Şrift ölçüsü:
A+
A
A-
Kr
04 İyul 2014

Siyavuş Novruzovun “palatka”sı

Yaxud Əli Kərimli niyə narahat olub?

ATƏT Parlament Assambleyasının iclaslarının keçirildiyi “Fairmont” otelində təşkilatın təmsilçiləri ilə AXCP sədri Əli Kərimlinin görüşünə imkan yaradılmaması geniş müzakirəyə səbəb oldu.

Bununla bağlı ilk reaksiya Danimarkalı deputat Kartsen Lauritzendən gəldi: “Nümayəndə heyətimiz Azərbaycan hökumətinin müxalifət liderinə təzyiq etdiyini gördü. Danimarka nümayəndələri olaraq AXCP sədri Əli Kərimlini sessiyanın keçirildiyi hotelə dəvət etdik. Amma onu hotelə buraxmadılar. O, müxalifət partiyasının lideridir, heç bir şeydə günahlandırılmır. Biz sadəcə dialoq aparmaq istəyirdik. Bunun özü də Azərbaycanda böyük problemlərin olduğunu bir daha göstərir”.

Təbii ki, baş verənlərdən Əli Kərimli uduşla çıxdı, hakimiyyət isə növbəti dəfə ifşa olundu. Ancaq həmişəki kimi YAP-ın ağır topu, hakimiyyətin alovlu təmsilçisi Siyavuş Novruzov məsələyə “müdaxilə” etdi və “orijinal” fikirlər səsləndirdi. Hesab edirəm ki, bu adamın açıqlamalarını, müsahibələrini bir yerə yığıb kitab halına salmaq lazımdır. Gələcək nəsillər bu “fenomen”i tanımalıdır.

Qayıdaq cənab Novruzovun otel biabırçılığına verdiyi qiymətə: “Əli Kərimli üçün ATƏT PA-nın keçirdiyi nüfuzlu tədbir palatka toyu deyil, bu cür tədbirlərin keçirildiyi binada görüşlər üçün öncədən rəsmi qeydiyyatdan keçməli idi. Əli Kərimli görür ki, artıq Bakı nüfuzlu beynəlxalq tədbirlərin mərkəzinə çevrilib, güclü təşkilatçılıq mövcuddur, başlayır narahat olmağa”- deyə Siyavuş müəllim bildirib.

Dəhşətli reallıq bundan ibarətdir ki, Siyavuş Novruzov uzun illər parlamentdə oturmasına baxmayaraq, hələ də palatka təfəkküründən azad ola bilməyib. Elə buna görə də ölkəni palatka kimi idarə edirlər.

Ancaq insafən demək lazımdır ki, Əli Kərimli ilə bağlı məsələyə Siyavuş müəllim obyektiv yanaşıb və həqiqəti etiraf edib.

Həqiqətən də son günlər baş verənlər Əli Kərimlini narahat edir. Çünki bu beynəlxalq tədbirlərdə Azərbaycanın adı növbəti dəfə “qara siyahı” ya düşür, Azərbaycan korrupsiya indekslərinə görə “lider”lik edir, dünyanın nüfuzlu nəşrləri Azərbaycan deputatlarının “kürü diplomatiyası”na istinad edir, Azərbaycan dünyanın siyasi xəritəsində antidemokratik, avtoritar dövlət kimi möhürlənir. Bütün bunlar təbii ki, Əli Kərimlini narahat edir və bu narahatlığa görə də hakimiyyətlə mübarizə aparır.

Palatka məsələsinə gəlincə, Siyavuş müəllim yenə də haqlıdır. Həqiqətən də Əli Kərimli Siyavuş Novruzovdan fərqli olaraq belə tədbirlərə palatka toyu kimi yox, ciddi siyasi müzakirələrin aparıldığı məkan kimi baxır.

Ancaq ümumi mənzərə onu göstərdi ki, bu tədbirin keçirilməsindən ən çox hakimiyyət narahat oldu. Bəli, Anar Məmmədlinin həbsində siyasi motivlərin olması ilə bağlı ATƏT-in qanununa 44-cü düzəlişin edilməsi, ATƏT-in ofisinin Bakıda açılması və mandatının yenilənməsi ilə bağlı qərarın qəbulu, Rusiya əleyhinə qətnamənin qəbul edilməsi hakimiyyəti ciddi narahat etdi. Çünki Azərbaycan hakimiyyəti bütün bu qərarların qəbulunun əleyhinə səs vermişdi. Üstəlik, Əli Kərimlinin də otelə təşrif buyurması, hakimiyyətin “təzyiq”ini daha da artırıb.

Bütün bunların nəticəsidir ki, Siyavuş Novruzov hirsindən oynamaq istəyir. Elə buna görə də “palatka” yadından çıxmır.

Siyavuş müəllim narahat olmayın. Toy da olacaq, “molotov kotleti” də.

İlham/azadlıq

P.S. Az qala yadımdan çıxmışdı. Bu tədbirdə hakimiyyəti sevindirən hallar da olub. Məsələn, YAP-çı deputat Eldar İbrahimli sevincək halda deyib: “Xüsusilə də torpaqlarımızı işğal edən, Ermənistandan gələn həmkarlarımız bizdən razı getdilər”.
1422 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.