Şrift ölçüsü:
A+
A
A-
Kr
04 İyul 2014

“Sovetski”: halal və haram...

Hakimiyyət bu dəfə də zora, harama əl atdı?!

Hakimiyyət xislətinə sadiq qalaraq vədinə xilaf çıxdı: “Sovetski”ni hasarlatdı... Əvvəlcə “heç kəsin buradan zorla köçürülməyəcəyi” tapşırığını verən iqtidar indi sökülən-sökülməyən bütün evlərin qarşısını dəmir şiferlə qapatdı... Insanların qapısını, pəncərəsini, nəfəsini qapatdı... Hakimiyyət bu dəfə də zora əl atdı, harama əl atdı?!

“Sovetski” camaatını tanımayan və ya tanımaq istəməyənlər hansı hərəkətə yol verdiklərinin, öz əllərilə özlərinə hansı pislik etdiklərinin fərqində deyillər! Dinə-imana, halal-harama həssas bir topluma xəyanət etməyin bədəli çox ağır olacaq, şübhəsiz!

Niyə “Sovetski”! Niyə “Sovetski” camaatı?!

...Bu gün Azərbaycanda hamı “Gülən camaatı” deyilən bir icmanın maddi-mənəvi qüdrətindən, hakimiyyətə təhlükəsindən danışır. “Sovetski” camaatı da belə bir icmadır; bu camaat öz ərazisi daxilində özünüidarə hüququ olan birlikdir, təşkilatdır. Bütün zamanlarda belə olub və bu hüquq təbiətən, tarixən əldə edilib.

“Sovetski” camaatı yad rəhbərliyə, saxta qayda-qanunlara həmişə itaətsizlik nümayiş etdirib, öz şərtlərini diktə edib. Ona görə də bu camaat sovet hakimiyyəti üçün ilk zamanlardan başağrısı olub və “Sovetski”nin yox edilməsi planları elə həmin illərdə açıq-gizli şəkildə gündəmə gəlib.

Niyə bu küçənin adı “Sovetski”dir, bilən varmı? Bakının mərkəzində abad küçələr ola-ola niyə möhtəşəm sovet dövlətinin adı bu köhnə və görkəmsiz küçəyə verilib? Hələ bu azmış kimi, Azərbaycanda sovet hakimiyyətinin banisi Nəriman Nərimanovun əzəmətli heykəli də məhz bu küçədə ucaldılıb?!

Əvvəla, bu küçənin ilk adı “Təzəpir” olub - ətrafda yerləşən məşhur məscidin adını daşıyıb. Deməli, sovetləşdirilən Azərbaycanın paytaxtında dini bir məna verən küçə adı qala bilməzdi. Üstəlik, bu küçənin camaatının mentaliteti - yada boyun əyməmək, satılmamaq, yaltaqlanmamaq; zorun qarşısında sınmamaq, geri çəkilməmək kimi keyfiyyətləri xain hakimiyyəti qıcıqlandırmaya bilməzdi. Lakin adı dəyişdirilərək “Sovetski” qoyulan bu küçə yeni adına bənzəmədi; nəinki bənzəmədi, əksinə, öz tərzi ilə “sovetski” sözünü belə aşındırdı... Bu söz Bakıda üsyankarlığın, itaətsizliyin sinoniminə çevrildi.

“Sovetski” camaatında sovet hakimiyyətinə qarşı həmişə nümayişkaranə etiraz olub. Bu, bəlkə də şüuraltı bir hərəkat olub, ancaq bu barışmazlıq camaata babalarından miras qalıb... Həmin babalar ki, vaxtilə “müsavatçı”, “pantürkist”, “mülkədar”, “tacir” adı ilə damğalanıblar. Bəli, “Sovetski”dən çox belə insanlar didərgin salınıb, məhv edilib. Sanki onların övladları da qisas olaraq elə sovet hakimiyyətinin adını daşıyan bu küçədə itaətsizlik nümayiş etdirib, inzibati-amiranə idarəetməyə tabe olmayıblar.

