Şrift ölçüsü:
A+
A
A-
Kr
04 İyul 2014

Prokuror Həsən Hüseynliyə 7 il həbs cəzası istədi

İyulun 4-də Gəncənin Nizami Rayon Məhkəməsində “Kamil Vətəndaş” Maarifləndirmə Mərkəzinin rəhbəri Həsən Hüseynlinin işi üzrə proses davam edib.

Həsən Hüseynliyə silah tətbiq etməklə xuliqanlıq və qanunsuz olaraq soyuq silah gəzdirmə ittihamı irəli sürülüb.

QHT rəhbəri qeyd edir ki, bu il martın 31-də ona qarşı təxribat olub. Onun sözlərinə görə, Gəncədə, Mərkəzi Poçtun yaxınlığında 35-40 yaşlarında bir adam (Gəncə sakini Arzu Qəhrəmanov) ona yaxınlaşaraq söz atıb, söyüş söyüb, daha sonra güc tətbiq edib. Elə həmin gün polisə üz tutan Arzu Qəhrəmanov Həsən Hüseynlinin onu bıçaqla vurduğunu iddia edib.

Vəkil Elçin Sadıqov bildirib ki, bugünkü prosesdə dövlət ittihamçısı Həsən Hüseynlinin 7 il azadlıqdan məhrum edilməsi təklifi verib: “Çıxışa hazırlaşmaq üçün vaxt istədik. İyulun 11-nə qədər vaxt verildi. Növbəti iclasda vəkillər çıxış edəcək. Həsən Hüseynli də son sözünü həmin gün desə, hökm oxuna bilər”.

Elçin Sadıqov əlavə edib ki, Həsən Hüseynliyə qarşı irəli sürülmüş ittiham öz təsdiqini tapmayıb: “Həsən Hüseynlinin cinayət törətməsi ilə bağlı heç bir sübut yoxdur. İstintaqın məhkəməyə təqdim etdiyi sübutlar arasında kəskin ziddiyyətlər var. Prosesdə şahidlər bir-birinin ifadəsini təkzib edirdi. Bıçağın kimə məxsus olması ilə bağlı istintaq orqanında heç bir sübut yoxdur. Hesab edirik ki, prokurorluğun açıq-aşkar sübut olmadan Həsən Hüseynliyə belə ağır cəza istəməsində böyük bir sifariş var. Həsən Hüseynlini cəmiyyətdən təcrid etmək istəyirlər”./mediaforum/
1285 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber