hakimiyyəti Qaraçuxur kanalizasiyasının axıb üfunətə qərq etdiyi bu bataqlığı qurudacağını eşidəndə xeyli sevinib. Nədənsə dövlət büdcəsindən xeyli vəsait ayrılan bu layihə də yarımcıq qalıb. Nəticədə Pəhlivan Məmmədovun narahatçılığı artıb: “Əvvəl heç olmasa kanalizasiya suları bir qədər aralıya axıdılırdı. İndi həmin sular tam evimin arxasına tökülür. Bütün Qaraçuxurun üfunəti içərisində zor-bəlayla ömürümü davam etdirirəm. Mənə niyə bunu da çox görürlər. Niyə axı bizim ölkədə əlillər özünü yandırdıqları zaman gözə görünürlər. Yoxsa məndən özümü Zaur Həsənov kimi yandırmaq tələb olunur?”
Qarabağ əlilinin bu sözlərinə cavab tapa bilmədim. Ümid edirəm ki, ya Suraxanı isra başçısı İlqar Abbasov, ya da ölkənin daha yüksək çinli məmurları onun suallarına cavab verəcək. Keçmiş döyüşçü olan Pəhlivan Məmmədov isə ən layiqli cavabı Ali Baş Komandandan gözlədiyini gizlətmir./moderator/
1272 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 09