1970-ci illərdə SSRI-nin rəhbəri Brejnevin “Sovetski”dəki nəhəng portretini elə bu küçənin dəliqanlıları nahaq yerə od vurub yandırmamışdılar ki? Buranın sakinlərini həmin illərdə də kütləvi şəkildə Bakının kənarına - Əhmədli yaşayış massivinə köçürmək istəyiblər; əlbəttə, camaat razılaşmayıb və köçürülmə baş tutmayıb... Daha sonralar sovet dövlətinin ildən-ilə pisləşən maliyyə-iqtisadi vəziyyəti də bu köçürülmənin reallaşmasına imkan verməyib; axı, köçürülənlər üçün dövlət hesabına saysız-hesabsız binalar tikilməli idi...

Insafən, o illərdə indikindən fərqli olaraq hökumət kimsənin evini zorla özününküləşdirə bilməzdi. Həm də köçürüləcək insanlar mütləq qaydada dövlətin tikdiyi yaşayış binalarında yerləşdirilərdi, kimsə evindən çölə atılmazdı...

Ancaq bir şey yəqindir ki, sovet hakimiyyəti kimi, onun törəməsi olan indiki hakimiyyət də əzəldən “Sovetski” camaatına ögey olub. Indi nə qədər acı olsa da reallıqdır: azman sovet dövlətinin başa vura bilmədiyi deportasiya siyasətini indiki cırtdan hakimiyyət tamamlayır; o da acı həqiqətdir ki, dikbaş bakılılar elə Bakının mənimsənilən sərvəti hesabına, neft dollarları gücünə Bakıdan didərgin salınırlar... Bəhrəsini yadların gördüyü neft?!

Etiraf edək ki, indi “Sovetski” də əvvəlki zəhmini, monolitliyini qoruyub saxlaya bilməyib. “Ruhu öldürülmüş Azərbaycan”ın hər bir guşəsi kimi, o da deqradasiyaya məruz qalıb, tənəzzülə uğrayıb... Ancaq o ruh yenidən doğulacaq, öz yerini tutacaq. Hansı şəkildə olursa-olsun, “Sovetski” camaatı ata-baba yurduna bir gün dönəcək, halal torpağına qovuşacaq... Çünki onlardan bu torpağın halallığı alınmayıb, burda məskən quran babalarının ruhu incik salınıb...

“Sovetski” camaatı üçün bu, üstündən ötüləsi məsələ deyil... Axı, məlum görüşdə baş nazirin müavini Abid Şərifov da “Sovetski” camaatının “burda hotel tikmək istəyənin Allah bəlasını versin” qarğışına “amin” deyərək dəstək vermişdi. Ancaq əvvəlcə bu torpaqları yalnız dövlətin satın alacağı vəd olundusa, indi isə “Sovetski”nin bir hissəsinin oliqarx-məmura verildiyi məlum olub... Indi hökumət bu qarğışın altından necə çıxacaq?

...Bakıda 1920-ci ildə sovet rejimi qurulan zaman şura hökuməti varlı şəxslərin evlərini müsadirə edərək fəhlələrə paylayırmış. Yerli müsəlman əhali bunu haram saydığından təklifi rədd etmiş, yalnız rus, erməni və digər qeyri-müsəlmanlar həmin evlərə yiyələnmişlər. Ancaq sovet hökumətinin axır zamanlarında Bakıdakı məlum hadisələr nəticəsində həmin evlər onların da əlindən çıxmış oldu.

Qoy indiki hakimiyyət də, oliqarx-məmurlar da unutmasınlar: “Sovetski” camaatını aldadanlar bu torpaqda rahatlıq tapmayacaqlar; “Sovetski” camaatının lənəti hər zaman üstünüzdə olacaq. Buranı cənnətə çevirsəniz belə...

Şövkət Məmməd/azadlıq
1719 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
06.12.16, 00:02
BU DƏFƏ &