Şrift ölçüsü:
A+
A
A-
Kr
03 İyul 2014

Gündəlik quldurlar

Polislərin peşə bayramı münasibəti ilə nazirlikdə iclas olub, orada Ramil Usubov maraqlı rəqəmlər açıqlayıb. Bu rəqəmlərə qısa baxışdan yalnız bir nəticə çıxartmaq mümkündür: rejimin Azərbaycanda yaratdığı sabitlik mifdən başqa heç nə deyil, ölkəmiz olduqca kriminal, qorxunc ərazidir. Əslində mən bunu KİV-lərdə gündəlik rastlaşdığım cinayət hadisələri faktlarından bilirəm, sadəcə, indi pis vəziyyətin yüksək rütbəli rejim nümayəndəsinin, generalın dilindən etirafı kimi qiymətləndirirəm. Buyurun, birlikdə həmin rəqəmlərə baxaq və kiçik riyazi hesablamalar aparaq.

Məsələn, nazir deyir ki, son 10 ildə polis 3 minə yaxın cinayətkar qrup və dəstə zərərsizləşdirib. 10 ildəki günlərin sayı eləsin 3650 gün. 3 min cinayətkar dəstəni bu günlərə böləndə belə çıxır ki, Azərbaycanda təxminən hər gün 1 cinayətkar qrup və dəstə zərərsizləşdirilib! Hansı sivil ölkədə belə ağır durum var? Misal üçün, İslandiyada keçən ilin dekabrında polis bir cinayətkarı yaxalamaq üçün silah tətbiq eləməyə məcbur olmuşdu, adam atışmada öldürülmüşdü. O vaxt ölkə şok keçirtdi, çünki bu, İslandiyada son... 210 ildə polisin gülləsindən ölən ilk adam olmuşdu. Bütün 2013-cü il ərzində İslandiyada cəmi 1 qətl hadisəsi qeydə alınmışdı.

Sözümün canı odur ki, R. Usubov çoxlu sayda quldur dəstələrinin yaxalanmasını guya yaxşı hal kimi təqdim edir, ancaq yaxşı cəmiyyətdə, dövlətdə belə olmur. Yaxşı dövlət odur ki, orda kriminal azalsın.

Nazirin açıqladığı başqa bir rəqəm: son 10 ildə axtarışda olan 37 mindən çox təqsirləndirilən şəxs tutulub. Azərbaycan hüquq-mühafizə orqanlarında təqsirsizliyin sübutu və ya bəraət çox nadir rast gəlinən hadisədir, o üzdən bu 37 mini elə cinayətkar sayına yazaq, bayaqkı hesablamanı burda da aparaq. 37 min cinayətkarı 3560 gün arasında böldükdə ortaya çıxan nəticə budur: hər günə 10 nəfərdən çox! Polisimiz hər gün axtarışda olan 10 nəfərdən çox şəxsi yaxalamışdır!

İndi özünüz bir daha fikirləşin ki, sabitlik, ictimai-siyasi rifah, sosial gözəlliklər bu sistemin harasındadır. Hər gün 1 quldur dəstəsi və 10 axtarışda olan cinayətkarın tutulduğu ölkənin adını... Yaxşısı budur ki, biz ana yurdumuza bu cür pis adları qıymayaq. Çünki alınmaz qalalar, sabitlik ocaqları da vardır. Bunlardan xüsusi qeyd edə bilərik Azərbaycan Yazıçılar Birliyini. 10 ildir Anar müəllim Ramiz Rövşən, Seyran Səxavət və Cəmil Həsənlinin köməyi ilə sinəsini birliyə ambrazura edibdir, quldur dəstələrinə imkan vermir ki, gəlib birliyin binasını zəbt eləsinlər. Hər sahədə belə qoçaq oğlanlarımız olsaydı nə vardı... Cənab nazirin də üzərinə yük düşməzdi.

Yeri gəlmişkən, Fərahim İlqaroğlunu döyən quldur dəstəsi bu statistikaya daxildirmi, bu haqda məlumatımız yoxdur.

Nazirdən başqa da faktlar açıqlayanlar olur. Məsələn, bugünlərdə peşə bayramı münasibəti ilə medal alan Bakı yol polisinin mətbuat katibi demişdi ki, ilin əvvəlindən 297 nömrəsiz avtomobil sürmə faktı aşkar edilmişdir. Təsəvvür edin bu nə deməkdir. Əgər o maşınlarla adam vurulsa, yaxud başqa cinayət törədilsə necə tapa bilərsən? Adamlar isə sərbəst şəkildə nömrəsiz avomobillə küçəyə çıxırlar. Bu arxayınçılıq nədən yaranıb? Bəlkə “beş-on manata yola verərik, bitər” məntiqindən?

Sosial qeyri-bərabərlik, görünməmiş miqyasda korrupsiya, müftə neft gəlirlərindən yaranan harınlıq, traybalizm, repressiyalar Azərbaycanda dözülməz həyat şəraiti yaradıb. Məşhur aforizmdə deyilən kimi, cəmiyyət iki halda korlanır, cinayətkara cəza verilməyəndə, günahsız isə cəzalandırılanda.

Təəssüf ki, indi bizdə bu iki halın ikisi də var.

Zamin Hacı/musavat
1418 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı